“Bu cür çıxış edən prezidentin islahatlara gedəcəyi böyük sual altındadır”
Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin son iclasında müxalifəti antimilli olmaqda və Azərbaycan əleyhinə fəaliyyətdə günahlandırdı. Müxalifətçilərin ünvanına “xəyanətkarlar” və “satqınlar” kimi ifadələr işlətdi. Bundan əvvəl isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdan oxşar açıqlama gəlmişdi. PA rəsmisi Azərbaycan reallıqlarını dünyaya çatdıran vətəndaş cəmiyyəti fəallarını kəskin tənqid etmiş, “onlara heç salam vermək düzgün deyil” demişdi.
Maraqlıdır, ölkənin birinci adamı, həmçinin ölkədəki ictimai-siyasi proseslərə məsul bir şəxs müxalifət və vətəndaş cəmiyyəti fəalları ilə bağlı bu tip açıqlamalar verirsə, ayrı-ayrı məmurlardan, vəzifəli şəxslərdən nə gözləmək olar? Əslində Ilham Əliyev bu çıxışı ilə yeni repressiyaların mesajını verdi. Belə olan halda sabah istənilən məmur bu açıqlamaları əsas götürərək rahatlıqla təzyiqlərə və qanunsuzluğa əl atmazmı?
Tanınmış hüquqşünas Aslan Ismayılov Əli Həsənovun açıqlamasından fərqli olaraq prezidentin fikirlərinin onu olduqca təəccübləndirdiyini deyir: “Ona görə ki, Əli Həsənovun kimliyinə, həyat tərzinə, dünyagörüşünə bələdəm. Bu səbəbdən də onun çıxışı məni təəccübləndirmədi. O çıxışı ”facebook” səhifəmə də qoydum və altından yazdım ki, “Əli Həsənov vətəndaş qarşıdurmasının anonsunu verdi”. Amma Azərbaycan respublikasının prezidenti seçilən, Konstitusiyasına and içən, “mən bütün ölkə vətəndaşlarının prezidenti olacam” deyən Ilham Əliyevin, 2005-dən 2010-a qədər bütün tənələrə baxmayaraq müdafiə etdiyim bir şəxsin bu cür çıxışı məni çox təəccübləndirdi. Bunu anormal hal sayıram. Ona görə ki, müxalifətin, Azərbaycan vətəndaşının istənilən addımından asılı olmayaraq ölkənin prezidenti vətəndaşına qarşı belə hörmətsiz davranmamalı idi”.
A.Ismayılovun fikrincə hər kəs səhv edə bilər, amma prezidentin vətəndaşına qarşı səhvə yol verməyə, səhv ifadə işlətməyə haqqı yoxdur: “Öz adımdan deyirəm ki, Ilham Əliyev məndə bundan sonra onu müdafiə etmək şansı qoymadı. Mən ölkədə vətəndaş qarşıdurmasını istəmədiyimdən ətrafımı ”prezident yəqin ki, bu yaxınlarda islahatlara gedəcək” ümidi ilə yaşadırdım. Indi başa düşdüm ki, bu cür çıxış edən prezidentin bundan sonra hansısa islahatlara getməsi böyük sual altındadır. Hərçənd ki, mən yenə onu arzulayıram. Mən arzulamıram ki, ölkədə dəyişiklər qarşıdurmalar və inqilablar yolu ilə olsun. Bununla belə yaxın çevrəmin “bu cür çıxış edən prezident necə islahata gedəcək” sualına cavab verə bilmirəm”.