kamal-ismet

İki nazir arasında savaş böyüyür

“Fövqəlnazir”ə yaxın politoloqun ittihamlarına İsmət Abbasovun sözçüsü sərt cavab verdi

Murtuzəli Hacıyev: “Yalnız şeytanlar şeytan yuvasının necə olduğunu gözəl bilər”

Kənd Təsərrüfatı Nazirliyinə (KTN) qarşı ünvanlanan ittihamlara qurumun mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev cavab verdi. Qeyd edək ki, bir neçə gün əvvəl KTN-in bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev mətbuata açıqlamasında Azərbaycana xarici ölkələrdən gətirilən kartof məhsulunun keyfiyyətsiz olduğunu bildirmişdi.
Xatırladaq ki, nazirlik bir müddət əvvəl ölkəyə gətirilən buğdanın da heyvan yemi olması barədə bəyanat vermişdi. O zaman bu bəyanat böyük hay-küyə səbəb olsa da, nazirlik heyvan yeminin Azərbaycana buğda adı ilə gətirənlərin konkret kimlər olduğunu açıqlamamışdı.
O da məlumdur ki, ərzaq məhsullarının, meyvə-tərəvəzin Azərbaycana idxal olunması ilə adi sahibkarlar məşğul olmur. Bu, hakimiyyətdəki məmur-oliqarxların nəzarətində olan sahədir. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərov xüsusilə seçilir. Ona görə KTN-dən gələn bu açıqlamalara cavab özünü çox gözlətmədi. Və nazirə yaxınlığı ilə seçilən politoliq Cümşüd Nuriyev “Reytinq” qəzetinin sonuncu sayında KTN-ə qarşı sərt ittihamlar səsləndirdi.
Bir sıra ekspertlərin fikrincə, hazırda cərəyan edən proseslər kənd təsərrüfatı naziri Ismət Abbasovla Kəmaləddin Heydərov arasında uzun müddətdir mövcud olan ziddiyyətlərin təzahürüdür. Baş verənlərin səbəbi isə K.Heydərovun KTN-ni ələ keçirmək cəhdləridir. “Fövqəlnazir” bu posta yaxın çevrəsinə daxil olan deputat Eldar Ibrahimovu təyin etdirmək istəyir.

İsmət Abbasov “şeytan idarəsi” yaradıb

“Reytinq”ə müsahibəsində nazirliyi korrupsiyalaşmış qurum hesab edən C.Nuriyevin söylədiklərində I.Abbasova qarşı açıq təhqir elementləri də yer alıb: “Kənd Təsərrüfatı naziri bir şeytan idarəsi yaradıb. Ona görə də yalan baş alıb gedir. O qədər yalan danışıblar ki, özləri öz yalanlarına inanırlar”.
Bundan başqa, KTN-in açıq şəkildə “pripiska” ilə məşğul olduğunu deyən Cümşüd Nuriyev nazirliyin kənd təsərrüfatının inkişafı ilə bağlı yaydığı hesabatların şişirdildiyini düşünür: “Şişirdirlər ki, guya hər sahədə artım var. Əgər kənd təsərrüfatında belə artım varsa, niyə bu qədər problemlər ortaya çıxır? Məsələ ondadır ki, bunlar rayon icra başçıları ilə də alver edirlər. Ancaq bu sahədən məlumatı olan adamlar çox gözəl bilirlər ki, kənd təsərrüfatı sektorunda böyük bir korrupsiya şəbəkəsi yaradılıb. Deməli, pul dairəvi şəkildə ötürülə-ötürülə miqdarı artırılır. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi heç bir işlə məşğul olmur”.
Cümşüd Nuriyev deyir ki, nazirlik kənd təsərrüfatını inkişaf etdirmək əvəzinə, hardan, necə əlavə pul qazanmaq, nəsə mənimsəmək haqqında fikirləşir: “Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrini kağız üzərində şişirdib, ancaq real əkin sahəsi azdır. Saxta rəqəmlərlə həm hər hektar üçün verilən 40 manatı, həm də yanacağın pulunu mənimsəyirlər. Elə sahələr var ki, sənəddə taxıl sahəsi kimi göstərilirsə də,  10 ildir ki, orda heç nə əkilmir”. Göründüyü kimi, Kəmaləddin Heydərovla Ismət Abbasov arasında qarşıdurma davam edir. Bu qarşıdurmanın səbəbləri barədə “Azadlıq” ötən saylarında yazıb. Bir daha qeyd edək ki,

Kənd Təsərrüfatında inkişafı görməmək korluqdur

C.Nuriyevin dedikləri ilə bağlı KTN mətbuat xidmətinin rəhbəri M.Hacıyev bildirdi ki, C.Nuriyevin söylədikləri reallıqdan tam uzaqdır. M.Hacıyev eyni zamanda C.Nuriyevin ittihamlarına da olduqca sərt cavab verdi: “Mən biləni Cümşüd müəllim kənd təsərrüfatı eksperti yox, coğrafiya müəllimidir. Digər tərəfdən, tövsiyyə edərdim ki, Cümşüd Nuriyev öncə nazirlikdə vəzifə tutduğu zaman kənd təsərrüfatının vəziyyətinin necə olduğunu və indi hansı dəyişikliklərin baş verdiyinə nəzər salsın. Bu kifayət edər. Bu baxımdan onun söylədiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Cümşüd Nuriyev Kənd Təsərrüfatı Nazirliyini şeytan yuvası adlandırır. Bu, təhqirdir. Başqa tərəfdən, yalnız şeytanlar şeytan yuvasının necə olduğunu gözəl bilər. Kənd Təsərrüfatı Nazirliyində böyük mütəxəssislər ordusu çalışır. Ona görə belə təhqiramiz ifadəyə yol vermək yaraşmaz”.
C.Nuriyevin KTN-də korrupsiyanın geniş vüsət alması ilə bağlı fikirlərinə də münasibət bildirən M.Hacıyev bildirdi ki, kənd təsərrüfatında istehsal olunan malların 99 faizi özəl sektorun payına düşür. Yəni kənd təsərrüfatı nazirliyinin tabeçiliyində nə kolxoz, nə sovxoz var. Bu baxımdan KTN yalnız aqrar siyasəti həyata keçirən bir orqandır: “Nazirlər Kabinetinin subsidiyalaşma ilə bağlı təsdiq etdiyi qaydalar var. Həmin qaydalarla bu proses tənzimlənir. Digər tərəfdən, subsidiyaların verilməsini yalnız Kənd Təsərrüfatı tənzimləmir. Bu məqsədlə formalaşan komissiyada Maliyyə Nazirliyinin, Statistika Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və digər strukturların nümayəndələri iştirak edirlər. Yəni o komissiyanın qərarı əsasında bu subsidiyalar verilir. Mülkiyyətçilər də bu subsidiyaları həmin plastik kartların vasitəsilə alırlar. Bu da prosesdə şəfafflığın təmin olunmasına görədir”.
Ötən müddət ərzində “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaranmasının kənd təsərrüfatının inkişafına müsbət təsir göstərən əsas faktorlardan biri olduğunu düşünən M.Hacıyev qeyd etdi ki, məhz bu xətlə gübrələr, yüksək məhsuldarlığı olan damazlıq mal-qara Almaniya, Avstriyadan gətirilərək güzəştli şərtlərlə fermerlərə verilir. “Bütün bu inkişafı görməmək özü bir korluqdur”,- deyə M.Hacıyev vurğulayıb.

Hikmət