İki “vicdan məhbusu”- Şahin Həsənli və Vidadi İsgəndərli dərhal azad edilməlidir
“Nida” Gənclər Hərəkatı cümə günü “Landmark”da ölkədə siyasi məhbuslar və sərbəst toplaşmaq azadlığı ilə bağlı hesabatın təqdimatını keçirib. Sənəd beynəlxalq təşkilatlara təqdim ediləcək. Hərəkatın rəhbəri Turqut Qəmbər bildirib ki, hesabatda “Eurovision” yarışmasından bir il öncə tutulan siyasi məhbusların həbsi (2011-ci ilin 2 və 17 aprel aksiyalarında tutulanlar), Eurovision ərəfəsində (2012-ci ilin aprel-may aylarında saxlanılanlar) və ondan sonrakı siyasi məhbuslar haqda məlumat verilir.
“Eurovision” yarışmasının siyasi məhbusların azadlığına təsirinə gəlincə, bu tədbirin heç bir təsirinin olmaması qənaəti ifadə edilib. Siyasi məhbusların əksəriyyətinin əfv fərmanı, bir qisminin səhətlərindəki problemlərlə bağlı şərti azadlığa çıxdıqları qeyd olunur.
Siyasi məhbus məsələsinin həlli üçün AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısından 89 nəfərin işi üzrə yenidən ədalətli məhkəmə prosesləri keçirilməlidir.
Iki “vicdan məhbusu”- Şahin Həsənli və Vidadi Isgəndərlinin dərhal azad edilməsi zərurəti xüsusi vurğulanır.
Nida Azərbaycan hakimiyyətini siyasi həbslərə, saxlanılanlara qarşı polis bölmələrində mənəvi-fiziki təzyiq göstərilməsinə son qoymağa çağırır.
Sərbəst toplaşmaq azadlığına gəlincə, hakimiyyət bu azadlığı ciddi şəkildə məhdudlaşdırır, Bakının müxtəlif hissələrində mitinq keçirilməsinə icazə vermir. Bundan başqa, hakimiyyətlə razılaşdırılmış aksiyalara belə polis müdaxiləsi baş verir. Icazəsiz piket və mitinqlərin isə qarşısı polis tərəfindən amansızlıqla alınır.
Hesabat müəllifləri hakimiyyətdən sərbəst toplaşmaq azadlığı sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyi tələb ediblər. Qeyd edək ki, tədbir zamanı biznes mərkəzinin mühafizə xidmətinin əməkdaşları “Obyektiv TV”nin çəkiliş qrupunu buraxmayıb, habelə digər jurnalistlərin fotoaparatlarını əllərində alıb. Onlar bu əməllərini rəhbərliyin göstərişi olması ilə izah ediblər.
Bundan əvvəl isə “Diplomat” və Park-INN otelləri tədbirin keçirilməsi üçün yer verməkdən imtina edib.


