Ötən gün Liviyada bu yaxınlarda keçirilmiş parlament seçkilərinin yekun nəticələri açıqlanıb.Ümumi nəticələrə görə, 2011-ci ildə milli keçid şurasında baş nazir vəsifəsini tutmuş Mahmud Cibrilin partiyası seçkilərin qalibi olub.
Belə ki, onun Milli Qüvvələr İttifaqı partiyası Liviya Milli Məclisinə 39 mandat əldə edib. Ən çox səs toplamış ikinci partiya isə 17 yerlə Müsəlman Qardaşlığı hərəkatının siyasi qanadı olan Ədalət və Quruculuq partiyası olub. Kiçik fraksiyalar isə ümumilikdə 24 mandata sahib çıxıb. Qeyri rəsmi məlumatlarda seçkilərdə ümumilikdə 33 qadının deputat seçildiyi bildirilsə də, seçki komissiyası müstəqil namizəd qismində yalnız bir qadının namizəd seçildiyini açıqlayıb. Sürpriz nəticə keçmiş cihadçı və qiyamçı komandir Əbdül Hakim Belhacın rəhbərlik etdiyi Milli İslamçı partiyanın heç bir yer əldə edə bilməməsi olub.
200 üzvlük Assambleyanın qalan yerlərini isə müstəqil namizədlər tutacaq. Parlamentin əsas tapşırığı Milli keçid şurasını əvəz edəcək höküməti qurmaqdan ibarət olacaq.


