O, canlı teatr ensiklopediyası idi…
Azərbaycan teatr sənətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri də Əməkdar incəsənət xadimi, tanınmış rejissor və aktyor Məmmədkamal Kazımov olub.Məmmədkamal Allahqulu oğlu Kazımov 1929-cu il avqust ayının 27-də Bakı şəhərində anadan olub. Teatr sənətinə uşaqlıq illərindən böyük maraq göstərib. Bu maraq onu alıb ömürlük sənət üfüqlərinə doğru aparacaqdı…
M.Kazımov 1944-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə qəbul olunur. Burada çalışdığı illər o, teatrın nəzdində fəaliyyət göstərən Teatr studiyasında oxuyur. Təhsilini artırmaq məqsədilə M.Kazımov M.Əliyev adına Azərbaycan Dövlət Teatr Institutunun “Dram və kino aktyoru” fakültəsinə daxil olur, sonra həmin təhsil ocağının “Rejissorluq” fakültəsini də bitirir. Akademik Milli Dram Teatrda işlədiyi dövrdə Məmmədkamal Kazımov bir sıra yaddaqalan tamaşalar yaratmışdır. Onun A.Arbuzovun “Tanya”, H.Muxtarovun “Kimdir müqəssir?”, E.Ryazanovun “Sevgi-sevgi”, A.S.Puşkinin “Yatmış gözəl və yeddi qardaş”, I.Səfərlinin “Yol ayrıcında”, S.Dağlının “Kölgələr pıçıldaşır”, Q.Qorinin “Görünməmiş toy”, M.F.Axundovun “Xırs quldurbasan”, A.Şaiqin “Fitnə” kimi əsərlərinə verdiyi quruluşlar teatr salnaməsində özünəməxsus yer tutur.
Istedadlı rejissor və gözəl pedaqoq Məmmədkamal Kazımov çox zəhmətkeş insan olub. Onun fəaliyyəti təkcə Milli Dram Teatrı ilə məhdudlaşmayıb. O, eyni zamanda Sumqayıt Dövlət Musiqili Dram Teatrında Y.Məmmədovun “Anna məhəbbəti”, Tənqid Təbliğ Teatrında Q.Rəsulovun “Məhəbbət oyunu”, Əhli-Beyt Teatrında Ş.Nəzərlinin “Mücdədin yuxusu” əsərlərinə səhnə həyatı vermişdir. 1983-1988-ci illərdə Mədəniyyət Nazirliyinin rəsmi göndərişi ilə Məmmədkamal Kazımov Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsində çalışmışdır. ÿ
Məmmədkamal Kazımov Ağdamda işlədiyi dövr, onun yaradıcılığında daha maraqlı illər sayıla bilər. Çünki o, artıq bu teatrın yaradıcı rəhbəri kimi, təkcə tamaşalara quruluş vermir və həm də teatrın repertuar siyasətini qurur, aktyorların inkişaf etməsində, tanınmasında, roldan-rola püxtələşməsində əlindən gələni edirdi.
Fərqli teatrlarda fərqli sənət nümunələri
Ağdam Dövlət Dram Teatrında işlədiyi müddətdə Məmmədkamal Kazımov Mehdi Hüseyn və Ilyas Əfəndiyevin “Intizar”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Ə.Fərzəlinin “Yurdda kim qaldı”, Ə.Ilhamın “Qızıl əjdaha” və “Nərgiz ana”, Isi Məlikzadənin “Son gecə”, M.Lermontovun “Iki qardaş”, Səməd Vurğunun “Fərhad və Şirin” və s. bu kimi müxtəlif janrlı pyeslərinə quruluş vermişdir. Ömrünün 61 ilini sənətə həsr etmiş Məmmədkamal Kazımov teatr sənətinə maraq göstərən gənclərlə işləməyi çox sevirdi. Keçən əsrin 60-cı illərində Xətai adına Mədəniyyət Sarayında yaratdığı S.Vurğun adına Xalq Teatrında yetişən gənc aktyorların bu günkü məhsuldar yaradıcılığı buna bariz sübutdur.
Məmmədkamal Kazımov Bakı şəhər Xətai adına Mədəniyyət Sarayındakı S.Vurğun adına Xalq Teatrına da 20 ilə yaxın rəhbərlik etmiş, burada bir-birindən maraqlı 40-dan artıq tamaşaya quruluş vermişdi. Həmin kollektivdə çalışan və Məmmədkamal Kazımovdan aktyorluq sənətinin sirlərini öyrənən çoxlu gənc sonralar professional teatr aləminə gələrək respublikanın tanınmış sənətçiləri olmuşlar. “O, həmişə özünün belə istedadlı tələbələri ilə fəxr edirdi. Onlar haqqında böyük həvəslə danışır və ən kiçik uğurlarına da bir ata kimi sevinirdi. Cavan aktyor və aktrisalara öz övladı kimi, böyük məhəbbətlə yanaşırdı. Həmişə də onlara ”qızım”, “oğlum” deyə müraciət edirdi. Üç il bir yerdə işlədiyimiz müddətdə mən heç vaxt onun hirsləndiyini, kimə isə ağır söz dediyini eşitmədim. Bu insan həmişə barışdırıcı mövqedə dayanmağı sevirdi. Özü də maraqlı el məsəlləri ilə, ədəbiyyat, teatr korifeylərindən sitatlar gətirməklə…”.
Həddindən artıq yaradıcı, təşkilatçı insan olan Məmmədkamal Kazımov ömrünün son günlərinə qədər teatr sənətindən ayrılmadı. Axırıncı iş yeri olan Azərbaycan Mədəniyyət Fondunun “Sönməyən ulduzlar” Teatrının baş recissoru kimi burada çox işlər gördü, Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərlərinə və bir-birindən maraqlı tamaşalara quruluş verdi. Bütün bu işləri ilə də bir daha sübut etdi ki, Məmmədkamal Kazımov Azərbaycan teatr sənətində öz yolu, öz dəst-xətti olan sənətkarlardandır.
Məmmədkamal Kazımov həddindən artıq çalışqan insan idi. Onun zəhmətsevərliyinə, çox məhsuldar işləməsinə cavanlar belə həsəd apara bilərdilər. Bu insanda “yoruldum” sözü yox idi. Bəzən tamaşanı 4-5 saat məşq edirdi. Ömrünün son günlərinə kimi bu insan mütaliə edir və dünya teatrlarında tamaşaya qoyulan əsərlərlə maraqlanırdı. Özünə və onunla işləyən yaradıcı heyətə qarşı çox tələbkar idi. Bax bütün bu maraqlı, yaxşı keyfiyyətlərinə görə də aktyorlar, eləcə də adi insanlar onu çox sevirdilər. O, həm də çox maraqlı aktyor olduğuna, teatr sənətini dərindən bildiyinə görə, aktyorlarla işləmək ona elə də çətin deyildi. Ağdam teatrında işləyən cavan aktyorlar ondan daha çox şey öyrənirdilər. O, da gənclərlə işləməyi çox sevirdi.
Teatrda məhsuldar 61 il
O, milli teatr sənətimizin yorulmaz əsgəri, bu sənətə sadiq sənətkar olduğunu o sahədə 61 il çalışmaqla sübut etdi. Məmmədkamal Kazımov Azərbaycan teatrının canlı ensiklopediyası idi. Çox əfsus ki, teatrşünaslarımız belə böyük sənət fədaisindən onun bildiyi bütün bu unikal məsələləri, hadisələri öyrənib tarixə köçürmədilər.
Sözün həqiqi mənasında əsilzadə və xeyirxah insan olan Məmmədkamal Kazımov həm də teatr aləminin canlı ensiklopediyası idi. Təkcə Azərbaycan teatrı yox, həm də dünya teatrı haqqında çox məlumatlı idi. Hətta Azərbaycan teatrında baş verən çoxlu hadisələr vardı ki, yazıya köçməmişdi, amma Məmmədkamal Kazımov onları bilirdi. Onun həm teatrda, həm də kinoda çox maraqlı və məhsuldar yaradıcılıq tarixçəsi olub.
Məmmədkamal Kazımovun kino yaradıcılığı da maraq doğurur. Onun Azərbaycan kinosunda da yadda qalan maraqlı obrazları çoxdur. Məmmədkamal Kazımov çəkildiyi kinofilmlərin əksəriyyətində epizodik rollar oynasa da, tamaşaçıların yaddaşında əbədilik qalırdı. Epizodik rol oynayıb tamaşaçı yaddaşında qalmaq isə yalnız böyük sənətkarlara nəsib olur. Bu haqda böyük teatr islahatçısı K.Stanislavski belə deyib: “Rolun böyüyü, kiçiyi yoxdur. Aktyorun böyüyü, kiçiyi var”. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Qətl günü”, “Ölülər”, “Ümid”, “Mənim ağ şəhərim”, “Şahid qız”, “Güllələnmə təxirə salınır”, “Qara volqa” kimi bədii filmlərində, “Ac həriflər” televiziya tamaşasında yaddaqalan obrazlar yaratmışdır. Elə onun “Yol əhvalatı” filmində (Şəmsi dayı) sözaltı mənalarla dediyi “Dokument” sözü sonralar tamaşaçılar arasında məsələ çevrilib…
Azərbaycan teatr və kino tarixində əvəzsiz işlər görən Məmmədkamal Kazımov 2005-ci ilin dekabr ayının 13-də haqq dünyasına qovuşdu. Onun yaratdığı neçə-neçə maraqlı obrazlar bu gün də teatr və kinosevərlərin yaddaşında yaşayır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir