Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Avropalılar opiumu 1300-cü ildə birinci dəfə qadağan ediblər. Bu qadağanı xristian kilsəsi elan edib. Amma onun məhvedici xüsusiyyətlərinə görə yox, Islam dünyasına bağlılığına görə bidət sayıblar. Ikinci belə yasağı 1729-cu ildə Çin imperatoru Yun Çen elan edir, amma dini səbəblərə görə yox, sosial-tibbi səbəblərə görə.
1803-cü ildə Fridrix Serterner adlı avropalı opiumdan morfinin alınması qaydasını tapır. Bu maddəni qədim yunanların yuxu Allahı saydıqları Motfeyin şərəfinə belə adlandırırılar. O zamanlar bu maddə daha çox pasifist – sakitləşdirici xarakteri ilə tanınırdı. 1843-cü ildə Aleksandr Vud şprisi kəşf edir və bununla da narkotik bazarının, narkoman dünyasının fantaziyalarını təsəvvürə gəlməz dərəcədə qabağa atır: Bundan cəmi 30 il sonra Ingiltərədə diasetilmorfin HCI adlı maddə ixtira edilir. Bu, bu gün Bayıl kimi türmələrdə sülənən bütün şpris dünyasının sevə-sevə heroin adlandırdığı maddənin ta kəndisi idi. Hələ bizim bir para “patriot”larımız və din təəssübkeşi olan narkomanlarımız da çənələrini əyə-əyə danışırlar ki, bəs deməzsənmi, heroini bin Ladenmi, ya hansısa Islam mücahidi kəşf edib ki, xristian dünyasının axırına çıxsın. Amma xristian dünyasının bu ixtirasının xammal yataqları haradır? Südə “şire” deyən xalqların və müdrik millətlərin yaşadığı ilıq və isti ərazilər!
Hər bir kəşfi stimullaşdıran axtarışlar olur. Təbii, narkotik təsərrüfatını, sənayesini irəli atan stimullardan biri tibbi ehtiyaclardır. Amma tibbi olmayan, daha çox siyasi olan stimullar da var. Orta əsrlərdə xristian dünyasının səlib yürüşləri Mesopatomiyadan çoxlu xatirələr və rəvayətlər gətirmişdilər, onlardan biri də Ələmut qalasının sultanı Həsən Səbbah barədə əfsanəvi hekayətlər idi. Insanları “cənnətə” köçürən bu kamikadzelər ordusunun sirli-sehrli lideri çox cəlbedici görünürdü. Onun müridləri Mərkəzi Avropanın çöllərində xristian tampliyerlərin tənha cəngavərlərinə qoşulub atlarını səyirdəndə bu maraq daha da artırdı. Avropalı kimyagərlər kilsənin və cəngavərlərin gizli sifarişlərini alaraq Həsən Səbbahın insanları könüllü şəkildə ölümə göndərən iksirinin sirrini tapmağın yollarını arayırdılar. Bu axtarışlar səmərə verəndə isə Avropanı artıq başqa qayğılar maraqlandırırdı. Həsən Səbbahın uğurlarını yaradan texnologiyalar artıq köhnəlmişdi, arxaikləşmişdi, bu texnologiyalar olmadan da istənilən adamı öldürmək, terror etmək mümkün idi.
Bu sirli tarixlərin bizim narkomanlara nə dəxli var? Onların hamısı ən tüfeyli və ən mənasız həyat sürməklə məşğuldurlar; onların ən ağıllıları sadəcə olaraq, bunu bilirlər ki, heroin sintetik yolla morfidən düzəldilir, vəssalam, bununla da elmi tədqiqatlar üzərində düşüncələrin hüdudu bağlanır. Başqa, daha vacib axtarışlar var ki, bu axtarışların narkomanın özəl həyatı üçün hansı əhəmiyyətinin olduğunu bir az əvvəl Seyid danışmışdı.
Narkoman öz cari qayğılarını təmin edəcək ünvanları və rəqəmləri bilir, amma dünyada 128 uyuşdurucu növünün olduğunu bilmirlər. Indi heroinin azarını öldürmək üçün apteklərdə satılan beş-on növ dərman adı məşhurdur. Amma etiraf edirəm ki, həbsxanada qabağıma çıxan müdhiş hafizəli birisi məni heyrətləndirmişdi. Adını deməyəcəyim bu adam Azərbaycanda dövriyyəsinə rəsmən icazə verilən 29 narkotik, 30 psixotrop tərkibli dərmanın adını əzbər bilirdi.
– Mənim əzizim, bunları əzbərləmək sənin nəyinə lazımdır” – deyə soruşuram.
O isə cəsarətlə üzümə baxıb:
– Apteklərdə özünü necə təqdim etməyin də xeyri var. Aptekə girib şax şəkildə deyəndə ki, məsələn, “mənə tilidin ver”, aptekçi sənin narkoman olduğunu yox, bəlkə də tibb işçisi olduğunu güman edib bu dərmanı reseptsiz buraxa bilir. Amma oraya girib “metadon istəyirəm”, “bağışlayın, sizdə promodel olmaz?”, deyə soruşsan, səndən heç resept istəməmiş, qapını çöldən bağlamağı xahiş edər. Bir az taktikalı olmaq lazımdır… – dedi.
Amma nə qədər taktik? Ölkədə “taktikalı” adamların sayı artdıqca, fəlakətlərin də sayı artır. Indi bizi idarə edənlərin arasında nə qədər narkomanın olduğunu da dürüst bilən yoxdur. Orda-burda tutulan prokuror müavini, vergi inspektoru-filan boş şeydir. Mən sizə oliqarxlardan, onların ətrafındakı iri qərarları verməyə səlahiyyəti olan adamlardan danışıram. Onlar bu “plebey”lər kimi heroin vurub türməyə düşmürlər. “Xan yeməyi”nin dadına onlar baxırlar. Bu, kokaindir. O, çox bahalıdır.
Azərbaycanda burnuna kokain sümürən elə adamların haqqında danışırlar ki! Hətta mən bunu yazmaqda çətinlik çəkirəm. Qorxu deyil. Bu yaramazların birinin adını yazsan, min nəfərə nümunə olacaq: “Filankəs bunun dadına baxırsa, deməli, o qədər də bəd deyil”.
Doğrudur, bizim hamımızın əla tanıdığımız novakain kimi geniş yayılmış tibbi məhlul da kokaindən hazırlanır, amma bu, kokainsizləşdirilmiş kokaindir. Kokainin özü isə oliqarxların bazarında at səyirdir. Topdansatışda bir kiloqramı 35 min dollara qədər dartılır. Bahalıdır, amma müəyyən müddətdən sonra burnuna dürtüldüyü insanı keçi qiymətinə salır…
***
Ilham davamlı olaraq zəhləmi tökməyə başlamışdı. Onun ərköyünlüyü onsuz da məni boğaza yığmışdı. Bekarçılıqdan və yarışüursuzluqdan, bir də görürdün, kamerada olay çıxartdı. Tez-tez Rafiqə ilişirdi. Mən ona izah edə bilmirdim ki, Rafiq ondan 20 yaş böyükdür və dünyagörüşlər arasındakı fərqi qabaqcadan nəzərə alıb mümkün münaqişələrdən qaçmağı bacarmalısan. Insafən, bunu heç Rafiqə də başa salmaq olmurdu. Hərçənd, burası da var ki, türmə yaş fərqlərinin xüsusi hörmət imperativi kimi nəzərə alındığı yer deyil. Burada kimin neçə yaşı olması yox, hansı əməlin və “mast”ın sahibi olması önəmlidir. 70 yaşlı biri ağzına sahiblik eləmirsə, onu 20 yaşında dustaq da yerində oturda bilər.
“Mast” nə deməkdir? Bu, dustaq kastası kimi izah edilə bilər. Dustaqlar bir neçə mühüm kastaya bölünürlər: “qanuni oğru”larla bağlı məsələ aydındır; “stremlyaqa”ları da xatırlatmışıq. Həbsxananın qızıl fondu “mujik”lər sayılır. “Mujik” həbsxana kütləsidir, kurallar bu zümrənin çiynində durur. Onlar bu qaydaları qoruyub saxlayır, konkret həbsxananın mənəvi-psixoloji atmosferini, bir sözlə, həyatı müəyyən edir. Amma bütün “mujik”lər də eyni ölçülü deyil. Onların arasında elə “kozirnoy”lar var ki, hətta oğrular da onlara xüsusi hörmət və ehtiramla, ehtiyatla yanaşırlar. “Kozirnoy mujik”, yəni xidmətləri, əziyyətləri olan sıravi dustaqdır; onların kürəyində 10 illərin “srok”u var; onlar qiyamlardan keçiblər, aşağı kastalara həyatı başa sala-sala özlərini riskə atıblar, amma həyat tərzlərini dəyişməyiblər.
“Kozyel”lar da bir “mast”dır. Bunlar komendant olur, klub-kitabxana işinə baxır, qərəz, həbsxana rəhbərliyi ilə qarşılıqlı əməkdaşlıq edir. Nəyə görə, onların hamısını “kozyol” adlandırırlar? Ona görə ki, həbsxana rəhbərliyi “isti” yeri elə-belə vermir. Bu cür isti yerlərin müqabilində qabaqcadan əməkdaşlıq təklif edilir. Bir dustağın həbsxana rəhbərliyi ilə əməkdaşlığının başqa dustaqların əleyhinə hesablandığına isə zərrə qədər də şübhəniz olmasın.
ardı var