Mütəllibov yeni təşkilat yaradır?

ASDP sədri məlumatsızdır, Murad Babayev isə təkzib edir

“Yeni Müsavat” qəzetinin son sayında gedən məlumata görə, mühacirət həyatına son qoyub biryolluq vətənə dönən eks-prezident Ayaz Mütəllibovun siyasətdən tam kənarda qalmaq niyyəti yoxdur.
Qəzetin yazdığına görə, A.Mütəllibov Bakıya dönməzdən bir neçə gün əvvəl Sosial Demokrat Partiyasından (ASDP) istefa verməklə partiyalılığına son qoyub, ictimai-siyasi aktivliyinə yox. Bir partiyanın üzvü və həmsədri olması eks-prezidentin müstəqilliyinə əngəl yarada bilərdi. Onun üçün də Mütəllibov məlum addımı atıb. Qəzet yazır ki, eks-prezident ölkəyə rəhbərlik etdiyi dövrlərdə müxtəlif vəzifələr tutmuş şəxslərlə görüşlər keçirir. Xəbərlərə görə, yarımsiyasi ictimai fəaliyyətlə məşğul olacaq eks-prezidentin Ziyalılar Forumuna rəqib olacaq bir qurum – Ziyalılar Birliyi yaradacağı gözlənilir. Ona bu işdə ən yüksək səviyyədə dəstək veriləcək. Mütəllibovun rəhbərlik edəcəyi yarımsiyasi ictimai birliyə artıq siyasətdən uzaqlaşan nüfuzlu ziyalıların cəlb ediləcəyi gözlənilir. Bu şəxslərin arasında keçmiş spiker Yaqub Məmmədov, Ali Sovet sədrinin sabiq müavini Telman Orucov, sabiq deputat Gülnarə Qurbanova, keçmiş baş prokuror Murad Babayev və başqa tanınmışların adı çəkilir.
Məsələ ilə bağlı A.Mütəllibova yaxınlığı ilə seçilən ASDP sədri Araz Əlizadənin mövqeyini öyrəndik. A.Əlizadə bildirdi ki, qəzetdə A.Mütəllibovun yeni təşkilat yaratmaq niyyəti ilə bağlı gedən informasiyadan məlumatsızdır və yazılanlarının nəyə əsaslandığını bilmir.
A.Mütəllibovun təşkilatında təmsil olunma ehtimalı olan şəxslərdən keçmiş baş prokuror Murad Babayev, ümumiyyətlə, yazılanları təkzib etdi: “Yazılanların həqiqətlə heç bir əlaqəsi yoxdur. Mənim heç bir təşkilata üzv olmaq niyyətim yoxdur. Ümumiyyətlə, Ayaz Mütəllibovla heç bir görüşüm olmayıb”.

Hikmət