royalbank1

“Royalbank”ın bağlanmasının pərdəarxası məqamları

royalbank1İran vətəndaşları üçün verilən 100 min kart və MTN-nin araşdırmaları

Xəbər verildiyi kimi Mərkəzi Bank “Royal Bank” ASC-nin lisenziyasını ləğv edib. Mərkəzi Bank bu barədə qərarını  “Royal Bank”ın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsilə əsaslandırıb.
Lakin banka lisenziya verilməməsinin səbəbləri barədə başqa məlumatlar dolaşır. Bu məlumatların bir qisminin dünənki sayımızda dərc etmişik. Həmin məlumatlarda baş verənlər “Royal Bank”ın Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsus olması ilə izah edilir. Bildirilir ki, Ilqar Əliyevin ailəni hiddətləndirməsi ona məxsus biznesə əl qoyulması ilə nəticələnib.
Bəzi məlumatlara görə isə “Royal Bank”la baş verən hadisə hakim ailənin bank sektorunu inhisara alması ilə bağlı planın tərkib hissəsidir. Bildirilir ki, “Royal Bank” lisenziyası ləğv edilən sonuncu bank olmayacaq. Yaxın vaxtlarda daha bir neçə bank qapadılacaq.
“Royal Bank”la bağlı başqa xəbərlər də var. Həmin xəbərlərdə deyilir ki, bank əslində Iranla ilişgilərinin güdazına gedib. Məsələ burasındadır ki, Iranın çirkli pullarının “Royal Bank”da “yuyulması” barədə məlumatlar var. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu. Digər tərəfdən bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, “Royal Bank” 100 min kart istehsal edib. Həmin kartlar Iran vətəndaşlarına verilib. Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Ilham Əliyevin tapşırığı ilə məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb. MTN-in apardığı araşdırmalar nəticəsində bəlli olub ki, “Royal Bank” Irandakı çirkli pulların yuyulmasında əsas vasitədir. Digər tərəfdən bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı Iran vətəndaşı qaranlıq işlərlə məşğuldur. Lakin bankın Ilqar Əliyevə aid olması üzə çıxandan sonra MTN araşdırmaları dayandırmalı olub.
Görünür, sonradan bankın qapadılması ilə problemin birdəfəlik həll olunması qərara alınıb.
Beləliklə, göründüyü kimi “Royal Bank”la bağlı bütün məlumatlar Mərkzi Bankın əsaslandırmasını şübhə altına alır.

Hikmət