O şirkətdə tək Gülər Əhmədovanın adı hallanmır

“Bu şirkətlərin arxasında Ramiz Mehdiyev, Bəylər Əyyubov və Vasif Talıbov dayanır”

YAP-çı deputat qalmaqalla bağlı qəzetimizə açıqlama verdi

Mətbuatın daim diqqətdə saxladığı mövzulardan biri də tikinti şirkətləri tərəfindən aldadılan vətəndaşlarla bağlıdır. Bu günlərdə “P.S.nota.com” saytı deputat Gülər Əhmədovanın adını dələduzluq olayında hallandırıb.
 Sayt yazır ki, Gülər Əhmədova fırıldaqçılıqla məşğul olan “Kamran B.Ə” MMC-nin arxasında dayanan fiqurlardan biridir. Saytın məlumatına görə, deputatla MMC-nin təsisçisi, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə həbs olunan Ələkbər Babayev arasında xeyli zamana dayanan işgüzar münasibətlər olub. Bu cür irimiqyaslı işə başlayarkən Ələkbər Babayev “Azəriqazbank”dan 2 milyon manat kredit götürüb. Krediti əldə etmək üçünsə Gülər Əhmədova zamin dayanıb. Amma kredit vəsaiti tam xərclənsə də, banka ödənəcək nəinki kredit faizi, hətta əsas məbləğin özü də qaytarılmayıb. Bank bu məsələ ilə bağlı prokurorluğa müraciət edib. Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi “Azəriqazbank”ın çoxsaylı şikayətləri əsasında, iyunun 21-də Bakı Istintaq Təcridxanasında saxlanılan Ələkbər Babayevlə Gülər Əhmədovanı üzləşdirməyə cəhd edib. Lakin Gülər Əhmədova deputat səlahiyyətlərindən istifadə edərək, üzləşməyə gəlməkdən imtina edib.
Mövzu ilə bağlı “Kamran B.Ə” şirkətinin aldatdığı vətəndaşların hüquqlarını müdafiə edən Ələkbər Məmmədovun mövqeyini öyrəndik. G.Əhmədova ilə “Kamran B.Ə” şirkətinin təsisçisi Ə.Babayev arasındakı işgüzar əlaqələr barədə məlumatsız olduğunu deyən Ə.Məmmədov bildirdi ki, ümumiyyətlə, istər adı çəkilən bu şirkət, istərsə də eyni binanı daha sonra “Kamran B.Ə”dən alaraq satışa çıxaran “Şərur MTK”nın arxasında müxtəlif dövlət məmurlarının dayandığı deyilir. “Şərur MTK”nın sahibi Isfəndiyar Axundovun “Kamran B.Ə”nin tikdiyi və bir neçə payçıya satdığı mənzilləri yenidən bazara başqa şərtlərlə çıxardığını vurğulayan Ə.Məmmədov bilidirdi ki, I.Axundovun məsuliyyətə cəlb olunması xeyli problemli göürünür: “Hətta bu işlə məşğul olan müvafiq dövlət qurumları belə etiraf edirlər ki, Isfəndiyar Axundov işlərini elə qurub ki, onun istintaqa cəlb olunması qeyri-real görünür. Lakin məlum olan odur ki, ”Kamran B.Ə”nin inşa etdiyi binanı daha sonra zəbt edən “Şərur MTK” onsuz da bir neçə nəfərə satılan mənzilləri yenidən başqa payçılara satıb. Bu zaman da bir mənzil bir neçə nəfərə tamamilə başqa şərtlərlə satılıb. Bu şirkətlərin arxasında dayanan şəxslərin adlarına gəlincə, onlar sırasında ən yüksək dövlət məmurları var. Bu məmurlar Ramiz Mehdiyev, Bəylər Əyyubov və Vasif Talıbovdur. Azərbaycanda bu cür addımları hökumətdən ciddi dəstək olmadan atmaq mümkün deyil”.
Ümumilikdə “Kamran B.Ə” MMC-yə qarşı 96 iddianın qaldırıldığını deyən Ə.Məmmədov bildirdi ki, amma MMC-nin fəaliyyətindən ziyan çəkənlərin sayı 300 nəfərə qədərdir. Yayılan məlumatlara görə, hazırda saxlanılan “Kamran B.Ə”nin rəhbərliyinin əmlakı 1.5 milyon manat məbləğində dəyərləndirilib və bu əmlak hərac vasitəsilə satıldıqdan sonra zərərçəkənlərin pulları qaytarılmalıdır.
G.Əhmədovanın zaminliyi ilə “Azəriqazbank”dan 2 milyon manat kredit götürülərək sonradan qaytarılmamasına gəlincə, Ə.Məmmədov hesab edir ki, bu informasiya doğrudursa, qəribə heç nə yoxdur. Çünki bu cür dələduz tikinti şirkətlərinin əldə etdiyi maliyyə dərhal ya mənimsənilir, ya da müxtəlif məmurlara rüşvət formasında təqdim olunur.
Mövzu ilə bağlı G.Əhmədova da qəzetimizə açıqlama verib. Onun qəzetmizə ünvanladığı cavabda deyilir: “”Azadlıq” qəzetinin 12 iyul 2012-ci il tarixli sayında dərc edilmiş yazı ilə əlaqədar bildirirəm ki, orada göstərilənlərin həqiqətlə heç bir əlaqəsi yoxdur və böhtandır. “Kamran B.Ə” MMC tərəfindən aldadılanlar arasında mənim qohumlarım da var. Mən onların pullarının geri qaytarılması üçün müraciət etmişəm. Mənim guya şirkətin təsisçisi ilə işgüzar münasibətlərimin olması, onun hansısa bankdan kredit götürməsində vasitəçiliyim barədə yayılan xəbərlərin əsası yoxdur”.

Hikmət