mehemmed mecidli-yeni

Keçmiş məhbuslar fəal siyasətə hazırlaşırmı?

Iyunun 22-də həbsdən buraxılan keçmiş vicdan məhbusları 15 gündən çoxdur ki, azadlıqdadılar. Onların bir neçəsinə müraciət edib, bu günlər ərzində hansı işlər gördüklərini, fəal siyasətə nə zaman qayıdacaqlarını, eləcə də azadlığa adaptasiya olunub-olunmadıqlarını öyrənməyə çalışdıq.

“Adaptasiya prosesi keçirəm, azadlığın dadını çıxarıram”

AXCP sədrinin müşaviri Sahib Kərimov bildirdi ki, azadlığa çıxan kimi ilk işi doğmaları ilə görüşmək olub. Amma bundan da əvvəl Ictimai Palatanın Oğuzda təşkil edilən toplantısında iştirak edib: “Təsəvvür edin ki, hələ ailəmlə, yaxınlarımla görüşməmiş, Oğuzdakı tədbirə qatıldım. Halbuki ailə üzvlərimlə həbs müddətində bir dəfə də görüşməmişdim. Ailəmlə, məni ziyarətə gələn dostlar və qohumlarla görüşüb söhbətlər edim. Daha sonra səhhətimlə bağlı bəzi işlərə başladım, müayinədən keçdim. Bunun ardınca da Bakıya gəldim, AXCP sədri Əli Kərimlinin bitərəf gənclərlə görüşündə iştirak etdim, çıxış etdim. Hələlik adaptasiya prosesi keçirəm, azadlığın dadını çıxarıram”.
S.Kərimov azadlığa çıxandan az sonra həbsdə qalan iki vicdan məhbusu – Şahin Həsənli və Vidadi Isgəndərli ilə də görüşməyə cəhd edib. Lakin onun bu cəhdi baş tutmayıb: “Cəzaçəkmə müəssisəsinə getdim, amma çox təəssüf ki, görüşə bilmədim”.

“Gələn həftədən tam gücümlə siyasi fəaliyyətimi bərpa edirəm”

Müsavat başqanının müavini Arif Hacılı azadlığa çıxdıqdan sonra partiyanın Mərkəzi Icra Aparatının rəhbəri kimi fəaliyyətini bərpa etdiyini bildirir: “Müsavatın Məclisində, rayon təşkilatlarının müşavirəsində iştirak etmişəm, öz fikirlərimi müsavatçılara və bütün ictimaiyyətə çatdırmışam.
Eyni zamanda anamın qırx mərasimini yola vermişəm. Gələn həftədən etibarən tam gücümlə siyasi fəaliyyətimi bərpa edib Azərbaycanın demokratikləşməsi, firavanlığı uğrunda bu illər ərzində apardığım mübarizəni davam etdirəcəm”.

“Ilk gündən aktiv siyasi proseslərin tam mərkəzindəyəm”

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı isə azadlığa çıxan gündən aktiv siyasətlə məşğul olduğunu deyir: “Dərhal Müsavatın Gənclər Təşkilatının genişləndirilmiş iclasını keçirdik, çıxışlar etdik, maraqlı müzakirələr apardıq. Ondan sonra Müsavatın Divanında iştirak etdim. Yəni ilk gündən siyasi proseslərin tam mərkəzindəyəm. Siyasi fəaliyyətimiz, mübarizəmiz əvvəlki qaydada, hələ ondan da irəli səviyyədə davam edir”.

“Hələ ki, ziyarətə gələnləri qarşılamaqla məşğulam”

mehemmed mecidli-yeni

AXCP ictimiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Məcidli hələ ki, onu ziyarətə gələnləri qarşılamaqla məşğul olduğunu deyir: “Azadlığa çıxandan sonra Biləsüvara gəlmişəm. Hər gün on nəfərdən artıq qonağım olur. Yaxud da məni qonaq aparırlar. Burada əsasən kənd-təsərrüfatı işləri ilə məşğulam. Bundan başqa, evimizi təmir edirəm. Amma elmi işimlə bağlı heç bir iş görə bilməmişəm. Internetə də girməmişəm. Partiyadakı dostlarım gündəlik məlumatları verirlər. Vaxt məhdudiyyəti imkan vermir ki, bütün işlərlə məşğul ola bilim”.
Fəal siyasətə nə vaxt qayıdacağına gəlincə, M.Məcidli buna hər an hazır olduğunu bildirir.

“Mübarizənin dayanmasından söhbət gedə bilməz”

babek hesenov-yeni

AXCP fəalı Babək Həsənov isə həbsdə olduğu müddətdə səhhətində bəzi problemlərin yarandığını, hazırda onların həlli ilə məşğul olduğunu bildirir: “Hələ azadlığa tam adaptasiya ola bilməmişəm. Çalışıram səhhətimdəki problemləri yoluna qoyum. Düzdür, bununla bağlı maddi çətinliklər var, amma birtəhər çalışıram. Siyasi fəaliyyətimi bərpa etmişəm. Elə bu gün (dünən) də əqidədaşlarımla birgə toplantıda iştirak etmişəm. Mübarizənin dayanmasından söhbət belə gedə bilməz”.

Gültəkin