Ketrin Kosman: “Azərbaycan hakimiyyəti siyasi partiyalara qarşı təqiblərə son qoymasa dini qüvvələr ortaya çıxa bilər”
İl yarım əvvəl Ərəb dünyasını qəfildən bürüyən inqilablar dalğası hələ də davam edir. Yaxın Şərq regionundakı müsəlmanlar demokratiyanı indi əvvəlkindən daha artıq arzulayır və dəstəkləyirlər. Vaşinqtonda yerləşən “Pew” araşdırmalar mərkəzinin son sorğusu bu mənzərəni ortaya çıxarıb. Sorğu bu ilin mart-aprel ayları arasında “Pew” ekspetləri tərəfindən keçirilib və nəticələr iyulun 10-da elan olunub.
6 müsəlman ölkəsində – Türkiyə, Misir, Tunis, İordaniya, Livan və Pakistanda rəyi soruşulan respondentlərin əksəriyyəti demokratiyanı hakimiyyətin ən yaxşı modeli olaraq gördüklərini, azad söz və seçkilərdən yana olduqlarını bəyan ediblər.
ABŞ-dakı Denver Universitetinin mühazirəçisi Nader Hasemi “BBC-Azərbaycanca”ya müsahibəsində bildirib ki, bəzən Qərbdə Şərq müsəlmanları barədə təsəvvürlər olduqca dayazdır və onların demokratiyaya meylli olmadığı barədə təəssürat yaradılır. Onun sözlərinə görə, əsas məsələ azadlıq və hüquqlara doğru gedilən yoldur. Demokratiya seçim olsa, onu kim istəməz ki?
“Pew” araşdırmalar mərkəzinin sorğusu dini ekstremist qrupların müsəlmanlar arasında nüfuzunu itirdiyini də aşkarlayıb. Respondentlərin əksəriyyəti hesab edir ki, 2011-də başlamış “Ərəb baharı” regiona yeni demokratiyalar bəxş edəcək. Misirlilərin 3/4-ü, tunislilərin isə hər 10 nəfərdən 7-si ərəb inqilablarının Yaxın Şərqdə davamına inanır və gözləyir. Ümumilikdə respondentlərin çoxu senzurasız mətbuat və internet azadlığının da vacibliyini qeyd ediblər.
“Əlbəttə məsələ hansı proritetlərin daha üstün olmasında deyil. Yaxın Şərq və Ərəb demokratiyasının genişlənmək cəhdləri, insanların öz hüquqları barədə indi daha artıq danışmasıdır”, – deyə “Pew” mərkəzindən Riçard Uayk “BBC-Azərbaycanca”ya bildirib. Onun firkincə, məhz demokratik dəyərlərə bəslənən inam və etimad “Ərəb baharı”nın məqsədinə yetişməsinin əsas “sirri” olub. İndi isə ən vacib məsələ demokratiyanı möhkəmləndirməkdir.
“Pew” mərkəzinin sorğusuna Azərbaycan birbaşa cəlb olunmasa da, amerikalı ekspertlər ölkəmizdə İslam və demokratlar arasında qarşıdurmadansa, birincinin tədricən ikinciləri əvəzləməsinə aparan süni əngəllərdən narahatdırlar. İslam regiondakı digər dinlər kimi dinin cəmiyyət və ictimai həyatda, demokratiya uğrunda mübarizədə rolunu təbliğ edir. ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyasının siyasi analitiki Ketrin Kosman “BBC-Azərbaycanca”ya deyib ki, əgər Azərbaycan hakimiyyəti siyasi partiya və şəxslərə qarşı təqiblərinə son qoymasa dini qüvvələr azadlıq keşikçiləri qismində nə zamansa ortaya çıxa bilərlər.


