Kəmaləddin Heydərova məxsus “Qafqaz” hotelinin üst mərtəbələrini su basdı
Ötən gün yağan yağış şəhəri bərbad günə qoydu. Bir daha sübut olundu ki, paytaxt nəinki qışa, heç yay yağışına da hazır deyil. Yollar bərbad günə düşdü, kanalizasiya sistemləri sıradan çıxdı. Şəhərin bir neçə yerində kanalizasiyanın daşması nəticəsində ərazini üfunət bürüdü.
Yağış təkcə şəhərə ziyan vurmadı. Yayın gətirdiyi “bəla” Fövqalədə Hallar Nazirindən də yan keçməyib. Kəmaləddin Heydərova məxsus olan “Qafqaz” hotelinin üst mərtəbələri damıb. Bu barədə “Azadlıq”a məlumat verən hotelin işçisi deyir ki, “Qafqaz” tələm-tələsik istifadəyə verilib: “”Eurovision” musiqi yarışmasına görə yaşayış binası hotelə çevrildi. Işçiləri çox tələsdirdilər. Ona görə təmir işləri qısa müddətə başdansovdu edildi”.
Məlumatı verən şəxs deyir ki, yağış yağması nəticəsində hotelin üst mərtəbələri yararsız hala düşüb: “Yuxarı mərtəbələr damıb. Bu barədə artıq Kəmaləddin müəllimə məlumat verilib. O isə bu hadisədən sonra çox qəzəblənib”. Qaynaq onu da bildirdi ki, yağış hotelə çox ciddi ziyan vurub.
Ramin DEKO