Rayon sakini ölümcül döyülərək xəstəxanalıq olub; Polis və prokurorluq hadisəni ört-basdır edir
Kürdəmir rayonunun Carlı kənd sakini Mənsuma Imanverdiyeva “Azadlıq”a müraciət edib. O, həyat yoldaşı Əhliman Imanverdiyevin başına gətirilən dəhşətli hadisədən yazıb. Redaksiyamıza onun yaralı şəkillərini də təqdim edən şikayətçi köməksiz Azərbaycan qadını və vətəndaşı olaraq ona bir ana kimi kömək olunmasını xahiş edib. Hadisənin mahiyyətisə belədir:
“Həyat yoldaşım Əhliman Imanverdiyevi keçən ayın 26-da iki nəfər kənd sakini – Səxavət və Azər Abdullayev qardaşları vəhşicəsinə döyərək pis hala salıb. Onlar Əhlimanı ölümcül vəziyyətə salaraq heç bir yardım etmədən atıb qaçıblar. Aldığı dözülməz zərbələrdən şoka düşən və huşunu itirən həyat yoldaşım bir neçə saatdan sonra özünə gəlib və sürünə-sürünə evə çatıb. O evə çatanda onu tanımadım, çünki al-qan içində idi. Sonradan isə onun Əhliman olduğunu görəndə oğlanlarıma zəng elədim və onu Kürdəmir Rayon Xəstəxanasına çatdırdıq. Həkimlərin köməyi və ilk yardımı nəticəsində Əhlimanın həyatı xilas edildi.
O, bir neçə yerindən ağır bədən xəsarəti alıb, beynində titrəmə, sağ tərəfində səkkizinci qabırğa sınığı, çənə və dişlərin qırığı, bədən nahiyəsində saysız-hesabsız qaraltılar aşkarlanıb.
Qeyd edim ki, Abdullayev qardaşları ilə həyat yoldaşım arasında bir müddət öncə yüngül mübahisə olub və hamı buna əhəmiyyətsiz yanaşıb. Səxavət Abullayev Sankt-Peterburqda yaşayır və kəndə gələrək qardaşıyla birgə bu hadisəni törədib. Cinayəti törədənlər barədə polisə və prokurorluğa dəfələrlə müraciət etmişik. Amma heç bir əməli tədbir görülməyib. Həmin qardaşların izahatı alınaraq sərbəst buraxılıb. Məhkəmə isə “yüngül bədən xəsarəti”ylə məhdudlaşıb. Bizim xəbərimiz olmadan keçirilən məhkəmədən narazılığımızı bildirəndə isə qarşı tərəf işin təkrar polisə qaytarılmasını bildirir. Bir Azərbaycan vətəndaşı olaraq xahiş edirəm ki, mənə bu çətin və tənha vəziyyətimdə kömək edəsiniz. Həyat yoldaşım hələ də xəstəxanadadır, vəziyyəti qismən düzəlib, amma tam hərəkət iqtidarında deyil. Düşdüyümüz vəziyyətin aidiyyəti orqanlara rəsmi formada çatdırılmasını xahiş edirəm”.
Sosial şöbə