Mobil rabitə bazarında da uduzuruq

Azərbaycandakı tariflərin də dünyada analoqu yoxdur

Azərbaycanda mobil operatorların tariflərinin bahalığı dəfələrlə müzakirə predmetinə çevrilib. Xüsusilə də rouminq tariflərinin bahalığı narahatçılığa səbəb olub. Hətta Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov da ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını dəfələrlə kəskin tənqid edib, mobil operatorların qiymət sisteminin şəffaf və qənaətbəxş olmadığını, beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq etdiklərini deyib. Lakin bu iradlar mobil operatorları yumşaltmır.

Ermənistanda qiymətlər Azərbaycandan ucuzdur

Başqa ölkələrdəki vəziyyətlə müqayisə edəndə Azərbaycanda qiymətlərin necə baha olduğunu aydın görmək olur. Məsələn, Rusiya mətbuatının verdiyi məlumata görə, Azərbaycanda mobil telefonla danışığın qiyməti hər dəqiqəsinə görə təxminən 0,12 dollar olduğu halda Özbəkistanda bu göstərici 0,02 ABŞ dollarına bərabərdi. Moldovada bir dəqiqənin qiyməti 0,11 dollar, Belarusda 0,08 dollar, Ukraynada 0,07 dollar, Tacikistan və Qırğızıstanda isə 0,05 dollardır. Ermənistanda da qiymətlər Azərbaycandan ucuzdur. Bu ölkədə mobil telefonla danışığın bir dəqiqəsinin qiyməti 0,10 dollardır.
Başqa ölkələrdəki qiymətlərlə müqayisədən əvvəl Azərbaycanda yerli operatorların qiymətlərinə nəzər salaq.

Üç operator, bir qiymət…

Ölkədə fəaliyyət göstərən hər üç operator – “Azercell”, “Bakcell” və “Narmobile” yalnız operatordaxili zənglər üçün güzəştlər təklif edir. Başqa operatora zəng isə müştəriyə xeyli baha başa gəlir. Bu səbəbdən də əksər  vətəndaşlar hər üç operatorun nömrələrini istifadə etmək məcburiyyətində qalır. Bu da əlavə xərc deməkdir. Rouminq xidmətlərinə və beynəlxalq zənglərə müəyyən edilən tariflərə nəzər salanda da qiymətlərin baha olduğunu görmək olur. Məsələn, “Bakcell” müştəriləri beynəlxalq nömrələrə zəngin bir dəqiqəsinə görə 37-50 qəpik ödəməli olur. Əgər MDB və Baltikyanı ölkələrə (zona 1) zəngin bir dəqiqəsi 37 qəpikdirsə, Türkiyə və Irana (zona 2) 43 qəpik, Avropa, Amerika və digər ölkələrə (zona 3) 50 qəpikdir. “Bakcell” abunəçisi rouminq xidmətindən istifadə etdiyi təqdirdə də olduğu ölkədən asılı olaraq zənglərin bir dəqiqəsinin qiyməti 1,80 manatdan 5,10 manata qədər dəyişir. Həmçinin daxil olan zənglərə görə yenə də ölkədən asılı olaraq balansdan 0,65 manatdan 2,55 manata qədər çıxılır.
“Narmobile”də beynəlxalq zənglərin qiyməti eynilə “Bakcell”də olduğu kimidir. Abunəçi ölkədən asılı olaraq zəngin bir dəqiqəsinə görə 37-50 qəpik ödəməli olur. Rouminq xidmətinə qoşulduğu halda isə ölkədən asılı olaraq çıxan zənglərə görə 1,25 manatdan 3,5 manata qədər, daxil olan zənglərə görə 0,5 manatdan 2 manata qədər, SMS-lərə görə isə 0,25 manatdan 1 manata qədər ödəməli olur. “Baksel”in təklif etdiyi internet xidmətlərində də şəffaflıq yoxdur. Belə ki, 3G sürət data kartını alan şəxsə birinci ayında 3, sonrakı aylarda isə 5 Qb trafik veriləcəyi deyilir. Lakin bu data kartı əldə edən müştərilər gözlənilmədən “sürprizlə” üzləşib. Məlum olub ki, müştərilərə vəd edilən 5 Qb-nin əvəzinə “Bakcell” 3 Qb verir. Bunun səbəbini isə istədikləri vaxt müqaviləyə dəyişilik etmək hüququ olmaları ilə izah edirlər. Belə ki, “Bakcell” müştəriyə bu barədə məlumat vermədən istənilən an artıq pulu ödənmiş trafiki azalda bilər.
“Azercell”də də vəziyyət fərqli deyil. Bu operatorun abunəçisi rouminq xidmətindən istifadə etdiyi halda Türkiyədə zənglərə görə 1,40 manat, Rusiyada 1,60 manat, Iran və Gürcüstanda isə 50 qəpik ödəməlidir. Türkiyədən Azərbaycana zəngin bir dəqiqəsinə görə 2,20 manat, Rusiyadan 1,90 manat, Irandan 1,20 manat, Gürcüstandan edilən zəngə görə isə 80 qəpik ödəməlidir. Digər ölkələrdə “Azercell” abunəçisi ölkədaxili zənglərin hər dəqiqəsinə görə 1,60 manat, Azərbaycana etdiyi zənglərə görə isə ölkədən asılı olaraq 1 manatdan 8 manata qədər ödəməli olur.
Bu yerdə xatırladaq ki, Azərbaycanda minimum əmək haqqı 93,5 manat, orta aylıq əmək haqqı isə 368 manatdır.
Azərbaycan hökuməti ölkəni inkişaf etmiş ölkələrlə müqayisə etməyi xoşladığından mobil rabitə tariflərini də bu ölkələrlə müqayisə etmək niyyətindəyik.
Almaniyada 22-29 avroya bütün istiqamətlərə limitsiz danışmaq olar Ilk olaraq minimum əmək haqqı 3 min avro olan Avropanın aparıcı ölkələrində mobil tariflərə nəzər salaq. Bu ölkələrin, demək olar, hamısında müştəri operatorla müəyyən müddətlik müqavilə imzalayır, bu müddət, adətən, 2 ildən artıq olmur, nəticədə pulsuz telefon və nömrə əldə edir. Razılığa əsasən, müştəri göstərilən müddətdə həmin rabitə operatorunun xidmətlərindən istifadə etməlidir. Tariflərə gəldikdə isə, məsələn, Almaniyada operatordan asılı olaraq 22-29 avro ödəməklə bir ay ölkədaxili bütün istiqamətlərə limitsiz danışıq imkanı əldə etmiş olursan. Bu zaman bir neçə tarif paketi təklif edilir, bu da əsasən internet trafiki və SMS-lərə, o cümlədən digər operatorlara zənglərlə bağlıdır. Hətta müştəri öz seçimi ilə digər operatorlardan biri ilə pulsuz danışıq əldə edə bilər. Bu ölkədə 4 mobil operator var və ölkənin bütün ərazilərində yüksək keyfiyyətdə mobil rabitə xidməti göstərilir. Xarici ölkələrə zənglərə gəldikdə isə, bir dəqiqənin qiyməti təxminən 50 avrosent təşkil etsə də, Avropa ölkələri və Türkiyə üçün xüsusi güzəştlər var. Ancaq müştəri hər hansı mobil operatorla iki illik müqavilə bağlamaq istəmirsə, bu zaman da istifadə edəcəyi tariflər olduqca ucuzdur. Bu zaman danışığın bir dəqiqəsinə görə cəmi 5 sent ödəməli olacaq. Digər ölkələrə edilən zənglərin bir dəqiqəsinə görə isə 19 sent ödəmək lazım gələcək. Rouminq xidmətindən istiadə edənlər isə daxil olan zənglərə görə ödəniş etmir.
Böyük Britaniya və Avropanın başqa aparıcı ölkələrində fəaliyyət göstərən mobil operatorların qiymətləri təxminən eynidir. Ötən ay isə Avropa Parlamenti mobil telefonların sahibinə daha ucuz başa gəlməsi üçün yeni qanun qəbul edib. Qanuna əsasən, SMS-lərin və təqdim edilən internet trafiklərinin qiyməti bir neçə dəfə ucuzlaşdırılıb.

Ən ucuz mobil rabitə ABŞ-dadır

Dünyada ən ucuz mobil rabitə xidmətləri olan ölkələrdən biri də ABŞ-dır. Əhalinin minimum əmək haqqı 4 min avro olan ABŞ-da nəinki ölkədaxili, hətta beynəlxalq zənglərə görə də cüzi ödəniş edilir. Bu ölkədə mobil internetin və SMS-lərin qiyməti başqa ölkələrlə müqayisəolunmaz dərəcədə ucuzdur. Əksər operatorlar aylıq bir neçə dollar müqabilində limitsiz danışıq təqdim edir. Beynəlxalq zənglərin qiyməti isə seçdiyin paketdən asılı olaraq bir dəqiqəsinə görə 1 sent də təşkil edə bilər. Müştərinin seçiminə uyğun olaraq bəzən ölkədaxili zənglər pulsuz, beynəlxalq zənglər isə bir qədər baha olur. Bu zaman 10 dollar ödəyib 2 saat danışmaq mümkündür.

Qonşu qonşuya niyə baxmır?

Gürcüstanda 3 mobil operatorun 4 mln abunəçisi var. Bu sahə ölkədə yetərincə inkişaf edib və beynəlxalq standartlara cavab verir. Bu ölkədə mobil internet xidmətləri də kifayət qədər keyfiyyətlidir. Həmçinin rəqabət mühitinin formalaşması mobil rabitə tariflərinin aşağı düşməsinə də səbəb olub. Bu ölkədə hətta bir operatordan digərinə zəngin bir dəqiqəsi 8 tetri (təxminən 4 qəpik) təşkil edir. Bu ölkənin mobil operatorlarının göstərdiyi rouminq xidmətlərində Azərbaycandan fərqli olaraq daxil olan zənglərə görə hesabdan pul silinmir. Edilən zənglərin hər dəqiqəsinə görə isə qiymət 25-55 tetri (12-27 qəpik) arasında dəyişir.
Ermənistanda da mobil rabitə tarifləri Azərbaycandan ucuzdur. Bu ölkədə operatordaxili zənglər danışıq müddətindən asılı olmayaraq təxminən 9 dram (1,6 qəpik), digər operatorlara zənglər isə orta hesabla 37 dram (təxminən 6 qəpik) təşkil edir. Müştərinin seçdiyi tarif planından asılı olaraq SMS və internet paketlərinin də qiyməti dəyişir. Bu ölkədə rouminq xidmətinə qoşulan müştəri daxil olan zənglərə görə ödəniş etmir.
Başqa ölkələrdəki mobil rabitə tariflərini də misal gətirmək olar. Lakin bir neçə ölkənin nümunəsi Azərbaycanda mobil tariflərin nə qədər yüksək olduğunu göstərmək üçün kifayət edir. Xüsusilə də Azərbaycan hökumətinin özünü müqayisə etməyə xoşladığı inkişaf etmiş ölkələrdəki və yoxsul kimi təqdim etdiyi Ermənistandakı vəziyyətə baxmaq yetər.

Fizzə