ferid huseyn-iran-hebs

“Fərid İrana top-tüfənglə getməyib ki…”

ferid huseyn-iran-hebsİranda həbs edilən şairimizin dayısı “Azadlıq”a danışdı

Sənan Rzayev: “Fərid danışanda bir az həyəcanlı idi”

“Fəridlə sonuncu dəfə iyunun 21-də danışmışıq. Ondan sonra heç bir xəbər yoxdur. Bir də bu günlərdə Iran televiziyası məlum videosüjeti yayımlayıb. Vəssalam”. Bu sözləri “Azadlıq”a müsahibəsində Iranda həbs edilən Azərbaycan şairi Fərid Hüseynin dayısı Sənan Rzayev deyib. Sənan Rzayev bildirib ki, bu, Fəridin Irana birinci səfəri olub:

– Fərid Irana birinci dəfə idi ki, gedirdi. Heç vaxt Irana getməyib. Iran barədə də hər hansı yazısı olmayıb. Əksinə o, həmişə dini, müsəlmançılığı müdafiə edib. Namaz qılan olmasa da, islami inanclara böyük dəyər verib. Irana səfəri də dəvət əsasında baş tutub. Onu Marağada şairlərin festivalına dəvət ediblər. Ayın 29-da gedib, mayın 3-də qayıtmalı idi. Bizə belə demişdi.

– Fərid Irana gedərkən ailəsində buna etiraz edən olmuşdumu?
– Xeyr, heç kim etiraz etməmişdi. Dedi dəvətnamə göndəriblər, gedirəm Irana, Təbrizi görəcəm, Məhəmmədhüseyn Şəhriyarın ev muzeyinə baş çəkəcəm, şairlərində festivalında iştirak edəcəm. Biz də dedik get. Heç bir problem görmürdük bu məsələdə. Fərid şair adamdı, ali savadlı oğlandır. Irana top-tüfənglə getməyib ki.

“21 gün Fəridlə Şəhriyarı ayrı saxlayıblar”

– Onun həbs xəbərini eşidəndə ilk addımınız nə oldu?
– Biz Fəridin həbs xəbərini Şəhriyarın atasından eşitdik. Həm Şəhriyarın atası, həm də biz ilk olaraq Slavyan Universitetinin rektoru, akademik Kamal Abdullaya müraciət etdik. O, da Azərbaycanın Xarici Işlər Nazirliyinə məlumat verdi. Sonra qəzetlər bu barədə yazdı, televiziyalarda məlumat getdi. Fəridin həbs xəbərini biz mayın 4-ü eşitdik. Mayın 27-də isə o bizə zəng etmişdi. Şəhriyar da həmin gün atasına zəng etmişdi. Elə bizə də o dedi ki, Şəhriyarla danışdım, bir azdan Fərid sizə zəng edəcək. Onlar 3 dəfə bizimlə danışıblar. Eyni günlərdə. Fərid hər 3 dəfədə dedi ki, narahat olmayın, sağ-salamatam. Fərid danışanda bir az həyəcanlı idi. Gəncdi də. 35-40 yaşı yoxdur ki. Amma dedi ki, hər şey yaxşıdır. Təbrizdə saxlanıldığını bildirdi. 21 gün Fəridlə Şəhriyarı ayrı saxlayıblar. Yəni, hər ikisi Təbrizdəki zindanda olub, amma ayrı saxlanılıblar. Amma sonradan ikisi də eyni yerdə saxlanılır.  

“Deyiblər ki, Xarici Işlər Nazirliyi arayış verməlidir”

– Siz Iran səfirliyinə də müraciət etmisiniz…
– Bəli. Kamal müəllimə müraciət edəndən sonra, Iran səfirliyinə də müraciət etdik. Lakin bizə dedilər ki, Azərbaycanın Xarici Işlər Nazirliyinə müraciət edin. Xarici Işlər Nazirliyi bu məsələdən xəbərdar olandan sonra uşaqların azadlığa buraxılması üçün addımlar atmağa başladı.

– Sənan müəllim, rəsmi qurumlar nə deyirlər, məsələ nə yerdədir?
– Deyirlər ki, narahat olmayın biz bu işlə ciddi məşğuluq. Yaxın vaxtlarda uşaqları buraxacaqlar. Ümid edirik ki, belə də olacaq. Axı onların heç bir günahı yoxdur. Onları saxlayanda da ciddi bir ittiham irəli sürməyiblər. Deyiblər ki, miqrasiya qanunlarını pozmusunuz və gərək sizin ölkənin Xarici Işlər Nazirliyi Iranın Xarici Işlər Nazirliyinə sizin bura gəlməyiniz barədə arayış verə. Bundan sonra sərbəst buraxılacaqsınız.

“Fotoaparatı Iranda almışdı”  

– Azərbaycanda fəaliyyət göstərən digər xarici ölkələrinin səfirliklərinə müraciət etmisinizmi?
– Xeyr. Irandan başqa heç bir xarici ölkə səfirliyinin müraciət etməmişik. Amma məlumatımız var ki, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev xarici ölkə səfirliklərinə müraciət edib. Deyib ki, Iranda bizim şairlərimizi günahsız yerə həbs ediblər. Yazıçılar birliyinin sədri Anar müəllim isə Ayətullah Xamneniyə müraciət edib.  

– Iran rejiminə bağlı “Press TV” Fəridlə Şəhriyarı casusluqda ittiham edir. Necə qarşıladınız həmin videosüjeti?
– Əlbəttə ki, deyilənlər yalandır. 20 yaşında casus olar? Orada göstərirlər ki, bunların üstündən telefon, adaptor, fotoaparat çıxıb. Məgər telefon, adaptor, fotoaparat gəzdirənlər casusdur, məgər bunları gəzdirmək cinayətdir?! Özü də o fotoaparatı Fərid Iranda alıb. Irana gedəndən bir-iki gün sonra bizə zəng eləyib dedi ki, burada fotoaparat çox ucuzdur, birini almışam. O telekanalda deyilənlərin hamısı əsassızdır. Onların səsini də vermədilər. Imkan vermədilər ki, camaat görsün onlar nə danışırlar.

Vidadi