ABŞ jurnalistləri İsrail kəşfiyyatını ifşa ediblər. “Mossad”ın İrana qarşı keçirdiyi əməliyyatlar amerikalı jurnalist qrupunun müəllifi olduğu “Cəsuslar Armagedona qarşı: İsrailin məxfi müharibəsinə daxildən baxış” kitabında əks olunub. Müəlliflər qətlə yetirilən iranlı nüvə alimlərinin İsrail kəşfiyyatının qurbanı olduğunu iddia edirlər.
Jurnalistlər İran rejiminin onlarla adamı alimlərin qətlində şübhəli bilib “cəsus” kimi həbs etdirməsini səhv addım sayırlar. Kitab müəllifləri Dan Raviv və Yosi Melman “Mossad”ın 50 illik tarixini təhlil edərək, bu qərara gəliblər. 9 iyulda satışa çıxacaq kitab Yaxın Şərq ölkələrində maraqla qarşılanıb.
İsrail kəşfiyyatı nəinki alimləri qətlə yetirib, həmçinin İranın nüvə obyektlərinin kompyuter sistemlərinə yeridilən “Stuxnet” və “Flame” viruslarına dair faktlar gətirilir. Kitabda bildirilir ki, “Mossad”ın İrana girməsi elə də çətin deyil. İsraillilər İranda yaşayan etnik azlıqlarla sıx əməkdaşlıq edirlər.
Fars agentliyi kitabın işıq üzü görməsi haqda məqalə çap etsə də, həbs olunan İsrail “cəsus”larının üzərindən səssizcə keçib.
azadliq.info


