“Azadlıq” radiosunun internet saytında özbək diktator Islam Kərimovun qızı barədə maraqlı bir yazı vardı. Orada indiyədək müğənni, bəstəkar, professor, diplomat, biznes-ledi, moda dizayneri kimi “dünya şöhrəti” qazanan Gülnarə Kərimovanın yeni hobbisindən danışılırdı: toy təşkilatçılığı.
Bəli, Gülnarə Kərimova “1000 toy və 1000 sünnət toyu” adlı bir layihəyə başlayıb, bu işi diktator qızının Forum Fondu həyata keçirir. Əcəbdir: 25 ildir xalqına toy tutan atanın qızı xalqa toy etməklə məşğuldur. Əslində, bu toy da elə Islam Kərimovun xalqa tutduğu toydan mahiyyətcə çox fərqlənmir. Sitat: “Əlilliyinə görə pensiya alan 26 yaşlı Arazdurdi Toşmatov deyir ki, yerli məmurlar onu kütləvi toy mərasimində evlənməyə məcbur ediblər: ”Meriyaya gedib kasıblığımdan şikayətləndim, kömək istədim. Onlar da məni məcbur etdilər ki, Forum Fondunun keçirdiyi toy mərasiminin iştirakçısı olum”.
Meriyadan deyiblərmiş ki, mərasimə qatılmasa, aylıq təqaüdü kəsiləcək. Sonda Toşmatov yenə də təqaüdsüz qalıb: “Biz iyun və iyul ödənişlərini almamışıq. Bankdan bizə dedilər ki, bütün pullar toya xərclənib. Toy yaxşıdır, amma daha yaxşı olardı ki, onun pulu bizim cibimizdən çıxmayaydı…”
Tanış mənzərədir. Bizdə də təzəlikcə “Eurovision” adlı böyük toy oldu, müəllimlərin maaşı gecikdirildi, təqaüdçülərin təqaüdündən kəsildi, səbəb kimi də elə həmin böyük toyu göstərdilər.
Nə isə, əsas mətləbə gələk. Gülnarə Kərimovanın Fondunun tərəfdaşları arasında xeyli şirkət-mirkət var, amma mənim diqqətimi Luvr Muzeyinin də diktator qızının tərəfdaşlarından biri olması çəkdi.
Bizdə də Luvr Muzeyi Heydər Əliyev Fondunun tərəfdaşları arasındadır, muzey direktoru Bakını su yoluna döndərib, Luvr muzeyi neft pullarımız hesabına tez-tez təmir olunur. Bunun qarşılığında isə mən yalnız üç il əvvəl Luvr muzeyində Azərbaycan aşıqlarının konsertinin keçirildiyini xatırlayıram. Sonra heç mənə aydın olmadı ki, el basa-basa burdan ora aparılan aşıqları konsert verəndən sonra geri niyə qaytardılar. Bu qədər aparmışkən onları orda muzeyə də qoymaq olardı.
Səhv etmirəmsə, indi olmasın, vaxtilə Suriya ilə Fransanın “cici-bacı” olduğu vaxtlarda Bəşər Əsədin xanımı da Luvr muzeyinə xeyli maraq göstərirmiş, yardım əli uzadırmış.
Məni diktator ailələrinin bu xüsusi, dəruni Luvr muzeyi sevgisinin səbəbi çox maraqlandırır. Heç bir versiyam yoxdur. Amma bunun bir təsadüf olduğuna da inanmıram. Onları Luvr muzeyinə bağlayan, cəlb edən səbəb mütləq vardır. Bəs nədir o səbəb? Cavabı bilmək maraqlı olardı.
Bir jurnalistika ayıbı
Bir neçə gündür hansı internet saytı açırsan, hansı qəzeti əlinə alırsan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi hansısa müsabiqəyə təqdim olunan bir səhifəlik, palaz boyda yazılar görürsən.
Bizdə bu, xeyli vaxtdır dəbə düşüb, açığı, mən hələ belə müsabiqələrə təqdim olunan bir dənə də maraqlı, zövqlü yazı oxuduğumu xatırlamıram, bu müsabiqələr bir qayda olaraq onu keçirən nazirliyin piarına hesablanıb. Elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim olunan, maraq xatirinə göz atdığım bir dənə də yazı yoxdur ki, orada bu nazirliyin şəninə tərif deyilməsin, tost qaldırılmasın.
Hakimiyyətyanlı KIV-lərin jurnalistlərinin yazılarında isə vəziyyət daha ağırdır: onlar mütləq Heydər Əliyev, Ilham Əliyev, Mehriban Əliyeva, Heydər Əliyev Fondu barədə də ölüsü yerdən bir abzas qırıldatmalıdırlar.
Başadüşüləndir: belə müsabiqələrdə adətən 1-ci yerin qalibi məlum olur, sonrakı yerləri isə tərifin dozası, məddahlıq istedadının gücü müəyyənləşdirir. Qısası, ortada jurnalistika adına elə bir ayıba şahidik ki, nə siz soruşun, nə mən deyim.
10 ildir jurnalistliklə məşğul oluram, bu müddətdə sadəcə bir dəfə – 7-8 il əvvəl Müdafiə Nazirliyinin vətənpərvərliklə bağlı keçirdiyi müsabiqəyə yazı təqdim etmişəm. Onda da mənə zəng edib yazımı bəyəndiklərini, hətta oradakı tənqidi notlara belə, göz yummağa hazır olduqlarını, yazının sadəcə, bir qüsuru olduğunu dedilər: bircə yerdə də “dahi rəhbər”in adının olmaması! Bunsuz yazının qalib gəlmək şansının qalmadığını söylədilər.
Mən də yazımı geri götürdüm.
O zamandan bu yana vəziyyətin dəyişdiyinə isə inanmıram.

Luvr muzeyinin bir sirri
•
•