Liviyada liberalların zəfəri

Qəzzafi sonrası ilk seçkilərdə Mahmud Cibrilin rəhbərlik etdiyi liberal cəbhə öndə gedir

Liviyada 42 illik Müəmmar Qəzzafi rejiminin devrilməsindən sonra keçirilən ilk parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Inqilab zamanı və sonrakı ilk aylarda ölkəyə rəhbərlik edən Mahmud Cibrilin lideri olduğu liberal meylli Milli Qüvvələr Ittifaqı Partiyasının öndə getdiyi deyilir. Islamçı Ədalət və Inkişaf Partiyası isə ikinci yerdə gedir.
Yüksək Seçki Komissiyasının sədri Nuri əl Abbarın açıqlamasında görə, liberallar Əl Homs bölgəsində 20 min 874 səslə birinci, islamçılar isə 5 min 517 səslə ikinci yeri tutub. Liviya xaricindəki əksər liviyalının Mahmud Cibrilin liderlik etdiyi Milli Qüvvələr Ittifaqı Partiyasına dəstək verdiyi bildirilir. Partiya seçkilərə 70 namizədlə qatılıb.
1981-ci ildən bu yana devrilmiş diktator Müəmmər Qəzzafi rejiminə müxalif mövqe sərgiləyən Məhəmməd əl Miqaryefin lideri olduğu Milli Cəbhə Partiyası da uğur qazanacağını ümid edirdi. “Müsəlman Qardaşları”na yaxınlığı ilə tanınan Ədalət və Inkişaf Partiyası Qəzzafi dövründə siyasi məhbus olan Məhəmməd Savanın liderliyi ilə seçkilərə 73 namizədlə qatılmışdı.
Seçkilərin ilkin nəticələrinə əsaslanaraq söyləmək olar ki, Liviyada Misir və Tunisdə olduğu kimi islamçılar hakimiyyətə gəlməyəcək. Beləliklə, islamçıların səslərin əksəriyyətini qazanacağı təqdirdə ölkənin şəriət qaydaları ilə idarə olunacağına dair təhlükəli iddialar aradan qalxmış olacaq.