Bəli, əslində dram erməni pulu deyil, Azərbaycanın sıravi vətəndaşlarının həyat janrıdı. “Azadlıq”ın reportyoru Ramin Dekonun yazısındakı hökmü olduğu kimi qəbul eləmək gərək: “Dörd barmağını itirən, bir ay oğurlanaraq girov saxlanılan, işindən olan 1978-ci il təvəllüdlü bu şəxsin həyatı bir dramdır”.
Kürdəmir rayonunun Mollakənd sakini Iftixar Ağayevdən gedir söhbət. “Azbentonit” zavodunda fəhlə kimi çalışıb, sonra vəzifəsi bir az böyüyüb, maaşı artıb, sonra isə başına böyük bəla gəlib, dərdi-səri artıb. O gün-bu gün çəkmədiyi çilə qalmayıb. Iftixar hətta dövlət başçısının xanımının göz yaşlarını belə görüb. Bunun da çilə, ya fəxr qaynağı ola biləcəyini bilmirəm. Ancaq Mehriban Əliyevanı və onun göz yaşlarını iki addımlıqdan görəndən sonra da onun ağlamalı vəziyyətinin başından bir tük belə əskilməyib də, çoxalıb.
Başına gələnləri təkrar yazmaq fikrində deyiləm. Hərçənd, indi onun arzusu öz dərdini, faciəsini ictimailşdirməkdi. Ki, bəlkə ölkənin birinci xanımı titulunun yiyəsi Əliyeva onunla görüşdən sonra da Iftixarın nələr çəkdiyini bilsin və o görüşdə dediyi kimi yapsın.
… Uzun müsibətdən sonra Iftixar Ziya Məmmədova teleqram vurur: “Teleqramıma cavab gəldi. Deyilən vaxtda nazirliyə getdim, ancaq mühafizə xidmətinin əməkdaşları zavodun nazirlə heç bir əlaqəsi olmadığını deyərək məni bayıra atdılar”.
Sonra ombudsmana: “Elmira xanımın imzasıyla mənə cavab gəldi ki, başıma gələn hadisələrlə bağlı heç nə edə bilməz. Guya onun buna səlahiyyəti çatmır”.
Nəhayət, 50 manat borca Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya göndərilən teleqram və gözlənilməz sonuc: “Cavab məktubu gəldi ki, Mehriban Əliyeva sizinlə görüşmək istəyir. Görüşdüm və ona başıma gələn hadisəni danışdım. Dediklərimi eşitdikcə gözündən yaş süzülürdü. Məni təhlükəsizlik xidmətinin əməkdaşlarına tapşırdı. Onlarla birlikdə nahar etdim, mənə kostyum aldılar, sonra 100 manat pul verdilər. Üstündən bir neçə saat keçəndən sonra dedilər ki, Mehriban xanım sizi yenidən qəbul otağında gözləyir”.
Iftixar bəyin başına gətirilən müsibətlər aşağı-yuxarı hər bir sıravi Azərbaycan vətəndaşının başına gətirilənlərin bu və başqa şəkildə eynisidi, ona görə də nə qədər acı, nə qədər faciəli olsa da, əlahiddəlik baxımından bir o qədər maraqsızdı. Yəni artıq bu tip bir-birinin təkrarı olan hadisələrdə məna axtarmağın özü mənasız bir məşğuliyyətdir. Ona görə də mən bu əhvalatda mənalı hesab elədiyim məqamdan danışmaq istəyirəm. Birinci məqam, birinci xanımın göz yaşlarıdı. Ikinci: ona yeni kostyum alınması, cibinə 100 manat qoyulması, üçüncü isə, hələ bəhs etmədiyim təkrar görüşdə baş verənlərdi – Ziya Məmmədovun, Elmira xanımın iştirakıyla olan görüş. Nəqliyyat naziri zavodun onun olmasını etiraf edir (ayrı yolu da yoxdu), ombudsman susur (onun da başqa yolu yox) və: “Mehriban xanım nazirə dedi ki, bu adamın problemini həll edin. Zavodda işə düzəldin. Əgər bir də mənə şikayət etsə, ərizəni yaz, işdən çıx”. Hə, bir də görüş öncəsinə aid bu məqam: “Qorxudan əlim-ayağım əsirdi, özümü itirdim. Mehriban xanım mənə dedi ki, narahat olma…”.
Bilmirəm, bu dörd maraqlı saydığım məqamı təfsir eləməyə dəyərmi? Hər şey göz qabağında deyilmi? Hər məqam özü dilə gəlib danışmırmı? Lakin bir şeyin altından qalın bir xətt çəkmək istəyirəm: Qorxu, qorxu, yenə də qorxu!
Dramın sonu isə son dərəcə təbiidi, melodramatik heç nə yoxdu. Adam oğurlanır, daha böyük işgəncə görür və “Azadlıq”a danışır. Söhbətin bir daha birinci xanımın qulağına çatmasını istəyir. Ancaq bununla nə dəyişəcək? Onsuz da Iftixar tək deyil, birinci xanımınsa 9 milyona ağlamaq vaxtı və imkanı yox. 9 milyon ağlayır da, nə olur?
Gözünüzü silin, vətəndaşlar! Ağlayana ən yaxşı halda dəsmal verilir, azadlıq deyil. Baxın, ölkəni də sel aparır…

Dram erməni pulu deyil…
•
•