General zabitlərə xəbərdarlıq etdi
XDMX-nin rəhbəri Avropa Məhkəməsindən ehtiyatlanır?
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəhbəri general Vaqif Axundov bir neçə gün əvvəl iclas keçirib. Maraqlıdır ki, general iclasda korrupsiyadan danışıb. “Azadlıq”a daxil olan məlumata görə, Vaqif Axundov iclasda alovlu çıxış edərək qəti şəkildə bildirib ki, XDMX-də rüşvət və korrupsiya olmamalıdır. Onun sözlərinə görə, buna yol verən zabitlər sərt şəkildə cəzalandıralacaq. Vaqif Axundov bu günlərdə bir neçə zabitin işdən çıxarılmasını nümunə gətirib.
Xatırladaq ki, XDMX-nin sabiq əməkdaşı, baş leytenant Asif Lətifov qurumda rüşvət və korrupsiyanın olduğunu iddia edirdi. Asif Lətifov mətbuata açıqlamasında işdən çıxarılmasını da məhz XDMX-də tüğyan edən rüşvət və korrupsiyaya etiraz etməsilə əlaqələndirirdi.
Vaqif Axundovun bir neçə zabiti işdən çıxarması və ardınca məhz bu məsələ ilə bağlı iclas keçirməsi Asif Lətifovun dediklərinin təsdiqi sayıla bilər.
Bəs nədən Vaqif Axundov birdən-birə XDMX-də korrupsiyanın olmasından narahat olmağa başlayıb? Sualın cavabı sadədir. Qurumun sabiq əməkdaşları Asif Lətifov və Seymur Əlicanovun işə bərpa ilə bağlı məhkəmə çəkişmələri davam edir. Onlar Avropa Məhkəməsinə çıxmağa hazırlaşırlar. Seymur Əlicanov artıq Ali Məhkəmə mərhələsindədir. Onun qəzetimizə bildirdiyinə görə, artıq şikayətini Ali Məhkəməyə təqdim edib: “Ali Məhkəmə də işə ədalətsiz baxsa, təbii ki, Avropa Məhkəməsinə üz tutacam”, – deyə Seymur Əlicanov bildirib.
Asif Lətifovun işinə gəlincə, artıq o da apellyasiya mərhələsini keçib. Görünür, Vaqif Axundov əməkdaşlarının Avropa Məhkəməsinə ünvanlayacaqları şikayətlərində XDMX-dəki rüşvət və korrupsiya faktlarını da qeyd edəcəklərindən narahatdır. Bu baxımdan da bu məsələni müzakirə etməyə ehtiyac duyub.