8-ci kilometr bazarında işləyənlər Kərəm Həsənova şikayətləndilər
8-ci kilometrdə yerləşən bazarın 100-dən çox satıcısı dünən Prezident Administrasiyasına yürüş etdi. Səbəb isə “vosmoy bazarı” kimi tanınan bu ticarət mərkəzində piştaxta önündə mal satanlardan 2 min manat tələb olunmasıdır. Rəhbərliyin bu tələbini qəbul etməyən şəxslər məsələnin hüquqi müstəvidə həllinin tərəfdarıdır. Ona görə də Prezident Administrasiyasına üz tutmuşdular.
“Bazarın ağası mənəm, kimə istəyirsən, get, şikayət elə…”
Satıcılar Heydər Əliyev Fondunun qarşısında yerləşən parka toplaşıb, Prezident Administrasiyasına doğru hərəkət edəcəkdilər. Ancaq polis bu plandan xəbər tutub onların qarşısını kəsdi. Satıcılara təklif olundu ki, onlardan bir neçəsi Administrasiyada müvafiq şəxslərlə görüşə bilər. Buna etiraz etməyən satıcılar aralarından üç-dörd nəfəri Prezident Administrasiyasına göndərdilər.
Onlar Administrasiyada olduğu müddətdə biz digər satıcılarla söhbətləşdik. Satıcılar deyirlər ki, bazarın rəhbəri Rasim Məmmədov heç bir səbəb göstərmədən onlardan 2 min manat tələb edir. Onlar dəfələrlə bazar rəhbərliyinin qəbuluna gedib buna etirazlarını bildirsələr də, nəticə dəyişməyib: “Bizə dedi ki, ”buranın ağası mənəm, kimə istəyirsiniz, gedin şikayət eləyin”. Məcbur qalıb Nizami Rayon Icra Hakimiyyətinə üz tutduq. Başçının müavini ilə görüşdük. O, bizim yanımızda Rasim Məmmədovla əlaqə saxladı. Ancaq heç bir nəticə hasil olmadı. Bir sözlə, bazarın şefi başçının müavininin sözünü qulaqardına vurdu. Sonda məcbur qalıb bura üz tutduq…”
Satıcı Fikrət Babayev deyir ki, onlar hər ay 200 manat yerpulu ödəyirlər: “Indi də bizdən 2 min manat istəyir. Deyir ki, pulu verməsək, piştaxtada alver eləməyə imkan verməyəcək. Piştaxta işlədənlərin əksəriyyəti məcburi köçkünlərdir. Hamısının külfəti var. Bu qədər insanı niyə işsiz qoyurlar?”
Başqa bir satıcı Kamal Fərzəliyevin sözlərinə görə, “2 min manat” söhbəti bir neçə ay bundan əvvəl də vardı: “Bizdən bu pulu istəyəndə razı olmadıq. Rasim Məmmədov iki piştaxtanı birləşdirdi. Yəni, iki satıcı bir piştaxtada alver etməli idi. Məqsəd isə satıcılar arasında nifaq salmaq idi. Ancaq bununla heç nəyə nail olmadı. Biz birtəhər dözüb alverimizi elədik. Bu üsulla 2 min manat cibinə daxil olmadığı üçün bütün piştaxtaları ”svarkalatdırdı”. Indi alver eləmək olmur”.
Kərəm Həsənovla görüşdülər, problemləri həll olundu…
Satıcıların sözlərinə görə, 8-ci kilometr bazarı Bakıda ən çox yanğına məruz qalan bazardır: “Bizim işlədiyimiz bazar dəfələrlə yanıb. Hər dəfə ziyan çəkən isə bizim kimi kasıb-kusub satıcılar olub. Sonuncu dəfə yanandan sonra yenə öz hesabımıza təmir elətdirdik. Dükanların üstü şüşədən idi. Biz rəhbərliklə danışdıq ki, şüşələri ya şiferlə, ya da lambirinlə əvəzləsinlər. Razılaşdılar, üstəlik hərəmizdən 20 manat da pul topladılar. Ancaq heç bir iş görmədilər. Yəni, dükanlarımız indi də elə əvvəlki kimidir. Istidən ət xarab olur. Biz onu alıcıya necə sataq? Məcbur olub bir gün üçün mal sifariş veririk ki, həm çox ziyana getməyək, həm də müştərilər bizdən qaçmasın”.
Satıcı Zəfər Təhməzov da Rasim Məmmədovun tələb etdiyi 2 min manatın hansı əsasla yığıldığını anlaya bilmir: “Bizə heç nə demirlər. Dedikləri bir kəlmədir ki, ”2 min manat ver”, vəssalam”.
Az sonra Prezident Administrasiyasından çıxan satıcılar bildirdilər ki, onları Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndəriblər: “Bizi orada Faiq adlı bir şəxs qəbul edib, dinləyəcək. Ancaq biz bununla razı deyilik. Istəyirik ki, komitənin sədri Kərəm Həsənov bizi qəbul etsin”.
Bundan sonra satıcılar Əmlak Komitəsinə doğru yürüş etdilər. Yolda dəfələrlə Faiq adlı şəxs əlaqə saxlayıb onları idarədə gözlədiyini desə də, satıcılar razı olmadılar.
Komitəyə çatan satıcılar Kərəm Həsənovla görüşmək istədiklərini dedilər. Onları Həsənovun müavini qəbul etsə də, razılaşmadılar. Uzun söz-söhbətdən sonra satıcıları komitə sədri qəbul etdi. Təxminən yarım saatdan sonra satıcılar görüşdən çıxıb, problemlərinin həll olunduğunu bildirdilər. Onların sözlərinə görə, Kərəm Həsənov satıcıların yanında bazar rəhbərliyilə telefonla əlaqə saxlayaraq, məsələnin həllini tələb edib. Satıcılar deyir ki, bazar rəhbəri komitə sədri ilə telefon danışığı zamanı onların həmin bazarla bağlı bir sıra başqa problemlərinin də qısa müddətdə həll olunacağına söz verib.
Ramin DEKO