Qaradağ rayonunda yerləşən 14 saylı Cəzaçəkmə Müəsisəsində saxlanılan vicdan məhbusu, hüquq müdafiəçi Vidadi Isgəndərlinin sağlıq durumunda ciddi problemlər var. Bu barədə “Azadlıq”a məlumatı “Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək” ictimai birliyinin sədri Oqtay Isgəndərli verib.
O, həmin müəssisədə olarkən digər vicdan məhbusu Şahin Həsənli ilə də görüşüb: “Vidadi Isgəndərlinin səhhətində ciddi problemlər var. O, şəkər xəstəliyindən əziyyət çəkir. Şəkərin normadan artıq olması səhhətində ciddi problemlər yaradır. Baxmayaraq ki, müəyyən dərmanlar vasitəsi ilə qanda şəkərin miqdarı normallaşdırılır, ancaq ümumi norma həddində saxlamaq mümkün olmur. Qan təzyiqinin normadan artıq olması onun səhhətindəki problemləri daha da artırır. Müəyyən iynələrdən sonra təzyiqi normal hala gətirilsə də, tez-tez səhhəti ciddi surətdə pozulur”.
O.Isgəndərli dedi ki, 14 saylı Cəzaçəkmə Müəsisəsinin ətrafında çoxsaylı daş karxanaları olduğundan ərazi ekoloji fəlakət zonasına çevrilib: “Karxanalardan havaya qalxan toz-torpaq üzündən müəssisədə normal hava yoxdur. Bu da Vidadi Isgəndərliyə göstərilən tibbi yardımı heçə endirir”.
Hüquq müdafiəçisi vicdan məhbuslarının ağır şərtlər altında saxlanılmalarına baxmayaraq hər bir əziyyətə, zülmə dözmək əzmində olduqlarını söylədi: “Hər iki vicdan məhbusu deyir ki, saxta ittihamlarla həbsə salınmaq onlara qarşı mənəvi terrordur. Saxlanıldıqları müəssisə buradakı dustaqların fiziki məhvi üçün nəzərdə tutulub. Sovet dövründə Əbülfəz Elcibəy, müstəqillik dövründə Arif Hacılı, yenicə azad olmuş vicdan məhbuslarının bir qisminin bu müəsisədə saxlanması da buna sübutdur”.
Vidadi Isgəndərli AXC-nin 23 illiyi münasibəti ilə siyasi və hüquqi varisi olan AXCP-ni, onun sədri Əli Kərimli və partiyanın üzvlərini təbrik edib.
Ramin DEKO


