Heydərovun adamı İsmət Abbasovu “şeytan idarəsi” yaratmaqda ittiham etdi
“Kənd təsərrüfatı sektorunda böyük bir korrupsiya şəbəkəsi yaradılıb”
Bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev mətbuata açıqlamasında Azərbaycana xarici ölkələrdən gətirilən kartof məhsulunun keyfiyyətsiz olduğunu bildirib. Nazirlik bir müddət əvvəl ölkəyə gətirilən buğdanın da heyvan yemi olması barədə bəyanat vermişdi. O zaman bu bəyanat böyük hay-küyə səbəb olsa da, nazirlik heyvan yeminin Azərbaycana buğda adı ilə gətirənlərin konkret kimlər olduğunu açıqlamamışdı.
Ərzaq məhsullarının, meyvə-tərəvəzin Azərbaycana idxal olunması ilə adi sahibkarlar məşğul olmur. Bu, Azərbaycan hakimiyyətində təmsil olunan məmur-oliqarxların nəzarətində olan sahədir. Bu sırada xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adını qeyd etmək olar. Azərbaycanda məhz o idxal mafiyasının başçılarından biri kimi tanınır. Dövlət Gömrük Komitəsinin “fövqəlnazir”in nəzarətində olması idxal sahəsinə daha çox nüfuz etmək imkanı verir. Nəzərə alsaq ki, kənd təsərrüfatı naziri Ismət Abbasovla Kəmaləddin Heydərov arasında uzun müddətdir ki, ziddiyyətlər mövcuddur, o zaman buğda ilə bağlı bəyanatdan sonra “kartof zərbəsi”nin də ona endirildiyini aydın məsələdir.
Kəmaləddin Heydərovun bu zərbəyə cavabı gecikmədi. Belə ki, nazirə yaxınlığı ilə seçilən politoliq Cümşüd Nuriyev “Reytinq” qəzetinin sonuncu sayında KTN-i “topa tutub”. Nazirliyi korrupsiyalaşmış qurum hesab edən C.Nuriyev müsahibəsində Ismət Abbasovu təhqir etməkdən belə çəkinməyib: “Kənd Təsərrüfatı naziri bir şeytan idarəsi yaradıb. Ona görə də yalan baş alıb gedir. O qədər yalan danışıblar ki, özləri öz yalanlarına inanırlar”.
Cümşüd Nuriyev KTN-in yaydığı hesabatların şişirdildiyini söyləyib: “Şişirdirlər ki, guya hər sahədə artım var. Əgər kənd təsərrüfatında belə artım varsa, niyə bu qədər problemlər ortaya çıxır? Məsələ ondadır ki, bunlar rayon icra başçıları ilə də alver edirlər. Ancaq bu sahədən məlumatı olan adamlar çox gözəl bilirlər ki, kənd təsərrüfatı sektorunda böyük bir korrupsiya şəbəkəsi yaradılıb. Deməli, pul dairəvi şəkildə ötürülə-ötürülə miqdarı artırılır. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi heç bir işlə məşğul olmur”.
Cümşüd Nuriyev deyir ki, nazirlik kənd təsərrüfatını inkişaf etdirmək əvəzinə, hardan, necə əlavə pul qazanmaq, nəsə mənimsəmək haqqında fikirləşir: “Kənd Təsərrüfatı Nazirliyi əkin sahələrini kağız üzərində şişirdib, ancaq real əkin sahəsi azdır. Saxta rəqəmlərlə həm hər hektar üçün verilən 40 manatı, həm də yanacağın pulunu mənimsəyirlər. Elə sahələr var ki, sənəddə taxıl sahəsi kimi göstərilirsə də, 10 ildir ki, orda heç nə əkilmir. Bunlar örüş sahələrini də əkin sahəsi kimi qeydiyyata salıblar”.
Göründüyü kimi Kəmaləddin Heydərovla Ismət Abbasov arasında qarşıdurma davam edir. Bu qarşıdurmanın səbəbləri barədə “Azadlıq” ötən saylarında yazıb. Bir daha qeyd edək ki, səbəb Kəmaləddin Heydərovun KTN-ni ələ keçirmək cəhdləridir. “Fövqəlnazir” bu posta yaxın çevrəsinə daxil olan deputat Eldar Ibrahimovu təyin etdirmək istəyir. Bu məsələ məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da əks olunmuşdu.
C.Nuriyevin dedikləri ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. M.Hacıyev tıxacda olduğunu, onunla söhbət etmək üçün yalnız sabahı (bu günü) gözləməyimizi məsləhət gördü.
Ramin DEKO