Mərdanov rektorları hədəfə gətirdi

Təhsil Nazirliyi ən çox şikayət olunan ali məktəblərin adlarını açıqladı

Təhsil Nazirliyi tələbələrin ən çox şikayət etdiyi universitetlərin adlarını açıqlayıb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, 2011-2012-ci tədris ilinin yay imtahan sessiyasında Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələrindən 15 müraciət qəbul edilib.
Onlardan 10-u dövlət, 4-ü özəl ali təhsil, 1-i orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır. Həmin müraciətlər ali təhsil, magistratura təhsili, tələbələrin semestr və dövlət imtahanlarına buraxılması, təhsil haqqının ödənilməsi qaydaları, təqaüdlərin gecikdirilməsi və digər məsələlərlə bağlı olub. Imtahan sessiyasının gedişi ilə əlaqədar Azərbaycan Müəllimlər Institutunun Mingəçevir filialı, Azərbaycan Dövlət Iqtisad Universiteti, Sumqayit Dövlət Universiteti, Baki Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirib, apellyasiya qaydasında qiymətlərinin yüksəldilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Bununla əlaqədar Təhsil Nazirliyinin müvafiq qurumlarının əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin və QHT-lərin nümayəndələri ilə birgə araşdırmalar aparıb və tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi təmin edilib.
Özəl ali təhsil müəssisələrindən daxil olan 4 müraciətdə tələbələrin imtahanlara buraxılmaması, təkrar imtahanlara rüsum tələb olunmasi, imtahanın keçirilməsi qaydalarının pozulmasi və məzunlara diplomların verilməməsi ilə bağlı yaranmiş çətinliklər öz əksini tapıb. Qeyd olunmuş müraciətlər üzrə aparılmış araşdırmalarla bağlı tədbirlərin həyata keçirilməsi üçün müvafiq struktur bölmələrə məlumatlar verilib, gələcək fəaliyyət istiqamətlərində belə nöqsanların qarşısının alınması tövsiyə olunub.
Təhsil Nazirliyinin qəfildən belə açıqlama ilə çıxış etməsi təsadüfi deyil. Son günlər təhsil naziri Misir Mərdanova qarşı hücumlar ara vermir. Görünür, nazir özünə yönəlik ittihamları rektorlarla bölüşmək istəyir. Bu baximdan da onları hədəfə gətirib.

İnformasiya şöbəsi