Ukrayna hökuməti müxalifyönlü televiziyanı qapatdı
Müxalifətə qarşı təzyiqləri ilə tez-tez gündəmə gələn Ukrayna hökuməti bu dəfə müxalifyönlü televiziyanı vergi silahı ilə susdurmağa qərar verib. Kanalın Kiyevdəki ofisi vergi məmurlarının basqınına məruz qalıb. Vergidən yayınmada günahlandırılan müxalifyönlü televiziyanın ofisinə girən məmurlar kanalın yayımını dayandırıb.
Maliyyə Nazirliyi kanalın rəhbəri Mikola Kiyajitski barəsində 3 milyon qrivini (təxminən 500 min dollar) vergidən yayındırmaq ittihamıyla cinayət işi açıb. Hökumətin ani hücumu kanalı ağır vəziyyətə salıb. Parlament seçkilərinə 3 ay qalmış hökumətin müxalifyönlü mətbuata təzyiqləri artırması ciddi narazılığa səbəb olub. Müstəqil və müxalif media Yanukoviç hakimiyyətini senzurada ittiham edib.
Müxalif “Batkivşnya” partiyasının bəyanatında bildirib ki, hökumət televiziyaya qarşı hücumla ifadə və söz azadlığını məhdudlaşdırmaq istəyir. Əlavə edək ki, “Batkivşnya” hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko ilə blok yaradaraq parlament seçkilərinə birgə qatılmaq barədə qərar vermişdi.
azadliq.info


