Azərbaycan internet senzurasına görə hədəfdə

Rəsmi Bakının internetlə bağlı BMT qətnaməsinə səs verməsi təəccüb doğurub

BMT-nin Internetlə bağlı qətnaməsinə səs verən Azərbaycan “veb-senzura”nın ən güclü olduğu ölkədir
BMT Interneti insanın əsas hüququ və azadlıq haqlarından biri kimi tanıyan qətnamə qəbul edib. 5 iyulda qəbul edilən qətnamədə deyilir ki, insanların internetdə özünü ifadə etmək haqqı, ifadə azadlığı kimi qorunmalıdır.
Xəbəri Almaniyanın “Deutsche Welle” radiosu yayıb. Xəbərdə deyilir ki, qətnaməyə 71 ölkə səs verib. “Deutsche Welle” təəcüblənib ki, qətnamənin lehinə səs verən ölkələr arasında Isveç kimi demokratiya nümunəsi ilə yanaşı, internet fəallarına təzyiq edən Azərbaycan, Əlcəzair, Kotdiuvar, Nigeriya, Tunis, Türkiyə və Ukrayna da var. Qətnamənin əleyhinə Rusiya, Çin, Hindistan səs verib. Buna baxmayaraq qətnamə keçib. Bu ölkələrdəki internet senzurasını nəzərə alsaq, verdikləri qərar təəcüblü deyil.
Ekspertlər hesab edir ki, qətnamə qəbul edilsə də, onun lehinə səs verən bir sıra ölkələr buna əməl etməyəcək. Çünki o ölkələrdə internet fəaliyyətinə görə təzyiqlər hələ də davam edir.
Azərbaycan qətnaməyə səs versə də, ölkədə qeyri-rəsmi internet sensurazı var. Hakimiyyəti tənqid edən xəbər portallarının bloklanması, onlara xaker hücumları, provayderlərin təzyiq altında fəaliyyəti buna nümunə ola bilər. Bundan əlavə Azərbaycanda internetdəki fəaliyyətinə görə konkret həbslər var. Nümunə olaraq bloggerlər Cabbar Savalanlı, Adnan Hacızadə və Emin Millini göstərmək olar.