sabirabad-yeni

Sabirabadda qara maskalıların əməliyyatı

sabirabad-yeniSakinlərin İlham Əliyevə müraciəti polisləri niyə qəzəbləndirib?

Sabirabadın Minbaşı, Poladtoğay, Azadkənd, Çağırğan, Xankeçən və yaxınlıqdakı digər kəndlərdə rayon polisi tərəfindən müəmmalı əməliyyat keçirilib. Bu barədə “Azadlıq”a Sabirabad sakinləri məlumat verib.
Sakinlər bildirir ki, iyulun 6-da gecə saat 1-2 radələrində rayon polisləri kəndə daxil olub. “Hamısı qara maska taxmışdı. Kəndə elə daxil oldular ki, sanki Qarabağı almağa gəliblər. 9 maşın idilər. Böyük sürətlə hərəkət etməklə yanaşı sirenaları qoşmuşdular, əllərində də silah, qarşılarına kim çıxırdı basırdılar maşına. Təsəvvür edin, Poladtoğay kəndinin 61 yaşlı sakini Rəsulov Rafiq Yusif oğlunu, həmçinin, 15 yaşlı bir uşağı da zorakılıqla maşına basdılar. 12-ə yaxın adam saxlanılaraq rayon polis şöbəsinə aparıldı və səhər saatlarında buraxıldı”.
Sakinlər deyir ki, bu əməliyyat onların Ilham Əliyevə müraciətilə bağlı olub: “Bizim kəndlər rayon mərkəzindən çox uzaqdır. Kür daşqınlarından da əziyyət çəkirik. Bir şey lazım olanda rayon mərkəzinə getmək olmur. Ona görə də biz ölkə başçısına müraciət etmişik bu kəndlər yaxın bir rayona birləşdirilsin. Bu müraciətimiz rayon rəhbərliyinin xoşuna gəlməyib. Ona görə də kəndə hücum ediblər, camaatda xof yaratmağa çalışıblar. Lakin biz bu məsələni belə qoymayacağıq. Ölkə başçısına və müvafiq qurumlara müraciət edəcəyik. Artıq Rafiq Rəsulov Daxili Işlər Nazirliyinin qaynar xəttinə məlumat verib. Qoy tədbir görsünlər. Belə qanunsuzluq-özbaşınalıq olmaz axı”.

Hikmət