Türk təyyarəsi necə vurulub?

“Vur!” əmri Homsdan verilib

İran isə Türkiyəni hədələdi

Türkiyə bir neçə gün əvvəl Suriya tərəfindən kəşfiyyat təyyarəsinin vurulmasıyla bağlı yeni məlumatlar əldə edib. Təyyarəyə atəş açılan nöqtə və əmri verən mərkəz müəyyən edilib. Iki pilotun şəhid olmasıyla nəticələnən, eyni zamanda Suriya ilə Türkiyə arasında gərginliyi daha da artıran təyyarəyə atəş açılan nöqtənin Suriyadakı Ras al-Bassit burnundakı “Al Bassit” raket və təyyarəvuran bölük olduğu müəyyənləşib. Bölüyə “vur!” əmri isə Homsdakı mərkəzdən verilib.
Türkiyə mətbuatı hadisə anında ratsiya danışıqlarının bir hissəsini yayımlayıb. Danışıqlara əsasən, hadisə belə baş verib: “RF-4E tipli türk təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədinə daxil olub. Suriyalı əsgərlər şübhəli təyyarə barədə mərkəzə məlumat veriblər. Mərkəzdən isə onlara ”siz hava sərhədimizi pozan xarici təyyarələrə qarşı nə edəcəyinizi bilməlisiniz” cavabı verilib.
Qısa müddətdən sonra atəş açılıb və təyyarə vurulub. Bu barədə “Al Bassit” bölüyünə məruzə edilib. Vurulan təyyarənin isə Türkiyəyə məxsus olduğu sonradan məlum olub”.
Bütün bu məlumatları Ankara öz imkanları ilə müəyyən edib. Amma ratsiya danışıqlarından təyyarənin nə ilə vurulduğu aydınlaşmır.
Iki ölkə arasında yaranmış gərginliyə Iran da müdaxilə edib. Iran parlamentinin üzvü, prezident Mahmud Əhmədinejada yaxınlığıyla tanınan Sabitlik partiyasından deputat Əmir Hüseyn Qazizadə Türkiyənin Suriyaya hücum edəcəyi təqdirdə Tehran rejiminin baş verənlərə seyrçi qalmayacağını bildirib. Deputat Ankaranı “ABŞ-ın oyun sahəsində oynamaqda” günahlandırıb.
Qazizadənin sözlərinə görə, Türkiyə son bir neçə ayda imperialist və müstəmləkəçilərin alətinə çevrilib. Suriyaya qarşı mümkün müdaxiləyə Iranın səssiz qalmayacağını deyən deputat Türkiyəyə cavab verəcəklərini bildirib: “Türkiyəni macəra axtarmamağa çağırıram və xəbərdarlıq edirəm. Iran Suriyaya müdaxiləyə sərt cavab verəcək!”