Dünən bir rəsmi statistika açıqlandı, orada deyilirdi ki, 2009-cu ildə 3538 nəfər yeniyetmə (15-17 yaşlı) qız dünyaya uşaq gətirib. Bir il sonra bu rəqəm daha da yüksəlib – 2010-cu ildə 15-17 yaşlı 4103 nəfər yeniyetmə qız ana olub. 2011-ci ildə erkən yaşda ana olan yeniyetmə qızların sayı isə bir qədər də artaraq 4500-dək yüksəlib.
Bizim xeyli sayda boşboğazın, ağıldan bəlanın, gerizəkalının “əlaqsızlıq”la assosiasiya etməyə çalışdığı, gecə-gündüz pis tərəflərini atıb yaxşı tərəflərini götürmək barədə moizələr oxuduğu Avropanın istənilən ölkəsində bu tükürpədici statistika yeri yerindən oynadardı. Amma baxırıq bizim həmin mentalitet qoruqçuları susurlar. “Milli-mənəvi dəyər” deyəndə ağzına çullu dovşan sığmayanlarımızdan nə bir səs var, nə səmir.
Bu statistika necə yaranıb? Nədir səbəblər? Əlbəttə, bu barədə uzun-uzadı danışmaq olar və lazımdır. Amma heç bu barədə əsl həqiqətləri ortaya çıxaracaq sosioloqlar, psixoloqlar da yoxdur. Çünki bunun üçün də vətəndaş mövqeyinə sahib olmaq lazımdır. Çünki bu barədə danışmaq üçün də adamdan cəsur ürək, həqiqətpərəst olmaq tələb edilir.
Görəcəksiniz, qarşıdakı günlərdə həmin rəqəmlər ətrafında müzakirədə xeyli ekspert mövqe bildirəcək, amma hamısı da ümumi, başdansovdu rəylər verəcək. Biri xarici serialların üstünə yıxacaq hər şeyi, o biri internetin. Facebook-un qara günləri başlayacaq. Günahı xarici serialların üstünə yıxanlarda bu sıraya heç olmasa, Lider telekanalının günün pik saatlarında yaydığı intim görüntüləri əlavə edəcək qədər vicdan və cəsarət də olmayacaq.
Heç kim dərinə getmək istəməyəcək. Heç kim bu rəqəmlərdə Azərbaycanı təhsilsiz günə qoymağın rolundan danışmayacaq, məsələn. Heç bir sosioloq cəsarət edib “regionun lider ölkəsi” deyə vəsf olunan bir ölkədə valideynin ailədəki yükünü xəfiflətmək, evdən bir boğazı azaltmaq, bir mədənin qayğısından azad olmaq üçün qızlarını az yaşda ərə vermək məcburiyyətində qalmasından danışmayacaq. Səfalətin dibə vurduğu bir ölkədə azyaşlı qız uşaqlarının əxlaqsızlığa məcbur qalması hallarının adiləşməsindən danışmayacaq heç bir ekspert. Bütün suçu sosial şəbəkələrin-zadın belinə şələləyəcəklər, mövzu da qapanacaq.
Mənsə başqa şey haqqında düşünürəm. Bu statistika Azərbaycanda hakim olan mental gücün də iflasını ortaya çıxardı. Mentalitetin girovluğunda olan bir toplumun hansı fəlakətlərlə üz-üzə qaldığını, qala biləcəyini göstərdi.
Fikir verin, ölkənin bütün telekanalları milli-mənəvi dəyərlər ətrafında birləşiblər. Səhərdən axşamadək yaltaq, korrupsioner, oğru adamlar öz milliliyimizi necə qoruduğumuzdan dəm vururlar, dillərindən abır, həya, ar, namus, ismət sözcükləri düşmür. Aftafalı, təsbehli kişilər, kəlağayılı arvadlar bizə şərqliliyimizin üstünlüklərindən, bunun necə bir xoşbəxtlik olmasından moizələr oxuyurlar. Avropaya inteqrasiya etsək, bizi necə əxlaqsızlıqların gözlədiyi barədə üyüdüb-tökürlər. Mentalitetdən ikiəlli yapışmalı, əks halda məhv olub gedəcəyimiz haqqında dərs keçirlər.
Və buyurun – 4500 azyaşlı ana! 4500 həyatı qaralmış, gələcəyi sönmüş qız uşağı!
Bu da AzTV-yə baxmağın axırı! Bu da ITV-nin sazlı-sözlü, aqrar təfəkkürlü verilişlərinin nəticəsi! Bu da dolma uğrunda müharibənin məntiqi yekunu! Bu da sizin matah malınız – mentalitetiniz, milli-mənəvi dəyərləriniz!
Türklər demiş, “alın, gülə-gülə kullanın”.
***
Indi anlayırsınızmı, yaptokratlar və onların qartımış ziyalıları niyə sizə gecə-gündüz milli olmaq haqqında dərs keçirlər? Bu rejim niyə Azərbaycanı qapalı, qadağaların girovuna çevrilmiş topluma çevirmək üçün bu qədər dəridən-qabıqdan çıxır, başa düşürsünüzmü? Başa düşürsünüzmü ki, niyə bu ölkənin telekanallarından təhsilinəcən hər yerdə çağdaşlıq yerinə qədim-qayımlıq üçün sinov gedən insanlar, üzünü gələcəyə deyil, keçmişə tutan insanların yetişdirilməsinə yönəlib?
Çünki belə toplumlar yalnız azyaşlıların hamilə qalması üçün münbit şərait yaratmır. Belə toplumlar həm də indi bizdə olduğu kimi, bir ucdan korrupsiya, saxtakarlıq, yaltaqlıq, ləyaqətsizlik doğub-törəyən rejimlərə asanlıqla hamilə qalırlar.

Bu da sizin mentalitetiniz!
•
•