“Ümumtəhsil məktəblərində şahmat fənni ölkənin hər rayon və şəhərində bir neçə orta məktəbdə, eyni zamanda keçən il pilot kimi seçilmiş məktəblərdə ikinci və üçüncü sinif şagirdlərinə tədris olunacaq”. Bu sözləri “Modern.az” saytına açıqlamasında Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib. O, artıq şahmat dərsliklərinin hazır olduğunu bildirib.
A.İbrahimov deyib ki, təhsil nazirinin əmri ilə 2012-ci ilin yanvarından etibarən hər rayonun bir seçmə məktəbində, pilot layihə olaraq, şahmatın fənn kimi tədrisinə başlanıb. Ölkənin 75 ümumtəhsil məktəbində şahmat fənn kimi tədris olunub. Bu fənn üzrə müəllimlərə təlim-seminarlar keçirilib, dərs vəsaiti hazırlanıb. “Nəticələr ümumiləşdirilərək, şagirdlərin şahmata böyük maraq göstərdiyi qeydə alınıb. Ümumiyyətlə, şahmatın intellektual oyun olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi belə qərara gəldi ki, həmin fənnin tədrisi daha da genişləndirilsin. Artıq cari tədris ilindən şahmat hər rayon və şəhərdən təxminən 3, yaxud 5 məktəb olmaqla təxminən 25 min məktəblini əhatə edən fənn kimi tədris olunacaq”, – deyə şöbə müdiri bildirib.
Təhsil Nazirliyi rəsmisi qeyd edib ki, şahmat dərsi həftədə bir saat tədris olunacaq. Məktəblərinin şahmat avadanlıqları ilə təchizatı isə təhsil şöbələrinin üzərinə düşür. “Rayon şahmat məktəbləri kifayət qədər texniki avadanlıqlarla təmin olunub və təhsil şöbələri hər məktəbdə bir otağı şahmatın tədrisinə ayırıb. Məcburi tədris olunan bu fənn üçün şərait və kadr potensialını nəzərə alaraq təhsil şöbələri məktəbləri seçiliblər” – deyə, A.İbrahimov qeyd edib.
Orta məktəblərdə yeni fənn – şahmat
•


