Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Hekayətlərin birində sizə “TT Natiq” haqqında danışmışdım: imkanlı valideynin övladı olduğu üçün onun narkomaniyaya cəlb edilməsindən bəhs etmişdim. Cəmiyyət belə “TT”-lərlə zəngindir. Narkoticarətin başında duranlar da gözlərini onlara dikib, əllərində olan nəhəng satış şəbəkəsinin qarmaqlarını hər gün yeni-yeni belə adamların yaxasına sancır.
Bu bədbəxt adamlar da imkanları yaxalarından partlayıb çıxan kimi Bayılın yolunu tutur, buradan zonlara yönəlir və içəridə oturub bayırdakı olaylarla bağlı sayıqlamalar yapırlar. Onlar narkomaniyadan xilas ola bilmirlər. Çünki narkomaniyanı cəmiyyətin yaxasından qoparıb atmağa iddialı olan dövlət də yoxdur, dövlət proqramı da. Yekə-yekə, saxta bəyanatlarla isə narkomaniyanı tükəndirmək mümkün olmur. Bu fəlakətin başında hər bir nəfərin ağrısı dayanır.
Mən “lomka” vəziyyətində olan narkomanın heyvancasına daşıdığı ağrıları seyr etmək imkanı qazanan adamlardan biriyəm. Bu adamlar “lomka”dan çıxdıqdan sonra adam kimi adam olurlar. Amma bir balaca boşluq qazandımı, həmin anda yenidən heroinin satıldığı ünvanlara daraşırlar.
Sizə Seyiddən demişdim. Seyid əməlli-başlı narkoman deyil: “Mənimki araqdır. Arabir də nəşələnərəm özümçün. Yalan danışmaq istəmirəm, bir-iki dəfə heroinə də baş vurmuşam. Amma gördüm ki, yox, bu tamam alayı çevrədir. Orada insanların insanlığı bir başqa şəkildədir. Narkomanın günü belə başlayır: səhər yuxudan durur, başlayır pul axtarmağa, pul tapmaq üçün şərik axtarır, şərik və pul tapmaq üçün başlayır ”bariqanı” axtarmağa, “bariqa”nı tapıb heroin alır, başlayır yer axtarmağa ki, heroini damarına yeritsin. Arabir hətta heroini də, yeri də tapandan sonra bir də şpris axtarışı var: bunları bütün apteklərdə tanıyırlar və çox apteklər tanıdıqları narkomanlara şpris satmağa da risk eləmirlər. Cəhənnəmə, şpris də tapdımı, heroini damara yeritdimi, bununla həyatın balaca bir mərhələsi aşır. Sonra bu axtarışı təzədən başlamaq lazım gəlir. “Lomka” yenidən başlamamış pul tapmaq lazımdır və beləliklə, axtarış dayanmadan davam edir. Narkomanın ayağına sayğac bağlamaq mümkün olsa, görərsən ki, bir gündə ən tərifli atın da getdiyindən artıq yol qət eləyir. Hara gedir? Özləri də bilmirlər. Axtarırlar. Pul, “lox”, “bariqa”, “şpris”, yer və yenidən…”
Onu rədd eləmək çox çətindir. Bayılda “boks”da söhbət elədiyim müdrik cinayətkarlardan biri narkomaniyadan elə dəhşətlə, elə ikrahla danışırdı ki, onun həyatı boyu narkotik tərəfə baxmadığını güman etdim. Amma, “Mən narkomanam, – dedi. – Mən onun bütün mexanizmini bilirəm. Bilirəm ki, narkotik adama haradan, necə yapışır. Sən savadlı adamsan, abstinensiyanın nə olduğunu bilərsən. Biz buna ”lomka” deyirik. Birisi, lap yeniyetmə, cavan birisi bu zibili bir neçə dəfə, hətta çox zaman bircə dəfə daddımı, bu lənətə gəlmiş abstinensiya onun boğazından yapışır, inan. Əvvəlcə anlaşılmaz ağrılar olur. Sonra bu ağrılar tezləşir. Ağrı tezləşdikcə dozanı artırırsan. Dozanı artırdıqca ondan daha çox asılı olursan. Ondan daha çox asıldıqca bütün müqəddəsliklərdən, insanlıqdan daha az asılırsan. Oğlanlar var, bacısının nişan üzüyünü oğurlayıb satır, anasının paltarını satır, “mal” deyilən bu zəhrimara verir. Təki, “lomka”dan qurtarsın. “Lomka” bilirsən, haradan deyilir, müəllim? Ağrıdan adamın sümükləri qırılır. Ona görədir, lomka…”
Indi Bayılı, ölkənin başqa türmələrinin hamısını başına götürmüş bu adamları “şirovoy”, “narkuşa” adlandırır, qəbul etdikləri dozanın dərəcəsindən asılı olaraq, onları ikinci, üçüncü… növ adamlar sayırlr. Bu “şirovoy” da hardan çıxdı? Bu bədbəxtlər ömrü boyu Əfqanıstan çöllərini hərlənmədilər ki! Amma Əfqanıstan çölləri onların içini gəzib-dolaşır. Orada – Əfqanıstanda, Hindistanda, Iranda, Pakistanda, qərəz, südə “şire” deyib içən camaatın təsərrüfatının bir ucu hansı xarabaya gəlib çıxırsa, orada da “şirovoy”lar var. Bu lalə zəhrimarın başını qıranda gövdəsindən südə bənzər möhtəviyyat axır, axı! Bu südə bənzər möhtəviyyat da narkotikdir. Ondan tiryək alınır.
“Şirovoy”lar dünyada at oynadanda hələ kimya farmokalogiyası bu qədər dərindən inkişaf etməmişdi. O zaman narkomaniya bu qədər iri fəlakət deyildi. Iranda hətta yekə-yekə nazirlərdən tutmuş, yesyekə ruhani simalara qədər çoxları tiryəki “xan yeməyi” adlandırırdılar və bu “xan yeməyi” bizim camaatın da xanların mətbəxinə qibtə edən hissəsinin diqqətini cəlb eləyirdi. Yadınıza salın, Sovet hökumətinin kəshakəs vaxtında da Azərbaycanın tiryək bazarının müştəriləri vardı. O zamanlar tiryəki dərman adına atanlar da vardı. Insafən, bu lənətə gəlmişin ağrı kəsməyi var, gözdaxili təzyiqi götürür, qıcolmanı məhv edir, ürəkbulanmanı aparır, hətta bədxassəli şişi də məhv edir. Amma ona dadanan adamları da məhv etdiyi bu pisliklərin sırasına qatıb məhv edir.
Tarixə uzununa baxanda dünyanın fars dilli zolağının elə bir günahı yoxdur. Bu uyuşdurucu təsərrüfatı, bəlkə də, daha çox türkdillilərin işidir. Dünyanın tarix elmi şumerlərin türkdilli olmasını boynuna almaq istəmir, amma dillərinin adını da tapıb qoymur. Bu, turanofobiyadır. Qoy, bununla tarixçilər eşələnsinlər, hansısa konyunkturalarla əlləşsinlər. Lap bu yaxınlara qədər qədim dövrün Urartu kimi nəhəng dövlətini də erməni dövlətçiliyinin tarixinin başlanğıcı sayırdılar. Amma Vanlı Mehmet Kuşman dünyada özündən başqa 35 kişi ilə birlikdə sübut edir ki, Urartunun ermənilərə aidiyyəti yoxdur. Urartuların dili çeçen-inquş dilinin əcdadıdır. Tarixçilər neyləyə bilərlər ki? Urartu dilində bütün kitabələri Mehmet Kuşman da daxil dünyanın cəmi 36 adamı bilir, oxuyur. Urartu tarixində eşələnən saysız-hesabsız alimlər isə bu dili bilmir və eləcə, boyunlarına düşüb deyə, “erməni” deyib, durublar. Şumer də belə. Amma bu Şumerlərin bizim söhbətimizə bircə dəxli var ki, narkotikdən birinci dəfə Mavəraunnəhr şumerlərinin istifadə etdiyi bəllidir. 3500 il bundan əvvəl. 3000 il bundan əvvəl misirlilər opium istehsal ediblər və bunu bütün Şimali Afrikada, Cənubi Avropada yayıblar, – zatən Asiyada var idi. Eramızdan 460 il əvvəl yunan həkimi Hippokrat narkotiki təbabətə gətirib. Tarixçilər narkotikin Çinə aparılmasının günahını ərəb tacirlərinin boynuna qoymaq istəyirlər, amma bu, saxta ittihamdır. Çünki hələ 2500-3000 il bundan əvvəl Çin nəbatətçiləri bitkilərin xassələrini əla bilirdilər və onlara narkotikin, opiumun nə olduğunu başa salmağa ehtiyac yox idi.
ardı var