Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” əsərində və onun əsasında çəkilən “Qəm pəncərəsi” filmində çarəsiz müsəlmanların ərşə dirənən zülmdən qurtulmaq üçün Həzrət Abbasa məktub yazması sizə tanış səhnələrdir.
Adamlar məktub yazır, onu axar suya atırdılar ki, Həzrət Abbasa çatsın…
Deyirlər, indi də Azərbaycanda bu ənənə yaşayır. Gülməlidir, eləmi?
Təklif edirəm ki, təbəssümlərimizi bir az boğaq. Bir qədər əvvəl keçmiş prokurorluq işçisi ilə görüşdüm. Acalov adlı bu şəxs 30 il prokurorluqda işləyib. Baş prokuror Qaralov onu şəxsi intriqası əsasında qanunsuz olaraq işdən çıxarıb. Acalov deyir ki, işdən çıxarıldığı üç il boyunca, hər gün dövlət başçısının saytına şikayət məktubu yazır, onu dinləmək üçün xahiş edir.
Onun təkcə prezidentə yazdığı ənənəvi məktubların sayı 91 idi. Görüşdən bəri yəqin ki, bu rəqəm yüzə çatar.
Indi sual yaranır: kimin vəziyyəti daha gülməlidir, Həzrət Abbasdan, yoxsa Ilham Əliyev adlı müstəbiddən cavab gözləyənlərin?
Iki ay olmaz, “Azadlıq”d Qusar rayonundan daha bir şikayətçi gəlmişdi. O, məktublarla bağlı artıq başqa ölçü vahidi işlədirdi. Məktubların sayı o qədər çoxalmışdı ki, o, miqdarı kiloqramla ifadə edirdi. Adam Ilham Əliyev və onun əyanlarına iki kiloqram yarım məktub yazmışdı…
Deyirlər, əvvəl söz yaranıb, sonra isə yazı. Bizdə yazı işi, maşallah, pis getmir. Az qala, adam tarixi geri fırlatmaq istəyir ki, yazıdan danışığa keçək. Adamların, qələmi bir yana qoyub, küçədə, meydanda şikayətlərini dilə gətirməsinin daha çox fayda verəcəyinə inananlardanam. Bununla bağlı sadə də olsa, nümunələrim var. Prezident Aparatının qarşısına ən müxtəlif problemlərə görə yığışan adamları çox görmüşəm. Onlara ən kövrək etiraz şüarları səsləndirməyə imkan vermirlər, ağızlarını tuturlar. Amma otağa çəkib ən sərt sözlərini məktuba töküb zati-alilərinə yollamağa razılıq verirdilər…
Bu, qətiyyən yazının gücünü, xüsusən medianın gücünü şübhə altına almağa hesablanan düşüncə deyil. Əksinə, medianın daha güclü, təsirli yazması üçün yaxşı danışanlara ehtiyac var. Reportyorlar yaxşı bilir; bizdə hətta evi təpəsinə uçurulan insanlar da danışmır. Və ya danışanda o qədər nəcib, nəzakətli olur ki, üzərinə qonan ağcaqanadın ruhu belə incimir.
Bizə, danışan insanlar gərəkdir. Deyinən yox, məhz danışan.
Fikir vermisinizsə, bu sahədə hələ ki, Azərbaycan qadınları kişilərdən öndədir. Siz ixtiyari bir avtobusda müşahidə aparın. Sürücünün kobudluğuna, avtobusu bərk sürməsinə, siqnaldan əl götürməməsinə ilk və israrlı reaksiya qadınlardan gəlir. Televiziyaların az-çox problemləri işıqlandırdıqları materiallarda danışanlar da yenə qadınlardır. Xülasə, xanımlar, sizin arxanızdayıq, cəsur olun, biz kişiləri də danışmağa cəsarətləndirin!
Bunun adı çekistlikdir?
Hə, dünən də bir danışan xanımı dinlədim. Onun videosunu internetdə şübhəsiz ki, xüsusi xidmət orqanları yaymışdılar. O, ötən il Naxçıvan MTN-də öldürülən gənc Turac Zeynalovun xanımı idi. Əzbərlədiklərini udquna-udquna Naxçıvandakı demokratik media və hüquq müdafiəçilərinin ünvanına yağdıran bu xanıma zərrə qədər də qəzəblənmədim. Onun başına nə zülmlər gətiriblər… Gizlətdiyi gözlərindən oxunurdu… Adamın çiçəyi burnunda həyat yoldaşını öldürüblər və indi onun özünə qatilin ünvanına məhdiyyə oxutdururlar… Dəhşətdir!
Hörmətli MTN işçiləri!
Mən sizə müraciət edirəm: Adamlığı bu qədər tərk etməyin! Insanları bu qədər alçaltmayın! Insanların heysiyyətini terror etməyin! Inanın, bu cür yaramaz metodlarla nə saxta Əliyev rejimini müdafiə edəÿbiləcəksiniz, nə də özünüzü.
Hər şeyin bir həddi var. Bu insanlara onsuz da ağlagəlməz sitəm etmisiniz, bəs deyilmi?
Bu cür üsullara əl atanlar görəsən, heçmi gecələr vicdanlarıyla baş-başa qalmırlar?
Yəni, Ilham Əliyevi, Vasif Talıbovu o qədər vəli-nemət sayırsınız ki, onların uğrunda bir qadını, həyat yoldaşını itirən bir xanımı repressiyanın məngənəsində amansızlıqla xurd-xəşil eləməyə qərar verirsiniz?

İlham Əliyev üçün şikayət məktubları
•