Sovet dövrünün məşhur bir lətifəsi vardı. Deyilirdi ki, SSRI-də balıq qıtlığı olanda yığışıb bitib-tükənməyən iclaslar keçirirlər, Yaponiyada eyni durum yarananda isə dərhal balıqçıları dənizə çıxarıb balıq tutur, problemi yox eləyirlər.
Mətbuatda yeni qurumun, Türkiyədə olan Mətbuat və Elan qurumunun Azərbaycanda da tətbiq olunması məsələsi gündəmə gələrkən bu lətifəni xatırladım.
Ilk baxışdan adama elə gəlir ki, bu ölkədə söz azadlığı ilə problem yoxdu. Aşağı-yuxarı istədiyini yaza bilirsən. Hətta söz azadlığının yoxluğu ilə bağlı fikir söyləyəndə bəziləri səni bu “tutarlı” arqumentlə susdurmağa çalışır: “Qardaş, sənə indiyəcən ”gözün üstə qaşın var”, deyən olubmu? Həbsmi ediblər səni, döyüblərmi, oğurlayıblarmı, işgəncə veriblərmi, hansısa təzyiq ediblərmi?”. Əlbəttə, başına bu hekayətlər gəlməyən birisənsə və düşünmədən cavab verməli olacaqsansa (onlar da məhz düşünmədən verilən cavab taktikasını nəzərə alaraq belə sual verirlər), onda deyəcəksən ki, yox, mənə “heç zad” eləməyiblər.
Ancaq, düşünək, görək, həmin sual ustaları eyni sualı Elmar Hüseynova, Qənimət Zahidə, Bahəddin Həziyevə, Aqil Xəlilə, Seymur Həziyə, Xədicə Ismayıla və onlarca başqasına verə bilərlərmi? Axı cavab öncədən bəllidi. Bəli, verməzlər, lakin buna cəsarət eləyən biri olsa, təbii ki, həmin şəxsin üzündə həya deyilən şeydən əsər-əlamət olmamalıdı. Çünki o qayıdıb deməlidi ki, sizi sözə görə tutmayıblar. Ya məsələn, Elmarın ruhuna üz tutub deyə bilərlər ki, səni sözə görə öldürməyiblər ki…
Söz azadlığının mövcudluğu hələ təkcə o demək istədiyin sözü deyə, yaza bilmək deyil. Bunu anlamaq bu qədərmi çətindir? Məsələ o yazını yazana kimi “nə olacaq” deyə düşündüklərindi, keçirdiyin stress, qorxu, qeyri-müəyyənlik hissidi. Yazar yazı prosesində başına gələcəkləri düşünürsə, “kimdən yaza bilər, kimdən yox” deyə fikirləşirsə, özündən əvvəl başqa yazarların başına gələnləri gözünün qabağına gətirib çək-çevir eləyirsə, artıq bu o deməkdi ki, senzuranın ləğvi heç nəyi dəyişmir. Bəlkə psixoloji durumu daha da qəlizləşdirir. Məsələn, biz mətbuatda senzuranın olduğu çağlarda yazanda qorxu hissi keçirmirdik. Bilirdik ki, senzura hansı sözü buraxmaq olarsa, onu buraxacaq və bir növ səni gələcək təhlükələrdən sığortalayacaq. Sən isə vicdanın qarşısında gözükölgəli olmayacaqsan – yəni, mən yazdım, ama nə etməli, kəsib çıxardılar. Indi isə senzorluq müəllifin öz üzərinə düşür. Vicdanından abır-həya eləyən yazar sözünü qısmamağa çalışır, yazır, rahat olur bu mənada, ancaq yarınlar nə baş verəcəyini düşünərək əməlli-başlı stresə girir.
Mətbuatın yayımı problemi isə ayrı bir dərddi. Qəzet aləmində kimsəyə sirr dseyil ki, yayım məsələsində necə süni əngəllər yaradılıb ki, qəzetlərin tirajı artmasın, zərərə uğrasınlar. Müstəqil qəzetlərin yayılması, əsasən də “Azadlıq”ın bölgələrə qısıq sayda göndərilməsi pozulmaz bir qaydaya çevrilib. Paytaxt, eləcə də bölgələrdə əl yayımının yığışdırılması qəzetlərin belini qırır. Kənd və qəsəbələrdən danışmağa isə heç dəyməz. Artıq 20 ilə yaxındı ki, kəndlilər qəzetin nə olduğunu belə, ancaq təsəvvür eləməyə çalışırlar.
Mətbuatın problemi bunlarla bitsəydi hələ dərd yarıydı. Lakin bütün problemləri burda sadalamaq mümkün deyil. Hakimiyyət isə üst-üstdən mətbuatla bağlı qərarlar qəbul edir, yeni qurumlar yaradır, uzun-uzadı anlamsız iclaslar, müzakirələr keçirir. Kəsəsi, balıq yerinə iclas…

Balıq yerinə iclas
•
•