Vəfa Quluzadə: “Türkiyənin Rusiya ilə danışıqlarda bu ölkəyə təsir etmək imkanları çoxdur”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın gözlənilmədən Rusiyaya gedəcəyi məlum olub. Iyulun 18-də baş tutacaq səfər zamanı əsas müzakirə predmeti Suriya mövzusu olacaq. Eyni zamanda Suriyanın iyunun 22-də vurduğu Türkiyə hərbi kəşfiyyat təyyarəsi ilə bağlı məsələ də gündəmə gələcək və Rəcəb Tayyib Ərdoğan Rusiyadan əlindəki radar görüntülərini istəyəcək.
Qeyd edək ki, bu ərəfədə Rusiyanın Suriyaya silah göndərməyəcəyinə dair məlumatlar yayıldı. Ondan bir neçə gün əvvəl isə ABŞ dövlət katibi Hillari Klinton Əsəd rejiminə qarşı sanksiyaların qarşısını alan Rusiyanın ünvanına ittihamlar səsləndirdi. Belə bir məqamda Ərdoğanın Moskva səfərinin arxasında daha nələr dayana bilər?
Politoloq Vəfa Quluzadə Ərdoğanın Moskvaya təkcə Türkiyə deyil, NATO təmsilçisi kimi getdiyini deyir. Çünki Türkiyənin Rusiya ilə danışıqlarda bu ölkəyə təsir etmək imkanları çoxdur. Indiki mərhələdə Rusiya ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Rusiya bu münasibətlərin pozulmasından narahat ola bilər. Ona görə Suriya məsələsində Qərbi Ərdoğan başqalarından daha yaxşı təmsil edə bilər.
Ekspertin fikrincə, səfərin başqa məqsədi Rusiyanı Bəşər Əsəd rejimini silahlandırmaqdan çəkindirmək və Moskvanın bu məsələdə mövqeyini dəyişməkdir. Rusiya ilə Türkiyə əlaqələrində isə aydın olmayan məsələlər yoxdur.
Ekspertin sözlərinə görə, Rusiya nə qədər canfəşanlıq etsə də, Yaxın Şərqdə qala bilməyəcək. Ona görə nahaqdan nə pul xərcləsin, nə də iqtisadiyyatını gərginliyə salsın. Rusiya artıq Yaxın Şərqi itirib. Vaxtilə bütün Yaxın Şərq ölkələrində hərbi bazaları olan Rusiya Misiri, Iraqı, Liviyanı itirdiyi kimi Suriyanı da əlində saxlaya bilməyəcək. Çünki Rusiyaya iqtisadi, maddi və hərbi baxımdan təzyiqlər artacaq. Ona görə də Moskva bunu əvvəldən nəzərə alıb özünün və başqalarının əsəblərini korlamadan geri çəkilməlidir.
Fizzə