Gürcüstan-Azərbaycan sərhədində soydaşlarımıza zülm edilir

Kamran Ramazanlı: “Azərbaycana işləməyə gələn soydaşlarımız çıxılmaz duruma düşüblər”

Azərbaycanın Dövlət Miqrasiya Xidməti artıq iki həftədir ki, Gürcüstanda yaşayan soydaşlarımıza problemlər yaradır. Bu barədə qəzetimizə açıqlamasında Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı deyib. K.Ramazanlının sözlərinə görə, Miqrasiya Xidməti və Gömrük Komitəsinin bu cür sərt rejimə keçməsi nəticəsində Azərbaycana işləməyə gələn soydaşlarımız çıxılmaz duruma düşüblər.
Belə ki, əvvəllər milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarına ölkəyə daxil olma və qalma müddəti ilə bağlı müəyyən güzəştlər edilirdi. Əslində bu kimi hallar qanunvericilikdə də əksini tapıb: “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları nəinki sərhəddə reydlər apararaq Gürcüstan vətəndaşı olan azərbaycanlılara təzyiq edir, onlar hətta iş yerlərində də bu şəxsləri müəyyənləşdirərək ölkədən çıxarmağa çalışır. Yəni soydaşlarımız 3 aydan bir Gürcüstana qayıtmalıdırlar. Bu isə böyük maliyyə tələb edir. Bu insanlar isə Azərbaycana tikintilərdə işləməyə gəlirlər. Onların aldıqları məvacib isə üç aydan bir Gürcüstana qayıtmağa imkan vermir. Hər belə səfər 1000 manat tələb edir. Bu şəxslərin belə imkanları olsaydı, onlar Azərbaycana iş dalınca gəlməzdilər”.
Hazırda Gürcüstandakı soydaşlarımızın iş tapmaq imkanlarının çox məhdud olduğunu deyən K.Ramazanlı vurğuladı ki, Gürcüstanın Rusiya ilə sərhədinin bağlı olması səbəbindən soydaşlarımız yalnız Azərbaycanda iş tapa bilərlər. Azərbaycan tərəfinin bu cür təzyiq siyasəti isə onların durumunu pisləşdirir. K.Ramazanlının sözlərinə görə, Gürcüstan vətəndaşı olan bəzi soydaşlarımızla qəribə situasiya yaranıb. Onların ölkədən deportasiya olunması nəticəsində ailələri Azərbaycanda başsız qalıb. Geri qayıtmaq istəyən soydaşlarımıza isə icazə verilmir. K.Ramazanlı rəsmi strukturlarla da problemin çözülməsi üçün əlaqə saxlamağa çalışıb. Amma hələ ki, nəticə yoxdur. Onun sözlərinə görə, bu istiqamətdə situasiya dəyişməzsə, soydaşlarımız öncə məsələni gündəmə gətirmək üçün mətbuat konfransı, daha sonra isə etiraz aksiyası keçirmək niyyətindədir.

Hikmət