Mifləri dağıdacaq danışıqlar

Bizdə geniş yayılmış bir “müzakirə” sözü var. “Müzakirə” ərəbcədir, bizim dildə danışma, danışıq deməkdir. Biz danışmağı çox sevən xalqıq. Ancaq daha çox boş-boşuna, gərəksiz yerə. Gərəkən yerdə susmaq, başqalarını da susmağa çağırmaq, başqalarının da susmasına çalışmaq, demək olar, bizim xarakter özəlliyimizə çevrilib. Danışsaq, nə olar? Danışsaq, hakimiyyətin acığına gələr. Bu bizim bir qorxumuz. Danışsaq, nə olar? Danışsaq, aramız dəyər, pozuluşarıq. Bu bizim ikinci qorxumuz. Bunların hər ikisinə boyun qoymaq olardı: istər birinciylə, istərsə də ikinciylə bağlı problem aradan qalxsaydı…
Biz ortadakı ELLIK problemlərə göz yummağa öyrəncəli, alışqan olduğumuzdan problemlərimiz aşıb-daşır. Biz açıq-açığına, ürəklə problemin üzərinə gedərək onu çözməyə çalışmaq yerinə, ona göz yummaqla, dilə gətirməkdən qaçmaqla, danışıq obyektinə çevirməkdən daşınmaqla daha da yoğunamasına, böyüməsinə, çözülməz duruma gəlməsinə çalışırıq. Beləcə, özümüz üçün siçan boyda problemdən FIL boyda problem düzəldirik. Sonra da özümüz özümüzün böyüdüb filə, əjdahaya döndərdiyimiz problemin önündə güzsüz, umarsız qalırıq.
Bizdə bir ata sözü var: heyvan iyləşə-iyləşə, insan dilləşə-dilləşə (Yeri gəlmişkən, bizim Akademiyanın buraxdığı 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti”ndə hər yerdə (hər yerdə!) ata sözü yerinə, “At.sözü” yazılır, sözün az yer tutması üçün  bu bir AKADEMIYA ETIKASIDIR). Xalqdakı demokratik düşüncə görsənişinə baxın: heyvan bir-birilə iyləşə-iyləşə yaxınlaşıb yoldaşlıq eləyirsə, insan da dilləşə-dilləşə, başqa cür desək, danışıq yolu ilə bir-birilə yaxınlaşıb yoldaşlığa çalışmalıdır. Bu, əski Azərbaycan el-ulus düşüncəsi çağdaş DEMOKRATIYANIN başlıca prinsiplərindən deyilmi?!
Bizdəki bir çox siyasilərin davranışlarından, söyləmələrindən göründüyü kimi, demokratiya onlardan ötrü bir statik faktdır, ola bilsin, lap statistika faktıdır. Necə: demokratiya bizdə günlərin bir günü fakta çevrilər, bizdə də demokratiya olar, dönüb demokrat olarıq, olmaz – olmarıq. Bu, yanlış, yaramaz düşüncədir: demokratiya fakt deyil, demokratiya prosesdir; bizim özümüzdə-içimizdə, baxışımızda, düşüncəmizdə doğulan, böyüyən, genişlənən, aramızdan ölkəyə yayılan bir proses. Danışıqlar demokratiyanı diriləşdirən, gəlişdirən, irəlilədən başlıca faktorlardandır. Çeşidli yalanlar, bəlgələr, boyunqaçırmalarla bu başlıca demokratiya faktorundan daşınmaq demokratiyanın özündən daşınmaq deməkdir.
Azərbaycan böyük depressiya içindədir. Sosial-siyasi, milli-mənəvi, ekonomik depressiya ölkəni bütünlüklə çürüdüb yenməkdədir. Biz bu depressiyadan yalnız böyük birlik yoluyla çıxa bilərik. Ancaq bu birlik sağlam birlik olmalı, sağlam kimsələrin birliyi olmalıdır. Ideya-siyasi korrupsiya subyektlərinin, sağlam düşüncədən uzaq kimsələrin topalaşdığı, ən pisi, başa çəkildiyi birlik haracan desən böyük ola bilər, ancaq güclü ola bilməz. Bu baxımdan biz yalnız böyük, böyüklüyündən şişib-dağılan birlik deyil, sağlam, SAĞLAM olduğuna görə də GÜCLÜ birlik yaratmalı, yaratmağa çalışmalıyıq! Ən başlıcası, yaratdığımız birlikdə BAŞIN sağlamlığını qorumaq, başa başı bulaşıqların çıxmasına yol verməmək bizim başlıca borcumuz olmalıdır!
Bəlli olduğu kimi, diktaturanın öz ortamı olur, demokratiyanın öz ortamı. Diktatura ortamında daha çox pislər – doğru-düzgünlükdən uzaq, insan hüquqlarını tanımayan, qanunçuluğa yad kimsələr başa çəkilir. Beləliklə, diktaturanın uğuruna qarantiya yaradılır. Demokratiya ortamında yaxşıların yaxşısını seçmək prinsipi önə çəkildiyindən, demokratik dəyərlərə bağlı olanlara – doğru-düzgün, qanunçu, insan hüquqlarına sayğısı, bu yolda çalışmaları ilə tanınan kimsələrə yüksəlmək, başa çıxmaq üstünlüyü qazandırılır. Belə bir üstünlük qazandırılmayan yerdə demokratiya olmur.