Təhsil naziri Azərbaycanla Iran arasında münasibətləri korlamağa çalışan qüvvələri pislədi
Təhsil naziri Misir Mərdanov Bakıda rəsmi səfərdə olan Iranın təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib.
Iranın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, görüş zamanı azərbaycanlı tələbələrin Iranda, iranlı tələbələrin Azərbaycanda təhsilinə mane olan problemlər müzakirə olunub.
Görüşdə dərsliklərlə məşğul olan birgə komissiyanın üzvləri də iştirak ediblər. Tərəflər bu komissiyanın fəaliyyətinin bərpasına tərəfdar olduqlarını bildiriblər.
M.Mərdanov bildirib ki, iki ölkə arasında yaxşı münasibətlərin olmasını istəməyən qüvvələr var. Şəxsi əlaqələr və iki ölkənin rəsmi şəxslərinin tez-tez səfərləri bu cür səylərin qarşısını ala bilər(Turan).