Xəyyam Mirzəzadənin o təşəkkürü

Dünən Ilham Əliyev diplomatik xidmətdə çalışan üç nəfərə yeni rütbə verib, onlardan biri də səfir rütbəsi alan Pərvin Mirzəzadə idi.
Mən bu səfir söhbətlərinə çox həssas yanaşıram. Kiməsə səfir rütbəsi verilir, ya da belə bir təyinat alırsa, dərhal diqqətimi çəkir, mənə maraqlı gəlir ki, görəsən bu, hansı titullu, imtiyazlı ziyalımızın övladıdır?
Allahdan, bu dəfə də yanılmadım, məlum oldu ki, Pərvin Mirzəzadə tanınmış bəstəkar Xəyyam Mirzəzadənin oğludur. Iki il əvvəl Xəyyam müəllimə “Şərəf” ordeni veriləndə o demişdi: “Bu, mənim ömrümdə aldığın ikinci ordenimdir. Ilk dəfə aldığım ”Şöhrət” ordeninin sərəncamında dahi ümummilli lider Heydər Əliyevin imzası var idi, ikinci aldığım “Şərəf” ordenimin sərəncamında isə onun layiqli davamçısı Ilham Heydər oğlunun imzası vardır. Bu, hələlik heç kimə qismət olmayıb. Onu da qeyd etməliyəm ki, mədəniyyətimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri əvəzedilməzdir. Yeni konsert zalları, yenidən əsaslı təmir olunmuş teatrlarımız, müasir olimpiya saraylarımız buna misaldır. Bu inkişafın qarşısını almaq qeyri-mümkündür. Bu, dahi Heydər Əliyev yolunun yaradıcılıqla davam etdirilməsidir. Bu, tarixin hökmüdür”.
Mən o vaxt yazmışdım ki, Xəyyam müəllimin bu təşəkkürünün dozası ordenin çəkisindən çox ağırdır, Mirzəzadə minnətdarlığın barıtını xeyli artıq eləyib, indi ona daha bir orden də vermək lazımdır ki, haqq yerini tapsın, dövlət qayğısı təşəkkürə layiq olsun. Təşəkkürnamədəki “tarixin hökmü” söhbətinə görə isə hörmətli bəstəkara ayrıca dövlət qayğısı göstərilməsini təklif etmişdim.
Aradan iki il keçəndən sonra haqqın yerini bulması məni çox sevindirdi. Oğluna səfir rütbəsi verildiyini nəzərə alaraq əminlikliklə demək olar ki, artıq Xəyyam müəllimin təşəkkürü ilə dövlət qayğısı arasında tarazlıq yaranıb.
Ramiz Mehdiyev üçün mövzu
Bilirsiniz ki, akademik-administrator Ramiz Mehdiyev təzə məqalə yazıb, məddahları bu məqaləni millətçiliyə yeni baxış, hətta bəziləri sabunu bir az da bol eləyib “Azərbaycanın ideoloji Konstitusiyası” (?) adlandırırlar.
Bəziləri gileylənir ki, bu məqalə diqqətdən kənarda qalıb, ənənəvi yaltaqlardan başqa heç kim Mehdiyevin çiçəyi burnunda tezislərinə əhəmiyyət vermir, onun ətrafında müzakirə açmır.
Bilirsiniz, Azərbaycan kimi geridəqalmış, çağdışı ölkələrdə Mehdiyev statuslu, Mehdiyev zəkalı adamların bu cür “ideoloji konsepsiyalar” ortaya qoyması təbii haldır, onsuz da həmin “konsepsiyaların” ömrü rejimlərinin ömründən uzağa getmir. Amma artıq bizdəki yaptokratik sistem o qədər çürüyüb, iflas edib ki, rejim ideoloqlarının irəli sürdüyü nəzəriyyələr, hətta ən qısa müddətə də yaşamaq haqqı qazanmır, doğulmamışdan dəfn olunur, sadəcə, ikrah və gülüş obyektinə çevrilir.
Bu, öz yerində. Mən başqa şeyi yazmaq istəyirəm. Xəyyam Mirzəzadə ilə bağlı internetdə kiçik bir araşdırma apararkən 2002-ci ildə Şəki olimpiya kompleksinin açılışındakı çıxışının stenoqramına rastladım. Orada maraqlı bir detal vardı. Olduğu kimi təqdim edirəm:
“Heydər Əliyev: ”Böyük bəstəkarımız Cövdət Hacıyev, Azərbaycanda ilk qadın bəstəkarlardan olan Şəfiqə Axundova. Sabit Rəhmanın oğlu Emin Sabitoğlu bizim çox gözəl, müasir bəstəkarliarımızdan biri idi. Digər, bəstəkarlarımız da var.
Yerdən səslər: Xəyyam Mirzəzadə…
Heydər Əliyev: Xəyyam Mirzəzadə də burada anadan olub?
Yerdən səslər: Anası şəkilidir.
Heydər Əliyev: Anası buralıdırsa, demək özü də buralıdır?
Çox dahiyanə, müdrik, dərin intellektual əhəmiyyət kəsb edən söhbətdir, eyni zamanda da polemikalara yol açır.
Bilirsiz ki, bizdə “haralısan?” sualına cavab tapmaq həmişə mübahisəli olub. Hətta bəzilərinin “haralısan?” sualına “hələ evlənməmişəm” cavabını verdiyini də bilirik.
Məncə, bu mübahisələrə son qoymaq vaxtı çatıb və Ramiz Mehdiyev “haralısan?” sualı ilə bağlı da ideoloji konsepsiya hazırlamalı, bizim bu sualı hansı prinsiplə cavablandırmalı olduğumuzu müəyyənləşdirməlidir.
Yoxsa biri haralı olduğunu anasının, o biri atasının doğulduğu, digəri ulu əcdadının köçüb gəldiyi, bir başqası həyat yoldaşının mənsub olduğu yerlə müəyyənləşdirir, çaşqınlıq yaranır. Ara qarışıb məzhəb itir.
Mehdiyevin bu mübahisəli vəziyyəti nəhayət ki, biryolluq, kökündən həll edəcəyini arzu və təmənna edərək, hamınıza mənalı bir istirahət günü keçirməyi arzulayıram.