Təhsil Nazirliyi Məleykə Abbaszadəyə “böhtançı” dedi
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin son müsahibəsində səsləndirdiyi fikirlərlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər TQDK sədrinin müsahibələrində göstərdiyi məlumatlarla bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin müraciətlərdə ölkənin təhsil ictimaiyyəti, ziyalılar bu “şok” açıqlamaların nə dərəcədə həqiqətə uyğun olub olmaması ilə maraqlanırlar(APA).
Heç bir “dəhşətli pripiska”dan söhbət gedə bilməz”
Bununla əlaqədar bildirilir ki, son aylar müxalifət mətbuatının əsas qəhrəmanına çevrilmiş iqtidar nümayəndəsi Məleykə Abbaszadənin Təhsil Nazirliyinin fəaliyyəti ilə bağlı verdiyi müsahibələrindəki məlumatlar araşdırılaraq onların əsassız, qərəzli və böhtan olduğu müəyyən edilib: “Faktlara müraciət edək. Komissiya sədri iddia edir ki, ötən dərs ilində ölkənin ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirən 22 min şagirdin aqibəti məlum deyil və bu Təhsil Nazirliyinin ”dəhşətli pripiskası” kimi təqdim edilir. Reallıq isə bundan ibarətdir ki, IX və XI sinifləri bitirən 220 min şagirddən imtahanda iştirak etmədiyi güman edilən 22 min şagird imtahandan azad edilən, illik qeyri-müvəffəq qiymətlər aldığına görə imtahanlara buraxılmayan və az hissəsi isə müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyənlərdir. Onu da diqqətə çatdırırıq ki, təhsil sahəsində qiymətləndirmə məsələlərinə az-çox bələd olan mütəxəssislər yaxşı bilirlər ki, belə hallar hər tədris ilində olur və heç bir “dəhşətli pripiska”dan söhbət belə gedə bilməz. Təhsil ictimaiyyətinin fikrincə, Məleykə Abbaszadənin son illərdə müntəzəm olaraq KIV-lərdə təhsil, məktəb, müəllim haqqında söylədikləri əsassız, qərəzli fikirlər ölkədə təhsili və məktəbi nüfuzdan salmağa yönəlmiş cəhddən başqa bir şey deyil”.
“Yaxşı olar ki, hərə öz işiylə məşğul olsun”
M.Abbaszadənin Təhsil Nazirliyinin indiyə kimi keçirdiyi imtahanların gözdən pərdə asmaq məqsədi daşıması barədə fikrinə gəldikdə isə nazirlik bildirir ki, son illər apardıqları qiymətləndirmə islahatları, o cümlədən buraxılış imtahanları beynəlxalq təcrübəyə əsaslanıb və Azərbaycan hökumətinin təsdiq etdiyi Konsepsiyaya uyğun həyata keçirilib: “Bu mənada TQDK sədrinin fikirləri qeyri-ciddidir və hansı arqumentlərə əsaslandığı məlum deyildir. Halbuki, kifayət qədər əsaslı arqumentlər var ki, TQDK-nın həyata keçirdiyi imtahanların heç bir elmi, metodiki və pedaqoji əsası yoxdur və dünyanın heç bir ölkəsində bu üsulla ali məktəblərə qəbul imtahanları keçirilmir. Sonda onu da qeyd etməyi vacib hesab edirik ki, yaxşı olar ki, hər bir dövlət qurumu ona tapşırılmış işlə məşğul olsun və başqa dövlət qurumunun işinə əsassız müdaxilələr etməsin. Təhsillə bağlı bu və ya digər fikirlər yürüdən insanlara, mətbuat orqanlarına məsləhət bilirik ki, bu işə mümkün qədər həssas, məsuliyyətlə yanaşsınlar, çünki onların hər biri Azərbaycan məktəbinin yetirməsidir”.
“Teleqram göndəriblər, yoxsa Təhsil Nazirliyinə zəng ediblər?”
Təhsil eksperti Etibar Əliyev isə Təhsil Nazirliyinin bu açıqlamasının TQDK-ya yönəlmiş böhtan olduğunu deyir: “Məleykə Abbaszadənin açıqlamasından heç 24 saat keçməmiş necə ola bilər ki, bütün təhsil ictimaiyyəti bu müsahibə ilə bağlı etirazlarını bildirsin? Teleqram göndəriblər, yoxsa Təhsil Nazirliyinə zəng ediblər? Ictimaiyyət bu qısa vaxt ərzində necə səfərbər oldu? Bu absurddur. Ikincisi, Təhsil Nazirliyi deyir ki, müxalifətin əsas qəhərmanına çevrilmiş Məleykə Abbaszadə. Nə vaxtdan APA müxalifət olub? Məleykə Abbaszadə müsahibəni APA-ya verib. Təhsil Nazirliyi informasiyanın paylanma formalarını da bilmir. Təhsil Nazirliyi deyir ki, dünyanın heç bir yerində belə qəbul prosesi yoxdur. Bu iradlar indiyə qədər niyə səslənmirdi?
Əslində bu, dövlətin tələbə qəbulu siyasətinə əleyhinə səslənmiş fikirdir. Azərbaycan dövləti tələbə qəbulunun TQDK tərəfindən həyata keçirilməsini məqbul sayır. Əslində bu, TQDK-ya yox, tələbə qəbulu siyasətinə qarşı səslənmiş fikirlərdir”.
“Misir Mərdanov sorğu-suala çəkilməlidir”
“Məleykə Abbaszadənin son açıqlaması indiyə qədər təhsillə bağlı baş verən hadisələrin kulminasiya nöqtəsi idi”. Bunu təhsil eksperti Əlövsət Osmanlı TQDK sədri M.Abbaszadənin son müsahibəsinə münasibət bildirərkən deyib. Ə.Osmanlı hesab edir ki, bundan sonra prosesin açılımı gedəcək: “Məleykə xanım bizlərə, sizlərə məlum olmayan şeylərin bir çoxuna aydınlıq gətirməyə, nazirliyin bəzi ”sirlərini” açıb-tökməyə başlayıb. Məlum olub ki, Təhsil Nazirliyində buraxılış imtahanları ilə bağlı elə proseslər gedirmiş ki, bizlər bundan heç xəbərdar deyilikmiş. Biz sadəcə kənardan baxıb gördüklərimizi deyirikmiş. Sən demə, prosesin içərisinə girəndə çox dəhşətli şeylər üzə çıxırmış. Müsahibəni başdan-ayağa diqqətlə oxudum. Orada elə məqamlar var ki, onlardan bəlkə heç dövlətin müəyyən orqanlarının da xəbəri olmayıb. Amma artıq faktlar ortaya qoyulub, özü də sıravi bir ekspert yox, hökumətin böyük bir qurumunun rəhbəri tərəfindən. Indiyə qədər mən və başqa təhsil ekspertləri bu məsələləri qabardırdıq. Amma həmişə deyirdilər ki, bizdən inciksiniz, qərəzlisiniz, ona görə də faktları təhrif edirsiniz. Sual verirəm: cənab Misir Mərdanov, indi ki, bu sözləri mən demirəm?!”.
“Təhsil Azərbaycanın üzqarasına çevrilib”
Ə.Osmanlının fikrincə M.Mərdanov bütün olanlardan sonra böyük məsuliyyət qarşısındadır: “Təhsil naziri bütün bu ittihamlara, iradlara cavab verməli, sorğu-suala çəkilməlidir. Bayram Hüseynzadənin bir açıqlamasını oxudum, guya Misir Mərdanov bir söz deyib, jurnalistlər də onu düz tutmayıblar. Bəh-bəh, böyük bir iş olub! Buna deyirlər ”naxırı itirib ala dana axtarmaq”. Misir Mərdanovun qurumu buraxılış imtahanlarında böyük saxtakarlıqlara yol verib. Gəlin, bundan danışaq, cənab Hüseynzadə. Bu məsələdə mətbuatın da üzərinə böyük məsuliyyət düşür. Bu, ictimai bir məsələdir. Indiyə qədər təhsil sistemi o qədər qapalı olub ki, ora nüfuz etmək mümkün olmayıb. Hətta mən deyərdim ki, Müdafiə Nazirliyi Təhsil Nazirliyindən daha açıq qurumdur. Oradan məlumatları daha asan almaq olar, nəinki Təhsil Nazirliyindən. Təhsil Nazirliyi bu rəqəmləri ona görə vermirdi ki, daxildəki əyriliklərin üstü açılmasın. Yaxşı ki, nazirliyin işinin əhəmiyyətli bir hissəsini TQDK-ya verdilər, bu qurum da məlum rəqəmləri açıqladı. Bu rəqəmlər dövlət orqanları üçün də araşdırma predmetidir. Rayonlarda elə uşaqlar var ki, onlar heç adlarını da yaza bilmirlər. Bu nə deməkdir?! Təsəvvür edin ki, TQDK imtahan şərtləri ilə bağlı nə qədər güzəştə gedib. Bunu da kefindən eləməyib. Əgər şərtlər bir az ağirlaşdırılsaydı, görün nələr baş verərdi: şagirdlərin böyük bir hissəsi imtahanlardan kəsilərdi. Bunun özü təhsil sisteminin çürüməsi deməkdir. Çingiz Abdullayev demişkən, bu gün təhsil Azərbaycanın üzqarasına çevrilib”.
İNformasiya şöbəsi