Milli Kino Günü ilə bağlı düzənlənəcək tədbirə Azərbaycan Kinematoqrafçılar Ittifaqının üzvləri dəvət olunmaya bilər
Tanınmış ziyalı Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar Ittifaqını yaxın günlərdə hakimiyyətin hazırladığı daha bir “sürpriz” gözləyir. Belə ki, bir müddət əvvəl Azərbaycan Kinematoqrafçılar Ittifaqına Şəfiqə Məmmədovanın rəhbərliyi ilə alternativ təşkilat yaradılandan sonra ikinciyə bütün sahələrdə dəstək nümayiş etdirilir.
“Reytinq” qəzetinin son sayında dərc olunan məlumata görə, avqustun 2-də yüksək səviyyədə qeyd ediləcək Milli Kino Gününə ölkənin tanınmış incəsənət xadimləri dəvət olunacaq. Amma tədbirin əsas dəvətliləri, mərasimdə kino sahəsində veriləcək mükafatların qalibləri də Ş.Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar Ittifaqının üzvləri olacaq. R.Ibrahimbəyovun rəhbərlik etdiyi qurumun nümayəndələrinin isə, ümumiyyətlə, tədbirə dəvət edilməyəcəyi gözlənilir.
Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar Ittifaqının sədri Rüstəm Ibrahimbəyovun mövqeyini öyrəndik. Hazırda vətəndə olmayan R.Ibrahimbəyov yayılan məlumatdan xəbərsiz olduğunu bildirdi və dedi ki, bir qayda olaraq Milli Kino Günü münasibətilə düzənlənən tədbirlərə indiyə qədər Azərbaycan kinosuna aidiyyəti olan hər kəs qatılıb. “Bu tədbirlərə kino sahəsində mexanik kimi işləyən şəxslərdən tutmuş, tanınmış aktyorlara qədər hamı qatılır. Budəfəki mərasimlə bağlı deyilənlər barədə isə eşitməmişəm və mükafatların necə paylaşdırılacağından xəbərsizəm”,- deyə R.Ibrahimbəyov vurğuladı.
Hikmət


