Ölüm ünvanı səhv saldı…

Fərman Ceyranlı, tibb elmləri doktoru

Neçə gündür ürəyi qan ağlayanlardan biri də mənəm. Dəyərli bir oğul, dəyərli bir vətəndaş, dəyərli bir dost, dəyərli bir insan yoxdu sıramızda. Vaxtsız, çox vaxtsız bir ölümdən ürəyimiz burxuldu. Tale, qədər, yazı deyirlər. Belə tale, belə qədər, belə yazı olurmu?!
Ölüm ünvanı səhv saldı. Bənzərsiz mərdliyi, bənzərsiz kişiliyi, bənzərsiz qeyrəti, bənzərsiz nifrətilə dumduru bir ömür yaşayan və bu dumduru ömrü vətən naminə, köməksizlərin hoyuna yetmək naminə, yamanlığı, xəbisliyi, gözügötürməzliyi, riyakarlığı dağlamaq naminə çıraq eləmişdi.
Isaxan Qara oğlu Aşurovun yapışıqlı səsini bir daha eşidə bilməycəyik, onunla bir daha kəlmələşə bilməyəcəyik. Isaxanlı xatirələrlə kəlmələşəcəyik. Həm də bacarsaq…
Məni haqsız olaraq vəzifədən azad etmişdilər. Bu qərəz bir ayrı biçim qərəz idi. Həm də məsuliyyətə cəlb olunmuşdum. Günahsızlığımı sübuta yetirmək o qədər də asan məsələ deyildi. Istintaq gedirdi.
Isaxan Aşurovu tanıyırdım. Ünvanına deyilənlərdən həmişə qürurlandığım bu hüquqşünasın nə qədər duyğusal, nə qədər insansevər, nə qədər həqiqətpərəst olduğunu istintaq altında olduğum zaman gördüm. Istintaqa cəlb olunan bir vətəndaş kimi mənim də müdafiəyə ehtiyacım vardı və heç bir təşəbbüs, xatırlatma olmadan bu işi Isaxan gördü, vəkil kimi bacarığını, qabiliyyətini, vaxtını, əsəbini mənim bəraət almağım üçün sipər eləsin deyə vəkil dostu Elton Quliyevi göndərmişdi…
Isaxan təmənnasız insan idi. Elədiyi yaxşılıqların müqabilində iynənin ucu boyda da olsa əvəz güdməzdi. Nə eləyirdisə, ürəyinin hökmü ilə eləyirdi. Mənim də taleyimə qondarılmaqda olan şər, böhtan buludunu ürəyinin hökmü ilə, dostunun vasitəsilə dağıtmağı qərara alıbmış…
Təmkinli söhbəti, arqumentlərə məntiqli münasibəti, hansı “faktı” hansı faktla təkzib eləməyin mümkünlüyünü xatırlatdı. “Elə deyilmi, Elton?” – nəzakətlə dostundan soruşdu.

Isaxan çox həssas insan idi. O, xalqını, millətini, sözün əsl mənasında, varlığı qədər sevirdi. Istər fərdi, istərsə də milli, xəlqi heysiyyəti, dönməz əqidəsi, barışmaz nifrəti məmləkət boyu, Turan boyu Domokl qılıncı idi, şübhəsiz. Və bu qılınc dağları duman alanda da, yollara daşlar atılanda da, şərə, böhtana, gözügötürməzliyə əmzik veriləndə də kəsərdən düşməzdi, kəsilməli olanlardan kəsdiyini kəsərdi, cilalanmışları yarımcan edərdi…
Isaxan yaman günün dostuydu. Elə bil duyumunda qu tükü vardı, öz məqamında, vaxtında, ləngimədən çətinliyə düşən dostunun yanında olardı.
“Lanset” cərrahiyyə klinikasına qəflətən adını çəkmək istəmədiyim təşkilatdan 10-15 nəfərlik qrup gəldi. 4 nəfər işçimizi həbs elədilər. Mən dərhal jurnalistlərə məlumat çatdırdım, mətbuat konfransı keçirdim. “Azadlıq” radiosu vasitəsilə informasiya mətbuata sızanda bunu Isaxan da eşidibmiş. Dərhal mənə zəng elədi. Narahatlığını bildirdi. Hiss elədim ki, yenə həbs olunmağımdan ehtiyatlanır. Bu, mənim taleyimə sayğı idi. Bir az keçmiş vəkil göndərdi…
Vaxt tapanda Sahil parkında gəzişir, necə deyərlər, “dərdləşirdik”. Çox maraqlı həmsöhbət idi Isaxan. Həmişə də ayağından şikyətlənirdi, əməliyyat olunmuş yerin ağrıdığını deyirdi. 3 il əvvəl genişlənmiş venaya görə ayağından əməliyyat olunmuşdu. O vaxtlar mən işləmirdim, bu səbəbdən başqa cərraha müraciət etmişdi. “Ola bilsin çapıq toxuması əmələ gəlib” – deyirdim. Ağrıların ötüb-keçmədiyini sezincə narahat oldum, “Lanset”ə gəl, baxaq görək nə məsələdi” – dedim. Razılaşdı.
Gəldi. Həminki bənzərsiz ciddi təəssümlə. Sarğı otağında ayağına baxdım. Əməliyyat olunmuş nahiyədə bərklik vardı. Məlum oldu ki, 3 il əvvəl olunmuş əməliyyat vaxtı dərinin altında yad cisim – bint (tibbdə buna trunda deyilir) qalıb (təxminən 1 metr uzunluğunda!). Bintin bir hissəsini kənarlaşdırmışdım. Elə bir vəziyyət yaranmışdı ki, əməliyyatı saxlamaq olmazdı, qalan iş əməliyyat otağında ümumi narkoz altında davam etdirilməli idi. Bunu Isaxana bildirdim. Razılaşmadı və qəti etiraz elədi. “Sabah Eynullanın (Eynulla Fətullayev – red.) məhkəməsidi, mütləq orda olmalıyam, sarıqlı-sarıqlı da olsa gedəcəm” – dedi. Çarəsizliklə üzünə baxdım. Bilirdim ki, onu inadından döndərə bilməyəcəm. Isaxan peşəsinin fədaisi idi, özünün dediyi kimi, “belə xırda, əhəmiyyətsiz məsələləri” hüquqlarını müdafiə elədiyi vətəndaşın taleyinə pərsəng eləməyi bacarmırdı. Elə buna görə də vəkil olduğu işlərin əşksəriyyətini udurdu, çoxusu da Avropa Məhkəməsinə çıxarılırdı…
Cərrah olaraq bunun yolverilməz olduğunu bilirdim. Ancaq nə etməli, vətənsevər bir oğulun, istedadlı bir hüquqşünasın, dəyərli bir dostun sağlamlığını taleyin axarına buraxa bilməzdim. Yerli keyləşdirmə ilə yad cismi tam çıxardım. O bir saatda Isaxanın səbrinə, dözümünə, dəyanətinə indi də heyrətlənməkdəyəm…
Vəkil kimi cəlb olunduğu işlərin bəzilərində tibbi məsələlər də olurdu. Bu məsələlərə aydınlıq gətirmək üçün Isaxan məndən müəyyən məsləhətlər alırdı; prosesdə hakimi də, dövlət ittihamçısını da heyrətləndirirdi. Hüquqşünasın tibbə bu səviyyədə bələd olması, fenomenal bir hal idi…
Xəstəliyinə ilk diaqnozu mən verdim. Onda nə hala düşdüyümü bir Allah bilir. Özümü ələ almağı bacardım, təcili əməliyyat olunmasını dedim. Gülümsündü. Bu təbəssümün təəssüf çalarını sezmək çətin deyildi. Onu da sezdim ki, bu təəssüf sağlamlığa sayğıdan daha çox görüləsi işlərə görə idi…
Isaxan el-obanı varlığıyla sevirdi, Borçalıyla, Faxralıyla nəfəs alırdı. Borçalı, Faxralı adı onun ürəyini telləndirirdi. Elə bu sevginin təsiriydi ki, özünə son ünvan olaraq Faxralını seçmişdi, belə vəsiyyət eləmişdi. Bu, bənzəri olmayan bir sevginin təzahürü idi, şübhəsiz. Faxralıları, Faxralını Faxralı kimi sevməsini arzulayıb, bunu ölümüylə də çatdırdı faxralılara, ümumən Borçalılara…
Isaxan dəyərli insan idi…
Isaxan əsl vətəndaş idi…
Isaxan vətənsevər vətəndaş idi. Onun millətsevərliyi, dövlətsevərliyi çoxuna görk idi…
Isaxan qeyrətli oğul idi…
Isaxan köməksizin dayağı, haqsızın düşməni idi. O, dəyərli ömrünü, örnək ömrünü təmənna nə olduğunu bilmədən yaşadı –
Isaxan kişilik simvolu idi…
Ölüm ünvanı səhv saldığından daha Isaxanlı xatirələrlə kəlmələşəcəyik. Həm də bacarsaq…