“Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərin icrası bu il yox, gələn il baş tutacaq”. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 17-də jurnalistlərə belə deyib.
“Media forum” saytının məlumatına görə, Səfa Mirzəyev qeyd edib ki, 2012-ci ilin dövlət büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı məsələ gələn ilə qalıb: “Növbəti ilin büdcəsinə baxılarkən bu məsələ nəzərə alınacaq. Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq”.
Milli Məclisin 20 aprel iclasında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qəbul olunub. Dəyişikliklərə əsasən, partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsait dövlət büdcəsində ayrıca göstərilir. Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq paylanır.


