“Kür” vətəndaş cəmiyyəti qərargahı hüquq müdafiəçisi, qərargah fəalı İlham Əmiraslanovun həbsi ilə əlaqədar ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqaya müraciət edib.
Müraciətdə qeyd edilir ki, Əmiraslanov bu il iyunun 8-də həbs edilib və qanunsuz həbs zamanı fiziki zorakılıq və qeyri-insani rəftarla qarşılaşıb.
Hazırda səhhətində ciddi problemlər olmasına baxmayaraq, o, Bakı İstintaq təcridxanasında hələ də zəruri tibbi müayinədən keçməyib. Tibbi müayinə formal, vizual xarakterli olun və onun müalicəsi üçün heç bir tədbir görülməyib.
Müvafiq qurumlara çoxsaylı müraciətlərdən sonra İlham Əmiraslanov ekspertizadan keçib, lakin ekspertizanın rəyi gizlədilir. Əmiraslanovun qulaq pərdəsi zədələnib, qabırğa hissəsində güclü ağrılar, baş ağrıları və halsızlığı var. Ona yaxınları və vəkili ilə görüşmək imkanı verilmir. O, daim ağrıkəsici qəbul edir, həyatı təhlükədədir. Əmiraslanovun ciddi müalicəyə ehtiyacı var, deyə müraciətdə qeyd edilib.
“Kür” qərargahı ATƏT-in Bakı ofisinin rəhbərindən İlham Əmiraslanovun səhhəti və onun haqqında açılan qondarma cinayət işi ilə bağlı məsələni diqqətdə saxlamağı, Bakı İstintaq Təcridxanasında onunla görüşməyi, məhbusun hərtərəfli və obyektiv həkim müayinəsindən keçməsi, müalicə olunması üçün səlahiyyətləri çərçivəsində lazımi addımları atmağı xahiş edir.
İlham Əmiraslanov 2010-cu ildən etibarən Aran zonasında daşqından ziyan çəkənlərin hüquqlarını müdafiə edir. O, silah saxlamaqda ittiham olunur (contact.az).


