Hüquq müdafiəçiləri Əliyevin ittihamlarına cavab verdi

Leyla Yunus:”O bilməlidir ki, kimsə hakim partiyadan fərqli fikrə sahibdirsə, bunu qəbul etmək lazımdır”

Rəsul Cəfərov: “Əmin ola bilərlər ki, bundan sonra da həmin mövqeyimizdə qalacağıq”

Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin iclasında növbəti dəfə müxalifətin ünvanına ittihamlar səsləndirib. Bakıda keçirilmiş “Eurovision” ərəfəsində “gözlənilməz kampaniya” ilə üzləşdiklərini deyən ölkə başçısı buna görə müxalifəti günahkar bilib. O zaman yalan və böhtan üzərində kampaniyanın aparıldığını deyən Əliyev hakimiyyəti tənqid edənləri milli satqınlar, xəyanətkarlar, antimilli qüvvələr adlandırıb və onları erməni lobbisi ilə iş birliyində günahlandırıb.
Bu ittihamlardan “Eurovision” ərəfəsində ölkədə baş verən neqativ halları, insan haqları və demokratiya sahəsindəki problemləri dünyaya çatdırmaq istəyən hüquq müdafiəçilərinə də pay düşür. Bu səbəbdən ölkə başçısının ittihamlarına onların da münasibətini öyrəndik.
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus Azərbaycan hakimiyyətində keçmiş SSRI-dən qalan fikrin hökmranlıq etdiyini deyir: “Yəni kim bizimlə deyilsə, o bizə qarşıdır. Fərqli fikir qəbul olunmur. Hüquq müdafiəçisinin sözlərinə görə, prezident konstitusiyanın, demokratik azadlıqların, söz azadlığı və plüralizmin qarantıdır. O bilməlidir ki, kimsə, hətta bu azlıq təşkil etsə də, hakim partiyadan fərqli fikrə sahibdirsə, bunu qəbul etmək lazımdır. Hər kəs fikrini demək haqqına sahibdir. Hakimiyyətin fikirlərindən fərqli fikirlərə hörmətlə yanaşmaq lazımdır. Lakin YAP iqtidarı bunu bacarmır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov isə vətəni, xalqı, dövləti çox sevdiklərini və əllərinə düşən imkanlardan istifadə edərək insan haqlarının qorunması, demokratiyanın bərqərar olunması istiqamətində addımlar atacağını deyir: “Həmişə demokratik islahatların aparılmasının zəruriliyini qeyd etmişik və bu istiqamətdə kampaniyalar aparmışıq. Əmin ola bilərlər ki, bundan sonra da həmin mövqeyimizdə qalacağıq”.

Fizzə