“Vaşinqton həmişə insan hüquqlarını pozanlara viza verməkdən imtina edib”
Hələlik Azərbaycan məmurlarına qarşı ABŞ hökuməti tərəfindən viza məhdudiyyətlərini ifadə edən hər-hansı məxsusi qərar yoxdur. Bu barədə Vaşinqtondakı mənbə “Turan”ın müxbirinə Bakı KIV-lərinin bu mövzuda yaydığı məlumatları şərh edərkən bildirib. “Lakin məsələnin bu cür qoyuluşu ümumiyyətlə doğru olmazdı”, deyən mənbə əlavə edib ki, Vaşinqtonda viza üçün müraciət edənlərin işlərinə “fərdi” yanaşırlar.
“Insan haqlarının kobud pozuntusunda adı hallanmış şəxslərin əməlləri heç zaman diqqətimizdən yayınmır. Biz onların cəzalandırılmasına nail olmaq üçün dünyanın hər yerində çalışırıq. Elələrinə viza verilməsindən imtina edilməsi üçün də kifayət qədər hüquqi əsas və qanunlar mövcuddur”, deyə mənbə qeyd edib. Konkret olaraq Azərbaycan məmurlarına viza qadağasına gəlincə isə, Administrasiya ilə Konqres arasında bu barədə heç bir razılaşma yoxdur. Əgər Rusiyaya münasibətdə nəzərdən keçirilən Maqnitski qanunu nəzərdə tutulursa, o sənəd hələ Senat tərəfindən qəbul edilməyib və senatorlar qanuna onun mümkün presedentlərini ifadə edə biləcək əlavə-düzəliş gətirmək, yaxud mövcud layihəni dəyişmək səlahiyyətlərini özlərində saxlayırlar, deyə mənbə qeyd edib. Bununla o, bu və ya digər məmura qarşı sanksiya qərarının istənilən an qəbul edilə biləcəyinə eyham edib. Iyulun 11-də Vaşinqtonda dialoqlar aparmış Rusiya Dumasının yüksək səviyyəli üzvləri Administrasiyanı Senatda müzakirə olunan qanun layihəsini geri götürməyə çağırıblar. Lakin bu xahişə məhəl qoyulmayıb.