O zaman Azərbaycanda çoxpartiyalılığın əsası qoyuldu, indi isə hakimiyyət birpartiyalı sistem qurur
Azərbaycanda hakim rejim məqsədyönlü və metodik şəkildə çoxpartiyalı sistemi dağıdır. Məqsəd bir siyasi qüvvənin tam hökmranlığını qurmaqdır. Müxalifət partiyaları buna yalnız birlikdə mane ola bilər. Bu fikir iyulun 17-də “AMİP -20: birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid” mövzusunda keçirilən konfransda səslənib.
Forum AMİP-in yaradılmasının 20 illiyinə həsr olunub. Partiya 1991-ci ilin oktyabrında milli hərəkatın liderlərindən biri Etibar Məmmədov tərəfindən təsis edilib. 1992-ci il iyulun 3-4-də partiyanın təsis qurultayı olub, iyulun 17-də isə partiya dövlət qeydiyyatından keçib.
“20 il əvvəl baş vermiş bu hadisə Azərbaycanda çoxpartiyalılığın təməlini qoydu”, – partiyanın hazırkı sədri Yusif Bağırzadə bildirib. O qeyd edib ki, AMİP-in kursu əvvəlkitək qalır- Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi uğrunda mübarizə, ölkədə demokratiyanın çiçəklənməsi.
AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramov partiyanın tarixindən, ölkənin müstəqilliyinin əldə olunmasında onun rolundan danışıb. Qeyd edib ki, hakimiyyətin təzyiqləri nəticəsində AMİP və digər müxalifət partiyaları xeyli zəifləyiblər. Çoxpartiyalılığın saxlanmasının və inkişafının yeganə yolu müxalifət qüvvələrinin əməkdaşlığındadır.
Ədalət Partiyasının sədri, parlamentin deputatı İlyas İsmayılov da bu fikri bölüşüb. Yeri gəlmişkən, ədliyyə naziri olduğu zaman AMİP-in qeydiyyatı haqda sənədi o imzalamışdı. İ.İsmayılov müxalifətin zəifliyinin səbəbləri kimi hakimiyyətin təzyiqlərini, maliyyə resurslarının məhdudlaşdırılmasını, müxalifət qüvvələrini dəstəkləyənlərin təqib olunmasını göstərib. O, parlamentdə proporsional seçki sisteminin bərpası uğrunda mübarizəyə çağırıb.
Azərbaycan Ziyalılar Forumunun üzvü Firudin Cəlilov müxalifəti gənclərə arxalanmağa çağırıb. “İndiki nəsil dünya prosesləri haqda daha çox məlumatlıdır və kreativdir. Mən onun dəyişikliklər uğrunda mübarizə qabiliyyətinə inanıram”, – F.Cəlilov vurğulayıb.
Tədbirdə Beynəlxalq Demokratik İttifaqın və AMİP-in buradakı müttəfiqlərinin – Britaniya Mühafizəkarlar Partiyasının, İsveç Moderatorlar Partiyasının və digər təşkilatların təbrikləri oxunub (contact.az).


