Vicdan məhbusu AXC-nin 23 illiyinə təbrik göndərdi

AXC-23 münasibətilə vicdan məhbusu, AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin təbriki:

Bu gün Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 23 il keçir. Ərazi bütövlüyü, müstəqillik uğrunda başlayan Milli Azadlıq Hərəkatının bağrından yaranan təşkilatımız uzun, şərəfli mübarizə yolu keçib, itkilərimiz də olub, qazandıqlarımız da. Insanlarımız ilk növbədə hər cür fiziki və mənəvi təzyiqlərə, maddi məhrumiyyətlərə, həbslərə baxmayaraq azadlıq, demokratiya uğrunda məbarizənin nümunəsini göstərib. Ən yüksək vəzifədə olub vicdanını, saflığını qoruyub saxlayan, vətənə və xalqa təmənnasız xidmət örnəyi göstərən AXC-nin ilk sədri Əbülfəz Elçibəyin timsalında yüzlərlə cəbhədaşımız olub. Bu illərdə Elçibəyi itirdik, qəhrəmancasına savaşla düşməndən azad etdiyimiz torpaqlarda xəyanət nəticəsində məğlub edildik, minlərlə üzvümüz şəhid oldu, dəfələrlə qərargahlarımızı əlimizdən aldılar, seçki saxtakarlıqları nəticəsində halal mandatlarımızdan məhrum edildik, müxtəlif avtoritar rejimlər tərəfindən bizə xəyanətkar, milli satqın damğası vurmaq  istənilib… Lakin biz cəbhəçilər bütün bu təzyiqlərə, məhrumiyyətlərə sinə gərdik, əqidəmizdən dönmədik, amallarımız uğrunda mübarizəyə daha da möhkəmlənib davam etdik. Mövcud antimilli iqtidar cəbhəçilərə, ümumilikdə müxalifətçilərə qarşı səlib yürüşünə başlayıb, lakin əminəm ki, sizin kimi fədakar əqidədaşlarım sayəsində bu çətinlikləri də adlayıb, azad, ədalətli, demokratik cəmiyyət quracağıq və vətəndaşlarımıza azad seçki, azad söz, huquqların təminatının necə gözəl nemətlər olduğunu bir daha göstərəcəyik.
Əziz cəbhədaşlarım, sizi və AXCP sədri Əli Kərimlini bu əlamətdar gün münasibətilə təbrik edirəm. Hazırda məhbəsdə olsam da bu günün sevincini sizlərlə paylaşıram. Həbsxanada olduğum müddətdə sizlərin mənə və ailəmə göstərdiyiniz hər cür dəstək məni bir daha inandırdı ki, düzgün yoldayam, bu illər ərzində seçdiyim təşkilatda yanılmamışam, işimiz haqdır, mübarizəmiz davam edir və biz mütləq qalib gələcəyik.
Hörmətli cəbhəçilər, milli-azadləq hərəkatının sadiq iştirakçıları, hər birinizə mücadilənizdə uğurlar, can sağlığı, demokratik və bütöv Azərbaycanda xalqa xidmət etmək şərəfinə nail olmanızı arzulayıram! Allah bütün günahsız məhbusların da qapısını açsın!