Bəhruz Kəngərlinin örnək həyat hekayəti
Azərbaycan təsviri sənətinə böyük töhfələr vermiş fırça ustalarımız öz zəngin irsləri ilə gənc nəslə böyük bir məktəb yaratmışlar. Rəssamlıq sənətimizin görkəmli nümayəndələri sırasında özünəməxsus dəst-xətti olan belə sənətkarlardan biri də Bəhruz Kəngərlidir. Qısa ömür sürməsinə baxmyaraq, onun təsviri sənət tariximizdə müstəsna yeri var. Həyatı boyunca yalnız 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olan Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır. Məşhur rəssam realist ifadəliliyi, yüksək bədii-estetik dəyəri ilə diqqəti cəlb edən çoxlu portret, mənzərə, natürmort və başqa janrlı əsərlərin müəllifidir.
Bəhruz Kəngərli 1892-ci il yanvarın 10-da Naxçıvanda ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ kiçik yaşlarından ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən ümumtəhsil məktəbinə gedə bilməmiş, rəssamlıqla məşğul olmuşdur. 1910-cu ildə atası onu Tiflisdə Qafqaz Incəsənəti Təşviq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Boyakarlıq və Heykəltəraşlıq Məktəbinə qoymuşdur. O, 1910-1915-ci illərdə burada rəssamlıq sənətinin əsaslarına yiyələnmişdir.ÿÿ
B.Kəngərlinin rəssam kimi yetişməsində Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” jurnalının böyük rolu olmuşdur.ÿKəngərliÿ1915-ci ildə rəssamlıq təhsilini başa vurub Naxçıvana qayıdır. Burada həvəslə yaradıcılıq fəaliyyətinə başlayan rəssamın həyatında yeni səhifə açılır. Böyük enerji ilə bir-birindən maraqlı əsərlər yaradır. B.Kəngərli milli təsviri sənətimizdə realist boyakarlığın əsasını qoyan şəxs kimi tanınıb. O həm də boyakarlıq sənətini yeni forma, janr və təsvir vasitələri ilə zənginləşdirib. Hazırda onun kömür, karandaş və yağlı boya ilə yaratdığı əsərlər dəyərli eksponat kimi muzeylərdə qorunub saxlanılır.
B.Kəngərli yaradıcılığının ilk dövründə müəllimi – mollanəsrəddinçi rəssam O.Şmerlinqin və tələbə yoldaşı L.D.Qudiaşvilinin portretlərini ustalıqla yaratmışdır. Onun karikatura və satirik rəsmləri, mənzərə və məişət səhnələrini əks etdirən rəsmləri, akvarel və boyakarlıq əsərləri də çox maraqlıdır (“Qoca kişi”, “Toy”, “Elçilik” və s.). Rəssamın 1914-cü ilin iyununda Naxçıvandakı ilk böyük sərgisi və orada göstərilən rəsmləri seyrçiləri heyran etmişdi. O zaman “Iqbal” qəzeti bu barədə yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.
Gözəl mənzərələr və portretlər
Məşhur rəssamın yaradıcılığında mənzərə janrı mühüm yer tutur. Indi onun min bir rəng çaları ilə yaratdığı belə əsərlərin bir çoxu yalnız muzeylərdə deyil, həm də şəxsi kolleksiyalarda saxlanır, evləri bəzəyir. Belə gözoxşayan mənzərə rəsmlərində təbiət gözəllikləri (“Şəlalə”, “Dağlıq mənzərə”, “Ilanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və s.), ölkəmizin mədəniyyət abidələrinin təsviri (“Möminə xatın türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri”), ilin fəsilləri (“Payız”, “Bahar”) məharətlə əks olunmuşdur.
Rəssam eyni zamanda dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretlərini də uğurla işləmişdir. Onun günümüzlə səsləşən, mövzu aktuallığına və ideya məzmununa görə seçilən “Qaçqınlar” silsiləsinə daxil olan portretləri xüsusi olaraq canlılığı və reallığı ilə fərqlənir. Görkəmli rəssam 1918-1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Həmin əsərlər silsiləsindən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla belə rəsm əsəri xüsusi dəyərə malikdir. B.Kəngərlinin bu portret əsərlərində ustalığı öz personajlarının daxili-psixoloji aləmini açıb göstərmək bacarığında əks olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra da Bəhruz Kəngərli yaradıcılığını uğurla davam etdirir, boyakarlıq və qrafika əsərləri yaradır, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açır, fərdi sərgilərini təşkil edirdi. 1920-ci ildə Azərbaycanda Xalq Cümhuriyyətinin süqutu, Zəngəzurun Ermənistana verilməsi, Naxçıvan və Qarabağa edilən təcavüzləri, minlərcə günahsız insanların qətlə yetirilməsi, Azərbaycanın talanması və xalqın öz tarix və mədəniyyətindən uzaqlaşması rəssama ağır təsir göstərir. O bütün bu haqsızlıqları yaratdığı əsərlərində böyük ürək ağrısı ilə ifadə edir.
500 sənət əsəri sərgidə
1921-ci ildə Naxçıvanda Inqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlinin əsərlərindən ibarət sərgi təşkil olunur. Həmin sərgidə onun 500-dən çox əsəri sərgilənir. Daim ehtiyac içində yaşayan, heç bir qayğı görməyən sənətkar üçün həmin sərginin böyük əhəmiyyəti olur. O, sərgidən əldə etdiyi pulun üçdə birini şəhər uşaq evinə bağışlayır.
Bu gözəl əsərlər indi R.Mustafayev adına Azərbaycan Dövlət Incəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.
Bəhruz Kəngərli qısa həyatında təsviri sənətin bşqa istiqamətlərində də istedadını sınamışdır. O, eyni zamanda milli teatr rəssamlığının banilərindəndir. Rəssam 1910-cu illərdə Naxçıvan teatrında “Ölülər” (C.Məmmədquluzadə), “Hacı Qara” (M.F.Axundzadə), “Pəri-cadu” (Ə.Haqverdiyev) tamaşalarına bədii tərtibat və geyim eskizləri vermişdir. Yazıçı A.Babayevin “Yarımçıq şəkil” pyesi görkəmli rəssamın həyatına həsr olunmuşdur.
Dünyadan gəlib keçən insanların hər biri öz rəngini qatır həyat tablosuna. Bu tabloda kiminin rəngi daha parlaq və işıqlı, kiminin rəngi daha tünd və qaranlıq olur. Rəssamlar öz yaşam məsafələrində rənglərin işığını başqalarından daha həssaslıqla seçə bildiklərindən, o tabloya daha füsunkar ştrixlər əlavə edə bilirlər. Bəhruz Kəngərli də 30 illik həyatında ömür tablosuna ən gözəl rəngləri həkk etdirmiş bir şəxsdir. Bu gözəllik yaradan rəng palitrası illər keçsə də, insanlara xoş ovqat bəxş edəcək, görənlərin gözünü oxşayacaq.
Bəhruz Kəngərli 1922-ci il fevralın 7-də çox gənc yaşında Naxçıvanda vəfat etmişdir.
Naxçıvan şəhərində rəssamın muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir