Tehran rejimi hərbi qüvvələri döyüşə hazır vəziyyətə gətirib
Avropa Birliyinin Irana qarşı neft embarqosunun iyulun 1-dən qüvvəyə minməsindən sonra Tehran rejimindən Hörmüz boğazının bağlanacağına növbəti bəyanat gəlib.
Islam ölkəsinin Silahlı Qüvvələrinin baş qərargah rəisi Seyid Həsən Firuzabadi bildirib ki, Hörmüz boğazının bağlanması planı hazırdır. General deyib ki, boğazı bağlamaq niyyətləri olmasa da, Qərb ölkələri Irana başqa seçim buraxmır.
Onun sözlərinə görə, Iran parlamentindəki yüz nəfər millət vəkilinin Hörmüz boğazının bağlanmasına dair təklifi xalqın tələbidir. General planın hazırlanaraq gündəmə gətirildiyini söyləyib. Firuzabadi siyasi qərarla yanaşı, hərbi qərarın da verildiyini və silahlı qüvvələrin hazır vəziyyətə gətirildiyini əlavə edib.
Bir müddət əvvəl Irana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu deyən Israilin kəşfiyyat qurumu “Mossad”ın keçmiş rəhbəri Meyr Deqan isə sözlərini geri götürüb. Deqan “Lochem” jurnalına müsahibəsində deyib ki, əvvəllər söylədiyi “Irana hərbi müdaxilə etmək axmaqlıq olar” ifadəsini geri götürür. O, sözügedən fikirlərin “bağlı qapılar arxasında diqqətsizcə söylənmiş pis ifadə olduğunu və bunu yayanların yaxşı hərəkət etmədiyini” bildirib. “Mossad”ın keçmiş şefi əlavə edib ki, Iranın nüvə proqramı Israilin strateji maraqlarına ciddi təhlükədir.
Bu arada, Isveçrə hökuməti Iranın neft-kimya sənayesinə sanksiya qoyduğunu açıqlayıb. Bəyanatda bildirilir ki, Isveçrə hökuməti həmçinin Irana kommunikasiya avadanlıqlarının satışını da yasaqlayıb. Hökumətin açıqlamasına görə, ABŞ və Avropa Birliyinin Iran neftinə sanksiya qoymasına baxmayaraq, Isveçrə Iranla neft ticarətinə dair müstəqil siyasət yürüdəcək.
İnformasiya şöbəsi