Elmira Süleymanovanın “icazəsiz yuxu” sindromu

Bu xanımın penitensiar xidmətinin rəisi olmaması son 19 ildə başımıza gələn ən xoş hadisədır…
Iki gündən sonra 75 yaşını qeyd edəcək Azərbaycanın insan haqları üzrə müvəkkili, Elmira Süleymanova haqqında könül istərdi ki, xoş sözlər yazaq, ya da heç olmasa susaq. Lakin əfvdən əfvə çıxıb prezidenti tərifləyən və qanunsuz həbslər zamanı susaraq səsini çıxarmayan bu ağbirçək xanım bu günlərdə elə açıqlama verdi ki, yazmasam, başqa analara haqsızlıq etmiş olardım. Elmira xanım məni buna “məcbur” elədi, çünki məmləkətdə minlərlə gözüyaşlı anaların olduğu acı bir həqiqətdir. Beləliklə…
Bir kürdəmirli ananın minbir əziyyətlə böyüdüb, boya-başa çatdırdığı yeganə oğlu Iftixar Ağayev, faktiki və təbii olaraq Ziya Məmmədova məxsus “Azbentonit” zavodunda işləyərəkən kisə sexində 4 barmağını itirir. Bu azmış kimi, onu oğurlayaraq bir ay saxlayıb, şikayət edəcəyi təqdirdə anası ilə haqq-hesab çəkəcəkləri ilə hədələyirlər və gözünün odunu aldıqlarını düşünürlər. Lakin o çəkinmir, anasını gizlədərək(?) haqq-ədalət aramaq qərarına gəlir və tamamilə doğru saydığı ünvana, yəni insan haqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanovaya müraciət edir. Cavabdan bir cümləni nəzərinizə çatdırıram: “Gərək bu işə məhkəmə baxsın və qərar versin ki, doğrudan da belə bir məsələ olub və məhz orda olub”(?).
Ombudsmanlıqdan verilən cavabı təxminən belə yozmaq olar – “qalan o iki barmağını gözümüzə soxma, get, məhkəmədə Ziya Məmmədova qalib gəl, sübut et ki, barmaqlarını itirmisən və bu məhz orda baş verib”.
Yəni məşhur bir meyxanada deyildiyi kimi “davay dosvidaniya”… Azərbaycan məhkəməsində fəhlənin nazirə qalib gəlməsi mümkün olsaydı, yəqin ki, iqtidarın gözdən pərdə asmaq üçün saxladığı Ombudsman aparatına da ehtiyac olmazdı. Belə məhkəmələrdə çox vaxt barmaqla bərabər azadlıq da əldən gedir və ombusman bir neçə ildən sonra “ədalətin bərpası” üçün möhtərəmə təşəkkür edir. Təkrar edirəm, bir neçə ildən sonra…  
Fəqət Iftixar yorulmadan mübarizə aparır, beləliklə, əsrarəngiz bir şəkildə, lap nağıllarda olduğu kimi, ədaləti bərpa edir – əli hər yerdən üzülənlərin son ümid yeri(!) olan H.Əliyev fonduna pənah gətirir… “Yuxu”nun ardını Iftixar belə söyləyir: “Mehriban xanım məni, Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə qəbul etdi, acı hekayəmə kövrəldi və mən işə bərpa olundum”. Inanmaq olardı bəlkə də, amma ombudsmanın bu “icazəsiz yuxuya” münasibəti hər şeyi alt-üst etdi:
“Onu nə Mehriban xanım qəbul edib, nə mən orada iştirak etmişəm. Bu nə biabirçılıqdır bütün qəzetləri basıb? Iftixar Ağayev yuxusunda da görə bilməzdi bunu(Allahın işinə qarışmazlar – X.Ə.). Başdan-ayağa uydurmadır. Mən bu məsələni qəzetlərdən oxuyub Ziya müəllimə də zəng elədim. O da dedi ki, mən bu adamı qəbul etməmişəm, görməmişəm, bu haqda da heç nə bilmirəm. Xanımın ofisinə(?) də zəng elədim, soruşdum ki, ofisinizə belə bir adam yaxın gəlib? Dedilər ki, yuxuda da görülməyib belə bir şey. Amma belə uydurmalar yazırlar. Guya bunu Mehriban xanım görüb, gözündən yaş gəlib, Ziyaya(Allah mehriban eləsin – X.Ə.) belə dedi, Elmira xanıma elə dedi…”.  
Bəli, haqq-ədalətin bərpası, ombudsmana görə, real həyatda biabırçılıqdı, heç yuxuda da məsləhət deyil. Halbuki, bu yuxu olsa belə, Elmira xanım susmalıydı, axı belə fürsəti necə fövtə vermək olardı? – qayğıkeş birinci xanım, ədalətli ombudsman və nəhayət, ayıbdır söyləməsi, humanist(!) nazir obrazı. Xırda bir kompensasiya müqabilində ölkə prezidentini də bu “yuxuya” əlavə etmək olardı… Və buyurun, YAP ideoloqlarının, imicmeykerlərinin (ikincilər fikrimcə, mövcud deyillər, çünki polis bu vəzifənin öhdəsindən məharətlə gəlir – X.Ə.) heç 19 il bundan sonra da fikirləşib tapa bilməyəcəyi bir seçkiqabağı reklam roliki… Amma görün Elmira xanım neylədi…
Əzilənlərin yox, əzənlərin “haqq”larını müdafiə etməyə  qalxanda bu cür səhvlər qaçılmaz olacaq, çünki sadə insanlar yerdəki ədalətdən əllərini üzüb, nəzərlərini göyə dikiblər. Heç şübhəm yoxdur ki, Iftixarın “icazəsiz “yuxu”su da, ombudsmanın bu yuxu haqqında “açıqlaması” da, Tanrının Azərbaycana növbəti “müdaxilə”sidir.
Oxşar hallar son zamanlar daha tez-tez təkrarlanır, fərqindəsinizmi?!